Sorğunun nəticələri İlham Əliyev dövlətçilik məktəbinin xalq tərəfindən qəbul edildiyini növbəti dəfə göstərdi
Müasir qlobal siyasi arxitekturanın fundamental böhranlar, beynəlxalq hüququn deqradasiyası və güc mərkəzlərinin amansız qarşıdurmaları ilə xarakterizə olunduğu bir dövrdə sabitlik, inkişaf və suverenlik adası kimi çıxış edən dövlətlərin uğur formulu xüsusi elmi-nəzəri və praktiki maraq doğurur. Dünyanın geosiyasi xəritəsində baş verən tektonik dəyişikliklər fonunda Azərbaycanın qazandığı tarixi zəfərlər, ərazi bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi prosesi təkcə regionun deyil, bütövlükdə qlobal siyasətin trayektoriyasını dəyişdirib.
Məhz buna görə böyük tarixi və siyasi reallığın memarı, Azərbaycan xalqının mütləq etimadını qazanmış Prezident İlham Əliyevin Ulu Öndərin siyasi irsinə əsaslanan dövlətçilik strategiyası bu gün hüquqi, siyasi və tarixi kontekstdə dərindən təhlil edilməli olan ən aktual mövzulardan biridir. Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, son ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 87,7 faizinin dövlət başçısına mütləq etimad nümayiş etdirməsi, 93,6 faizinin onun fəaliyyətini müsbət qiymətləndirməsi və 81,9 faizinin İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul etməsi riyazi-statistik göstərici yox, sosioloji, hüquqi və siyasi fəlsəfə baxımından dərin məna kəsb edir. Bu rəqəmlər Azərbaycan cəmiyyətindəki monolit birliyin, dövlət-xalq həmrəyliyinin və milli iradənin ali təzahürüdür. "Hüquq elminin və dövlət nəzəriyyəsinin ən fundamental prinsiplərindən biri hakimiyyətin mənbəyi və legitimliyi məsələsidir. Azərbaycan Respublikası Konstitusiyasının ilk maddəsində təsbit olunduğu kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin fəlsəfəsi məhz bu konstitusion prinsipə və milli maraqların ali müdafiəsinə əsaslanır. Məlumdur ki, siyasi nəzəriyyədə legitimlik konsepsiyası hüquqi-rasional, ənənəvi və xarizmatik əsaslara bölünür. İlham Əliyevin liderlik modeli bu tipologiyaların hər birini özündə birləşdirən bənzərsiz bir sintez təşkil edir. Azad, demokratik və şəffaf seçkilərdə xalqın verdiyi səslər hüquqi müstəvini, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məktəbinin varisliyi tarixi kökləri, böhran idarəçiliyi, misilsiz qətiyyət və xalqa verilən vədlərin tam icrası isə xarizmatik legitimliyi tarixin heç bir dövründə heç bir liderə müyəssər olmadığı qədər mütləq şəkildə təmin edir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, dövlət başçısının öz gücünü birbaşa xalqdan alması, xalqın iradəsini beynəlxalq tribunalarda ən yüksək səviyyədə ifadə etməsi hüquqi dövlətin dialektik vəhdətini yaradır. Hüquqi baxımdan etimad və dəstək göstəricilərinin bu qədər yüksək olması cəmiyyətdə dövlət təsisatlarına və şəxsən liderə qarşı heç bir yadlaşmanın olmadığının sübutudur. Bu, xalqla hakimiyyət arasında ictimai müqavilənin ən yüksək konsensus mərhələsidir. Aydındır ki, Prezident İlham Əliyevin xarici və daxili siyasət kursunun əsasını milli maraqların qorunması təşkil edir. Müasir beynəlxalq münasibətlər sisteminin iflic olduğu, güc amilinin ön plana çıxdığı indiki dövrdə tam müstəqil siyasət yürütmək böyük cəsarət, dərin strateji zəka və sarsılmaz iradə tələb edir.
Azərbaycanın xarici siyasəti heç bir güc mərkəzinin diktəsini qəbul etməyən, tamamilə bərabərhüquqlu tərəfdaşlığa və milli təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bir xətt üzrə inkişaf edir. Bu barədə danışan B.Məhərrəmov deyib ki, Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində prinsipial və qətiyyətli lider kimi tanınır: "Qoşulmama Hərəkatına uğurlu sədrlik dövründə Azərbaycanın neokolonializmə qarşı apardığı qlobal mübarizə, kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi ölkəmizi qlobal ədalətin səsinə çevirib. Hüquqi diplomatiya müstəvisində Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə istinad edib. Lakin digər tərəfdən, beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ikili standartlar ucbatından kağız üzərində qaldığını görən cənab İlham Əliyev real siyasət kontekstində güclü dövlət və güclü ordu konsepsiyasını reallaşdırdı. Dövlət başçısının özünün da qeyd etdiyi kimi, "biz beynəlxalq hüququ bərpa etdik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etdik". Bu yanaşma beynəlxalq hüquq presedentləri tarixində qızıl hərflərlə yazılmış yeni bir səhifədir. Aydındır ki, siyasi müstəqilliyin fundamental əsasını iqtisadi müstəqillik təşkil edir. Xarici yardımlardan, beynəlxalq maliyyə institutlarının diktə etdiyi şərtlərdən asılı olan dövlətlərin suverenliyi həmişə manipulyasiyaya açıq olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas hədəfi Azərbaycanı özü-özünü tam təmin edən qüdrətli dövlətə çevirmək idi və bu hədəfə tam nail olundu. Milli iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, nəqliyyat-logistika layihələrinin, o cümlədən "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılması Azərbaycanı Avrasiyanın mühüm tranzit və geosiyasi qovşağına çevirməklə ümumi iqtisadi tendensiyanı birmənalı şəkildə lehimizə dəyişən konfiqurasiya formalaşdırdı".
Deputat bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və nəhayət, "Cənub qaz dəhlizi" kimi meqalayihələr təkcə Azərbaycanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunu oynayır: "Məhz bu iqtisadi güc dövlətə imkan verdi ki, tamamilə müstəqil xarici siyasət yürütsün, müasir, ən son texnologiyalarla təchiz olunmuş qüdrətli ordu quruculuğunu başa çatdırsın və işğaldan azad edilmiş ərazilərdə heç bir xarici maliyyə yardımı almadan, milyardlarla dollar dəyərində olan "Böyük qayıdış" proqramını öz daxili resursları hesabına icra etsin. Cəmiyyətin rəy sorğularında dövlət başçısının fəaliyyətinə verdiyi yüksək qiymətin arxasında həm də bu sosial-iqtisadi sabitlik, makroiqtisadi dayanıqlılıq və vətəndaşların rifahının qorunması faktoru dayanır".
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində 44 günlük Vətən müharibəsi və keçirilmiş antiterror əməliyyatları dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün, beləliklə də, milli qürurumuzun, hərbi qüdrətimizin və tarixi ədalətin tam bərqərar olduğu zirvə nöqtəsidir. B.Məhərrəmov bildirib ki, 30 ilə yaxın müddətdə beynəlxalq aktorlar münaqişəni dondurulmuş vəziyyətdə saxlamağa, Azərbaycan xalqını torpaqlarının itirilməsi reallığı ilə barışmağa çalışırdılar: "Lakin milli iradənin yeganə təmsilçisi və milli maraqların barışmaz müdafiəçisi olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülhə və dialoqa inamını uzun müddət qorumaqla reallığı doğru qiymətləndirib həm hərbi, həm diplomatik, həm də informasiya cəbhəsində təkbaşına beynəlxalq erməni lobbisinə və onun arxasında duran qlobal güclərə qarşı mübarizə apardı. Xalqın mütləq əksəriyyətinin onu alternativsiz siyasi lider hesab etməsinin ən böyük səbəblərindən biri məhz onun bu titanik tarixi missiyanı uğurla tamamlaması, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağını ucaltmasıdır".
Vətən müharibəsi dövründə İlham Əliyevin xarici media resurslarına verdiyi çoxsaylı müsahibələr isə bu mübarizənin vacib bir hissəsi, dünya informasiya məkanında Azərbaycanın haqq səsini yayan müstəqil və çox uğurlu bir diplomatik hücum taktikası kimi tarixə düşdü. B.Məhərrəmovun sözlərinə görə, beynəlxalq hüququ dərindən bilən, tarixi faktlara əsaslanan Lider qarşısındakı qərəzli jurnalistləri və siyasətçiləri arqumentlərlə tərk-silah etdi: "Bu, hüquqi təfəkkürün və milli zəkanın informasiya müharibəsindəki parlaq qələbəsi idi. Həmin zəfərlə 30 illik işğala son qoyuldu, bir milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqları bərpa edildi və Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişdi. Prezident İlham Əliyevin qətiyyəti ilə Bakı məğlub subyektdən qlobal səviyyədə söz sahibi olan regional gücə çevrildi. Nəticə etibarilə bu gün Azərbaycan təkcə Cənubi Qafqazın yalnız şəksiz və mütləq lideri deyil, eyni zamanda qlobal miqyasda qərarların qəbul edilməsinə təsir göstərən strateji subyektdir. Bu mənada ölkəmizin evsahibliyi etdiyi irimiqyaslı beynəlxalq tədbirlər, humanitar forumlar və ən əsası qlobal iqlim diplomatiyasının zirvəsi olan mötəbər beynəlxalq konfransların Azərbaycanda keçirilməsi məhz qeyd edilən uğur və zəfərlər fonunda cənab İlham Əliyev şəxsiyyətinə və onun apardığı "yaşıl enerji", qlobal həmrəylik siyasətinə dünya birliyinin etimadının göstəricisidir".
B.Məhərrəmov vurğulayıb ki, çoxşaxəli fəaliyyəti təhlil edilərkən Prezident İlham Əliyevin nəhəng dövlətçilik strategiyasının şah əsəri və müasir urbanistika tarixinə qızıl hərflərlə yazılmış bəşəri miqyaslı bir missiyalarından biri olan "Böyük qayıdış" proqramından danışmamaq mümkün deyil: "Dövlət başçısının qətiyyəti sayəsində tamamilə daxili resurslar hesabına icra edilən bu nəhəng layihə otuz ilə yaxın müddətdə fundamental hüquqlarından məhrum edilmiş bir milyondan çox insanın öz doğma yurduna təhlükəsiz və ləyaqətli dönüşünü təmin edir. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, eləcə də sıfır emissiyalı "yaşıl enerji" zonalarının yaradılması qlobal iqlim dəyişikliyi ilə mübarizəyə statuslu bir töhfədir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə tam səsləşən bu proses minalanmış ərazilərin sürətli bərpası və yenidən qurulması baxımından dünya hərb və mülki idarəçilik tarixində analoqu olmayan sülh quruculuğu modelidir. Azərbaycan xalqı da dövlətin bu titanik quruculuq missiyasını, yurd həsrətinə son qoyan milli dirçəliş hərəkatını sonsuz minnətdarlıq hissi ilə izləyir və ən yüksək səviyyədə qiymətləndirir. Unutmamalıyıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun yenidən sözün əsl mənasında var edilməsi təkcə regional sabitliyin bərqərar olması deyil, həm də qlobal miqyasda xalq-iqtidar birliyinin və tarixi ədalətin təntənəsidir. Nəticə etibarilə "Böyük qayıdış" sadəcə, bir köç prosesi deyil, dağıdılmış şəhərlərin küllərindən xalqın monolit dəstəyi ilə yeni və modern bir sivilizasiya mərkəzi ucaldan bəşəri dirçəliş manifestidir".
Sorğuda iştirak edənlərin mütləq əksəriyyətinin İlham Əliyevi alternativsiz lider olaraq görməsi də cəmiyyətin məhz populist vədlərə deyil, real nəticələrə, tarixi xidmətlərə və gələcəyə yönəlmiş aydın baxışa səs verdiyini göstərir. Deputat bildirib ki, bu alternativsizlik siyasi rəqabətin yoxluğundan deyil, Prezident İlham Əliyevin ortaya qoyduğu miqyasın, xalq qarşısındakı tarixi xidmətlərinin və dövlətçilik dühasının əzəmətindən qaynaqlanır. Tarixin qanunauyğunluğudur ki, inkişaf, tərəqqi və rifah arzulayan xalqlar öz taleyüklü mərhələlərində yalnız və yalnız daxili və xarici təhdidləri neytrallaşdırmağı bacaran, milli ideyanı zəfərə daşıyan liderlərin ətrafında monolit şəkildə birləşməyə məhkumdurlar. Azərbaycan xalqı da öz Liderinin ətrafında məhz bu tarixi reallıqlar və faktlara əsaslanan inam fövqündə sıx birləşib. "Prezident İlham Əliyevin liderlik modeli - hüququn aliliyinə əsaslanan, güclü iqtisadiyyatla dəstəklənən, milli iradəyə güvənən və tarixi ədaləti zəfərlə taclandıran müasir dövlətçilik məktəbidir. Rəy sorğularının analitik mənzərəsi bir daha təsdiq edir ki, xalqımız səmimi şəkildə və haqlı olaraq öz Lideri ilə fəxr edir, onun daxili və xarici siyasətini tam dəstəkləyir. Çox sevindirici haldır ki, dəyişən tendensiyalar və mürəkkəbləşən qlobal gedişatda dövlətimizin parlaq gələcəyini istisnasız olaraq yalnız onun uzaqgörən rəhbərliyində görür. Çünki böyükdən uşağa bu bölgədə hər bir insana bəllidir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji təməllər ölkəmizi qoruyub saxladı və gücləndirdisə, Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsi bu təməlləri XXI əsrin ən qabaqcıl qlobal çağırışlarına uyğunlaşdıraraq respublikamızı postmünaqişə dövrünün və IV Sənaye İnqilabının yaratdığı tamamilə yeni bir inkişaf mərhələsinə daşıyıb. Müasir dünyada güc mərkəzlərinin amansız rəqabəti fonunda sabitlik adası kimi çıxış edən Azərbaycanın gələcək taleyi və davamlı tərəqqisi məhz bu və digər çoxsaylı amillər zəminində cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə bilavasitə bağlıdır", - deyə o bildirib.
B.Məhərrəmovun sözlərinə görə, bu gün ölkəmizin uzunmüddətli inkişafının qarantı olmasını şərtləndirən ən mühüm amillərdən biri rəqəmsal transformasiyaya və intellektual kapitala qoyulan investisiyadır: "Dövlət başçısının yürütdüyü siyasət milli iqtisadiyyatı "innovasiya və bilik iqtisadiyyatı" modelinə keçirir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, idarəçilikdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi Azərbaycanı regional texnoloji mərkəzə çevirməklə, gələcək nəsillərin qlobal rəqabətə davamlılığını təmin edir. Eyni zamanda dünya iqtisadiyyatının istiqamətini dəyişdiyi bir dövrdə Azərbaycan planetar miqyasda alternativ və bərpaolunan enerji mərkəzlərindən biri kimi yenidən mövqeləndirilir. Xəzər dənizinin və işğaldan azad edilmiş ərazilərin nəhəng "yaşıl enerji" potensialının işə salınması, Avropaya yeni enerji dəhlizlərinin çəkilməsi ölkəmizin gələcək onilliklərdə də qlobal sistemin əvəzolunmaz tərəfdaşı olaraq qalacağını tam sığortalayır. Dövlətin gələcək dayanıqlığı həm də idarəetmə aparatının çevikliyi və kadr islahatları ilə birbaşa mütənasibdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən institusional varislik siyasəti, gənc və peşəkar kadrların irəli çəkilməsi, meritokratiya və şəffaflıq prinsiplərinin hakim qılınması dövlət institutlarını hər cür daxili və xarici böhranlara qarşı hazırlıqlı edir. Üstəlik, "ASAN xidmət" kimi milli brendlərimizin dünyaya ixrac edilməsi və uğurlu humanitar diplomatiya ölkəmizin qlobal nüfuzunu qoruyan güclü bir "yumşaq güc" qalxanı formalaşdırıb".
B.Məhərrəmov vurğulayıb ki, Heydər Əliyev kursu Azərbaycan dövlətinin mövcudluğunun və xilasının fundamental düsturu idisə, İlham Əliyev strategiyası bu dövlətin gələcək əsrlərdə də rəqabətədavamlı, modern və sarsılmaz qalmasının əsas təminatıdır. Azərbaycan xalqının öz Liderinin ətrafında sıx birləşməsi və gələcəyə olan sarsılmaz inamı məhz bu praqmatik, uzaqgörən və hər bir vətəndaşın rifahına yönəlmiş təkamül fəlsəfəsinə söykənir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"