Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT PA) Gürcüstanda keçirilən 67-ci Baş Assambleyasında "Regional əməkdaşlığın təşviqində süni intellektin rolu: Qara dəniz regionunda innovasiya, əlaqəlilik və davamlı inkişaf" mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, parlament forumunda təşkilata üzv dövlətlərdən 100-dən çox nümayəndə iştirak edib. İştirakçılar regional əməkdaşlıq və iqtisadi inkişafda süni intellektin rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, müvafiq hesabatları dinləyib və üzv dövlətlərin parlamentləri üçün tövsiyələr qəbul ediblər.
Baş Assambleya çərçivəsində payız sessiyasının təşkilati məsələləri də müzakirə olunub, nümayəndə heyətlərinin tərkibi təsdiqlənib.
QDİƏT Parlament Assambleyasının vitse-prezidenti, Gürcüstan Parlamentinin qurumdakı daimi nümayəndə heyətinin rəhbəri İrakli Mezurnişvili bildirib ki, süni intellekt artıq həyatın ayrılmaz hissəsinə çevrilir. Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr logistika və ticarət sahələrində süni intellektdən daha səmərəli istifadə imkanlarını nəzərdən keçirirlər.
"Məqsədimiz süni intellektin imkanlarından elə istifadə etməkdir ki, dövlətlər arasında mövcud əlaqələr daha da möhkəmlənsin və bu, ölkələrin iqtisadi artımına birbaşa töhfə versin", – deyə İrakli Mezurnişvili vurğulayıb.
Qeyd edək ki, parlament forumu Gürcüstanın Şida Kartli bölgəsinin Kaspi bələdiyyəsinin Mepiskalaki kəndində keçirilib.
Tədbirdə Azərbaycanı Milli Məclisin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Kamran Bayramov və Səbinə Salmanova təmsil ediblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərlə bağlı çıxış edərək öz mövqelərini ifadə ediblər.