04 İyul 2026 08:50
1088
Səhiyyə
A- A+
Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir

Yayın sevimli ləzzəti nə vaxt təhlükəyə çevrilir


"Dondurma kababı" və ya "qızardılmış dondurma"nın aşırı qəbulu xərçəng riskini artırır


Yay mövsümünün əvəzolunmaz qidalarından biri olan dondurma həm uşaqların, həm də böyüklərin ən çox istehlak etdiyi məhsullar sırasındadır. Tərkibində süd, zülal, yağ, karbohidrat, vitamin və mineralların olması onu qida dəyəri yüksək məhsullardan birinə çevirir. Lakin bu üstünlüklər yalnız məhsul düzgün istehsal edildikdə, daşındıqda və saxlanıldıqda öz əhəmiyyətini qoruyur. Əks halda dondurma qida zəhərlənməsinə səbəb ola biləcək riskli məhsullardan birinə çevrilə bilər.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida mütəxəssisi Ağa SALAMOV bildirdi ki, dondurma süd məhsulundan hazırlandığı üçün qida təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən məhsullar kateqoriyasına daxildir. Onun sözlərinə görə, təhlükəsiz dondurmanın əsas şərti qida zəncirinin istehsaldan istehlakçıya qədər bütün mərhələlərində qorunmasıdır: "Təhlükəsizlik istehsal prosesindən başlayır. Südün keyfiyyətli seçilməsi, yağlılıq dərəcələrinin standartlara uyğun olması, süd və digər xammalın düzgün saxlanılması, emal zamanı sanitar-gigiyenik normalara ciddi əməl edilməsi son məhsulun təhlükəsizliyini şərtləndirən əsas amillərdəndir. Xüsusilə istehsalatda istifadə olunan avadanlıqların hər iş günündən sonra tam yuyulması və dezinfeksiya olunması vacibdir. Əgər avadanlıqlarda qida qalıqları qalarsa, növbəti istehsal zamanı çarpaz çirklənmə baş verir. Bu isə müxtəlif mikroorqanizmlərin məhsula keçməsinə və son nəticədə qida zəhərlənməsinə səbəb ola bilər. İstehsal mərhələsində yol verilən gigiyenik pozuntular sonradan nə daşınma, nə də marketlər tərəfindən aradan qaldırıla bilir. Buna görə də qida təhlükəsizliyinin əsası məhz istehsal müəssisələrində qoyulur və burada sanitariya qaydalarına maksimum səviyyədə riayət olunmalıdır".

İstehsaldan sonra soyuq qida zəncirinin qırılmaması ən vacib məsələlərdən biridir. Mütəxəssis qeyd edib ki, dondurmalar yalnız mənfi 18 dərəcə temperaturu təmin edən xüsusi soyuducu sistemlə təchiz edilmiş nəqliyyat vasitələri ilə daşınmalıdır. Məhsul mağazalara çatdırıldıqdan sonra isə qəbul prosesi mümkün qədər qısa müddətdə həyata keçirilməlidir. Əgər dondurma uzun müddət açıq havada və ya otaq temperaturunda qalarsa, ərimə prosesi başlayır və bu da məhsulu ciddi şəkildə təhlükə altına salır. Mağazalarda da dondurmaların saxlanması xüsusi nəzarət tələb edir. Soyuducuların temperaturu daim mənfi 18 dərəcədə saxlanılmalı, məhsullar soyuducuya həddindən artıq yığılmamalıdır. Çünki dondurmalar üst-üstə sıx yerləşdirildikdə içəridə hava sirkulyasiyası pozulur, soyuq hava bütün məhsullara bərabər paylanmır və bəzi dondurmalar tam donmur. Bu zaman onların yumşaq qalması mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır.

"İstehlakçıların özləri də bəzən bilmədən bu prosesə mənfi təsir göstərirlər. Marketdə istədiyi məhsulu seçərkən dondurucunun qapağını uzun müddət açıq saxlayan və ya ümumiyyətlə bağlamayan alıcılar digər məhsulların üst qatının əriməsinə səbəb olurlar. Sonradan qapaq bağlandıqda həmin məhsullar yenidən donur. Dondurmanın dəfələrlə əriməsi və yenidən donması isə onun keyfiyyətini kəskin şəkildə aşağı salır və mikrobioloji risk yaradır. Bir dəfə əriyib yenidən donmuş dondurmaların da istehlakı sağlamlıq üçün təhlükəlidir. Belə məhsullarda bağırsaq çöplərinin və digər mikroorqanizmlərin çoxalma ehtimalı artır. Bu isə qida zəhərlənmələri, ürəkbulanma, qusma, ishal və digər sağlamlıq problemlərinə səbəb ola bilər. İstehlakçılar dondurma alarkən ilk növbədə onun xarici görünüşünə diqqət yetirməlidirlər. Əgər məhsul öz formasını itiribsə, deformasiyaya uğrayıbsa, bu, onun əvvəlcə əridiyini, daha sonra yenidən dondurulduğunu göstərə bilər. Həmçinin dondurma yeyilərkən ağızda buz kristallarının hiss olunması da eyni problemin göstəricisidir. Belə məhsulların alınması və istehlakı tövsiyə edilmir", - deyə Ağa Salamov vurğulayıb.

Mütəxəssisin fikrincə, saxlanma müddəti dondurmanın növündən asılı olaraq dəyişir. Adi südlü dondurmalar təxminən bir ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli növlər bir ay yarım, plombir dondurmaları isə iki aya qədər saxlanıla bilər. Temperaturun tez-tez dəyişməsi məhsulun keyfiyyətinə ciddi təsir göstərir. Ərimə və yenidən donma prosesi zamanı dondurmanın strukturunda dəyişikliklər baş verir, mikrobioloji proseslər aktivləşir və məhsul sağlamlıq üçün təhlükəli hala gələ bilir. Buna görə də istehlakçılar alış-veriş zamanı dondurmanı ən sonda götürməli, evə çatdırılmasını gecikdirməməli və mümkün qədər tez dondurucuya yerləşdirməlidirlər.

Bütün bu risklərə baxmayaraq, keyfiyyətli və düzgün saxlanılmış dondurma faydalı qida məhsuludur. Qida mütəxəssisi xatırladıb ki, bu şirin təamın tərkibində protein, karbohidrat, yağlarla yanaşı, A, D, E, C və B qrupu vitaminləri mövcuddur. Bundan əlavə, maqnezium, fosfor, natrium, kalium, dəmir və sink kimi minerallar da orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən sağlam şəraitdə istehsal olunan və düzgün saxlanılan dondurma balanslı qidalanmanın tərkib hissəsi ola bilər.

Son illər sosial şəbəkələrdə müxtəlif dondurma təqdimatları və hazırlanma üsulları geniş yayılıb. Bunlardan biri də "dondurma kababı" və ya "qızardılmış dondurma"dır. Ağa Salamov bildirib ki, bu cür yanaşmalar daha çox reklam və marketinq məqsədi daşıyır və sağlam qidalanma prinsipləri ilə uyğun gəlmir. Onun sözlərinə görə, bu proses zamanı əsas təhlükə dondurmanın özündən deyil, onun üzərində istifadə edilən vafli və digər un məmulatlarının yüksək temperaturda yandırılmasından qaynaqlanır: "Belə hallarda akrilamid adlı kimyəvi maddə əmələ gəlir. Elmi araşdırmalarda bu maddənin uzunmüddətli və yüksək miqdarda qəbulunun xərçəng riskini artıra biləcəyi göstərilir. Buna görə də sosial şəbəkələrdə populyarlıq qazanan bu cür qidaların sağlam seçim hesab edilməsi düzgün deyil".


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!