Kəmərin operatorluğunun SOCAR-a ötürülməsi bu şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirir
Bir neçə gündən sonra Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tam sistem kimi işə salınmasının 20 ili tamam olacaq. Təkcə ötən iki onillikdə deyil, ümumiyyətlə, çəkilişinə aid həlledici sənədlərin imzalandığı 1998-1999-cu illərdən üzü bəri bu qlobal layihənin salnaməsində yaddaqalan bir çox mühüm hadisə baş verib.
Belə hadisələrdən biri də bu günlərdə baş verib. Belə ki, kəmərin operatorluğu BP şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə (SMO) keçib. Operatorluğun ötürülməsi BTC-nin hər üç hissəsini - Azərbaycan, Gürcüstan və Türkiyə hissələrini əhatə edir. Bundan əlavə, BTC ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar hazırda BP tərəfindən icra olunan ümumi fəaliyyətlərin operatorluğu da SMO şirkətinə keçir. Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul olunmuş müvafiq sazişlərə əsaslanır.
Ötürülmə Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla hər üç ölkədəki bütün ayrıca BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC-yə və CQBK-ya aid ümumi fəaliyyətləri əhatə edir. Bununla belə Səngəçal terminalının operatorluğu dəyişməz qalır. Bu obyektin operatorluğunu yenə də BP icra edəcək. BTC Co. şirkətinin səhmdarlıq strukturu da dəyişməyib. Onu da bildirək ki, BP şirkəti "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının, eləcə də Xəzər dənizindəki digər apstrim layihələrinin, o cümlədən "Qarabağ" yatağının işlənməsi, "Əşrəfi-Dan Ulduzu-Aypara" və "Şəfəq-Asiman" geoloji kəşfiyyat layihələrinin operatoru olaraq qalır.
BTC-nin tarixindəki növbəti yeniliklə bağlı BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli belə deyib: "Elan etdiyimiz mərhələ BTC layihəsi üçün əlamətdar bir hadisədir. Çox qürurluyuq ki, BTC-nin operatoru kimi onun uzun illərdir davam edən təhlükəsiz, etibarlı və yüksək səmərəli fəaliyyətinin icraçısı olmuşuq. İstər üç ildən artıq bir müddətdə boru kəmərinin üç tranzit ölkə ərazisində görünməmiş bir miqyasda və texniki baxımdan son dərəcə mürəkkəb tikinti prosesinə rəhbərlik etməyimiz olsun, istərsə də ondan sonrakı 20 ildən artıq bir müddətdə kəmərin səmərəli və təhlükəsiz istismarını təmin etməyimiz olsun. Bütün bu müddət ərzində BTC dünya bazarlarına etibarlı neft ixracı yolu kimi enerji təhlükəsizliyini gücləndirib".
BP-nin regional prezidenti əmin olduğunu bildirib ki, SOCAR da BTC əməliyyatlarının təhlükəsiz, etibarlı və mükəmməl icrasını davam etdirərək eyni dərəcədə yüksək standartları qoruyub saxlayacaq: "Biz də BTC və CQBK layihələrinin səhmdarı kimi SOCAR və digər tərəfdaşlarımızla sıx və uzunmüddətli tərəfdaşlığımızı davam etdirəcəyik. Həmçinin BTC sisteminin BP tərəfindən idarə olunduğu müddət ərzində göstərdikləri davamlı dəstək, əməkdaşlıq və etimada görə BTC Co. İdarə Heyətinə və bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk".
SOCAR-ın prezidenti Rövşən Nəcəf də sözügedən hadisə ilə bağlı fikirlərini bölüşüb: "Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanın uzaqgörən enerji strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisidir. Ötən iyirmi il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm töhfə vermiş, regional əməkdaşlığı gücləndirmiş və qlobal enerji təhlükəsizliyini artırmışdır. BTC-nin operatorluğunun BTC və CQBK sistemlərinin ümumi operatorluğu ilə birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən mühüm bir mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək".
Xatırladaq ki, bu il iyunun 8-dən müvafiq sazişlərə uyğun şəkildə Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası - GOGC) hökumətləri adından çıxış edən qurumlara geri təhvil verilmişdir.
"SOCAR Midstream Gas Operations" MMC (SOCAR MGO) 2015-ci ildən CQBK-nın kommersiya operatoru, 2021-ci ildən isə texniki operatorudur. Bu müddət ərzində BTC və CQBK üzrə ümumi fəaliyyətlərin idarə edilməsi SOCAR və BP arasında möhkəm əməkdaşlığa söykənib. Bu iki şirkət sıx işləyərək operatorluğun ötürülməsinin əhatə etdiyi bütün obyektlərin və əlaqədar fəaliyyətlərin təhlükəsiz və nizamlı şəkildə ötürülməsini, bu müddət ərzində boru kəməri əməliyyatlarının etibarlı və fasiləsiz davamını təmin etmişdir.
Onu da deyək ki, hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur. İndiyədək bu boru kəməri ilə ümumilikdə 4,7 milyard bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilib, 6271 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Flora SADIQLI,
"Azərbaycan"