Məlum olduğu kimi, bu ilin fevral ayında "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərə başlanılıb. Beləliklə, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunub.
Bu baxımdan iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da xüsusi əhəmiyyət daşıyır. İndi əsas məqsədlərdən biri günümüzün inkişaf amili hesab edilən süni intellekt və rəqəmsal transformasiya imkanlarından bütün sahələrdə səmərəli şəkildə yararlanmaqdır. Bununla da ölkə iqtisadiyyatının inkişafına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması hədəflənir. Bütün bunların həyata keçirilməsi üçün isə ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsi vacibdir.
Qeyd edək ki, "Kraudfandinq haqqında" qanun layihəsi artıq hazırlanıb. Layihənin məqsədi ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində təməl prinsiplərin və hüquqi çərçivənin formalaşdırılmasıdır. Sənəddə səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsasları müəyyən edilir. Yeni layihə eyni zamanda investorların müdafiəsi üçün xüsusi mexanizmlər formalaşdırır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar BAYRAMOV qəzetimizə açıqlamasında söyləyib ki, rəqəmsal inkişaf, eyni zamanda süni intellektin dəstəklənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir: "Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyeva da qeyd etdi ki, Azərbaycan artıq bu istiqamətdə regionun aparıcı dövlətlərindən birinə çevrilməyi hədəfləyir. Yol xəritəsinin təsdiqi də bu yöndə fəaliyyətlərin sistemli şəkildə keçiriləcəyindən xəbər verir. Bütün bunlarla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsi də vacibdir".
Deputat Milli Məclisə artıq "Kraudfandinq haqqında" qanun layihəsinin daxil olduğunu xatırladaraq bildirib ki, bu, yeni layihədir və özündə rəqəmsal maliyyə resurslarının genişlənməsini ehtiva edir. Həmçinin digər istiqamətlər, xüsusən süni intellekt, rəqəmsal inkişafla bağlı da qanunvericiliyin təkmilləşdirilməsi əsas hədəflərdəndir. "Bütövlükdə qlobal müqayisələr göstərir ki, süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir. Bu baxımdan bir sıra ölkələrdə süni intellekt iqtisadiyyatda xüsusi paya malikdir. Bu da nəticə etibarilə ekosistemdəki dəyişikliklərə uyğun olaraq, Azərbaycanda da süni intellekt, rəqəmsal inkişafın iqtisadiyyatda payının artması və bu istiqamətdə diversifikasiya meyillərinin güclənməsini gündəmə gətirir" deyən V.Bayramov vurğulayıb ki, həmin istiqamətdə həyata keçirilən fəaliyyətlər, sistemli tədbirlər bir tərəfdən iqtisadiyyatın şaxələnməsinə, digər tərəfdən isə iqtisadi artımın tempinin yüksəlməsinə, xüsusən bu sahədə yeni dəyərin yaradılmasına imkan verəcək və bu da ekosistemin keyfiyyətcə daha da yeniləşməsinə xidmət edəcək.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"