"Azərbaycanın tranzit imkanları Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmağı tələb edir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Çin Tədqiqatçıları Assosiasiyasının sədri, qazaxıstanlı politoloq Kazbek Maigeldinov deyib.
O bildirib ki, Çin iqtisadiyyatının inkişafı müxtəlif sahələrdə istehsalın həddən artıq artımı ilə müşahidə olunur. Bu səbəbdən də Çinin olduqca böyük ixrac potensialı yaranıb. Çinin illik ixrac həcmi təxminən 3,77 trilyon ABŞ dolları təşkil edir. Qlobal ticarət profisiti 1,19 trilyon dollara çatan ölkə elektrik avtomobilləri, texnologiya, "yaşıl enerji" komponentləri, minerallar və istehlak malları başda olmaqla dünyanın ən nəhəng istehsal və ixrac gücünə sahibdir. Bunun üçün isə Çinə dünyanın müxtəlif regionlarına o cümlədən Avropa istiqamətində nəqliyyat dəhlizlərinin açılması olduqca zəruridir. Bu baxımdan Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin üçün həyati əhəmiyyət daşıyan bir marşrutdur: "Çinin müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın nəqliyyat infrastrukturuna sərmayə yatırması təsadüfi xarakter daşımır. Çin Orta dəhlizə Avropaya yüklərin təkcə tez çatdırılması üçün yol kimi deyil, eyni zamanda strateji xüsusiyyətə malik olan tranzit marşrutu kimi baxır. Şimalda və Cənubda baş verən hərbi münaqişələr Çin üçün Orta dəhlizi mühüm nəqliyyat marşrutuna çevirib. İlk növbədə Çindən Avropaya uzanan Orta dəhliz Qazaxıstan və Azərbaycandan keçir. Hər iki dövlət dinamik inkişaf edərək dünya trendindən nəinki geridə qalmırlar, əksinə, bir çox sahədə üstələyirlər".
Politoloq deyib ki, Azərbaycan tranzit ölkə olaraq üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Bakı limanının yükaşırma imkanının artırılmasından başlayaraq. Avtomobil və dəmir yollarını yenidən qurub. Ən başlıcası isə Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu modernləşdirib. 2024-cü ildə Orta dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülmüş işlər nəticəsində BTQ-nin illik yük-ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb və Çin ilə Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.
"Qazaxıstana gəldikdə isə demək lazımdır ki, ölkənin illik ixrac potensialı təxminən 79-81 milyard ABŞ dolları həcmində qiymətləndirilir. İxracın 50 faizdən çoxunu xam neft və neft məhsulları təşkil edir. Qazaxıstanın ixrac potensialının əsas komponentlərini radioaktiv kimyəvi elementlər (uran), emal edilmiş mis, mis filizi və ferroərintilər təşkil edir. Aqrar sektorun ixrac gəlirləri isə 7 milyard dollara çatıb. Ölkə taxıl ixracını son 10 ilin rekordunu qıraraq 11 milyon tona çatdırıb. Qazaxıstanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Niderlandır ki, bu ölkələrlə ticarət əlaqəsi yalnız Orta dəhlizlə mümkündür", - deyə o əlavə edib.
Kazbek Maigeldinov vurğulayıb ki, hər iki ölkənin ixrac potensialı və Azərbaycanın tranzit imkanları Orta dəhlizə yalnız iqtisadi dividend gətirən deyil, həm də siyasi zəmanət qazandıran layihə kimi yanaşmağı tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün əsasını yaradaraq Mərkəzi Asiya respublikaları ilə sıx iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirərək strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Regionda sabitliyin bərpası nə Çinin, nə də Avropanın nəzərindən qaçmır və qlobal siyasətdə fəal olan bu güc mərkəzləri dəhliz üzərindəki dövlətlərə obyektiv dəstək verəcəklər ki, bu, onların həm də siyasi qüvvəsini artıracaq.