Dekabrın 26-da Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib. Assambleyanın açılış mərasimində Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Omuraliyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, türk dövlətlərinin ölkəmizdəki səfirləri, iş adamları və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Assambleyada Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları, o cümlədən Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərliyin Azərbaycana keçməsi və birliyin qarşısında duran vəzifələr müzakirə edilib, çıxışlar dinlənilib və bir neçə qərar qəbul olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında münasibətlərin dövlət başçılarının əzmkar səyləri nəticəsində bu gün ən yüksək zirvədə olduğunu vurğulayıb, keçirilən tədbirin ticarət və iqtisadi əlaqələrin müzakirəsi, həm də türk dövlətlərinin birlik ruhunu, ortaq mədəniyyətini və iqtisadi tərəqqi yolunda əməkdaşlığı möhkəmləndirmək üçün vacib bir platforma adlandırıb. Qeyd edilib ki, enerji və nəqliyyat sahələrindəki əməkdaşlığın təkcə türk dövlətlərinin yerləşdiyi regionda deyil, eləcə də qlobal müstəvidə əhəmiyyətli dəyişikliklərə səbəb olub. E.Əliyev ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli investisiya iqlimi barədə tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın TDT üzvü olan ölkələrlə ticarət dövriyyəsinin dəyəri 6,3 milyard ABŞ dolları təşkil edib. Bunun 3,7 milyard ABŞ dolları isə Azərbaycanın ixracının payına düşüb.
Ümumilikdə 1995-2024-cü illərdə Azərbaycanın TDT üzv ölkələrlə qarşılıqlı investisiya qoyuluşunun məbləği təxminən 37 milyard ABŞ dolları təşkil edib. Bunun təxminən 17 milyard ABŞ dolları TDT ölkələrinin Azərbaycana, təxminən 20 milyard ABŞ dolları isə Azərbaycanın TDT ölkələrinə investisiya qoyuluşunun payına düşüb.
Türk Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu dünyada getdikcə geniş vüsət alan ticarət müharibələri qarşısında TDT üzv ölkələrinin birgə hərəkət etməli olduğunu vurğulayıb. O, türk dövlətləri arasındakı ticarətin artırılmasını, bunun üçün mövcud mexanizmin təkmilləşdirilməsini, eyni zamanda rəhbərlik etdiyi palatada bütün nəqliyyat modellərini əks etdirən bir alt komitənin yaradılmasını təklif edib.
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Orta Dəhlizdə yükdaşımanı asanlaşdıracaq rəqəmsal layihələr üzərində hazırda iş aparıldığını bildirib.
Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev qeyd edib ki, 2023-cü ildə TDT üzv ölkələrin qarşılıqlı ixracının dəyəri 2022-ci illə müqayisədə 22,6 faiz artaraq, 38 milyard ABŞ dolları təşkil etmişdir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edərək, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün türk dünyasının ölkəmizin yanında olduğuna və dəstək verdiyinə, xüsusən də qardaş Qazaxıstanın dövlət və özəl qurumlarının bu işdə yaxından iştirakına görə təşəkkürünü bildirib.
O, TDT ölkələrinin qarşılıqlı ticarət dövriyyələrinin artmasında dövlət başçılarının səmimi dostluq münasibətlərinin xüsusi rolu olduğunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk dünyasına verdiyi yüksək önəmi qeyd edib.
"Qlobal iqtisadi artımın 3,1 faiz olduğu halda türk dövlətlərində ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu rəqəmlər dinamik inkişafın və iqtisadi artım potensialının göstəricisi olaraq, türk dövlətlərinin iqtisadi blok kimi gücləndiyini göstərir", - deyə M.Musayev qeyd edib.
M.Musayev deyib ki, bu ilin yanvar-aprel aylarında TDT ölkələri arasında ümumi ticarət dövriyyəsinin dəyəri 508,8 milyard ABŞ dolları təşkil edib. Bu, proqnozlaşdırılan 16 trilyon ABŞ dolları dəyərində qlobal ticarət dövriyyəsinin 3,2 faizini təşkil edib. Bu göstərici regionun artan iqtisadi inteqrasiyasını, eləcə də qlobal təchizat zəncirlərində və bazarlarda genişlənən rolunu əks etdirir.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov TDT üzv ölkələrində sahibkarlığın innovativ inkişafına və iş prosesinə təsir edən faydalı modellərin, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi, araşdırılması, eyni zamanda tədqiqat aparılması məqsədilə dəstək mexanizmlərinin tətbiqini təklif edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev Türk Ticarət və Sənaye Palataları Birliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu söyləyib. O, bu platforma vasitəsilə qarşılıqlı investisiyalar yatırmağın və Türk İnvestisiya Fondunun imkanlarından istifadə etməyin əhəmiyyətini qeyd edib.
İclasda birliyə daxil olan Ticarət Palatalarının rəhbərləri çıxış edərək, gələcək planlar haqqında fikirlərini bölüşüblər. Eyni zamanda iclasda Şimali Kipr Ticarət və Sənaye Palatasının Türk Ticarət və Sənaye Palataları Birliyinə tam hüququ üzv olması ilə bağlı rəsmi müraciəti səslənib.
Sonra assambleya üzvlərinin səsverməsi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinə rəhbərlik Azərbaycana keçib. Birlikdə ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil etdiyindən bu missiyanı konfederasiya həyata keçirəcək.
Bu münasibətlə, birliyə daxil olan üzv ölkələrin Ticarət və Sənaye Palatalarının nümayəndələri Məmməd Musayev başda olmaqla Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını təbrik edərək, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıblar.