02 İyul 2026 08:55
130
Mədəniyyət
A- A+
Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı


O, səhnəyə addım atan dəqiqədən zaldakı bütün simalara işıq gəlirdi. Böyük sənətkarın bənzərsiz ifası və səmimiyyəti onu xalqın sevimli sənətçisinə çevirmişdi. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun aktyorluq üslubu özünəməxsusluğu və təkrarolunmazlığı ilə seçilirdi. 

O, təkcə mətnlə deyil, mimikaları və bədən dili ilə də danışmağı bacarırdı. Səhnədə gözlənilməz gedişlər edir, tamaşanı hər an canlı saxlayırdı. Musiqili komediya janrının tələb etdiyi vokal və ritm hissinə mükəmməl sahib idi. Aktyor səhnədə bütöv bir xalqın yumor fəlsəfəsini, Bakı koloritini və insan xarakterlərinin gizli tərəflərini yaşadırdı. Onun yumorunun mayası birbaşa xalqın içindən, folklorundan gəlirdi. Aktyorun teatr və kino tariximizə həkk etdiyi xarakterlər bu gün də ustad dərsi kimi qəbul olunur.

Hacıbaba Bağırov 1932-ci ildə Bakının qədim tarixə və adət-ənənələrə malik Maştağa kəndində anadan olub. Onun sənət yolu hamar başlamayıb. İncəsənətə olan böyük sevgisi onu hələ 1947-ci ildə Akademik Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib. Gənc yaşlarında Dəmiryol Məktəbində oxumaq məcburiyyətində qalıb və Biləcəri deposunda maşinist köməkçisi kimi ağır fiziki əməklə məşğul olub.

Lakin aktyorluq ehtirası onu yenidən səhnəyə qaytarıb, əvvəlcə Lənkəran, daha sonra Gəncə Dövlət Dram teatrlarında çalışıb, peşəkar təcrübə toplayıb. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə çalışarkən Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpkili rollar da oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim - həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" triologiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı, kino sahəsindəki fəaliyyəti də uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. 1974-cü ildə respublikanın Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. 1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Ömrünü sənətə fəda edən Xalq artisti 2006-cı ildə 74 yaşında Bakıda vəfat edib.


Sənət fədaisi


Hacıbaba Bağırov Azərbaycan teatrında öz məktəbini yaratmış nadir sənətkarlardandır. Teatr nəzəriyyəçilərinin dediklərinə görə, onun sənətkarlıq xüsusiyyətlərini şərtləndirən bir çox amil vardı. Əvvəla aktyor qəhrəmanlarını, sadəcə, güldürmək üçün deyil, onların daxili dünyasını, eybəcərliklərini və cəmiyyətdəki yerini açmaq üçün müxtəlif obrazlara həyat verirdi. Aktyorun komizmi düşündürücü və kəsərli satira üzərində qurulmuşdu. Onun səhnədəki bir baxışı, əl hərəkəti və ya duruşu tamaşaçıda bəzən dəqiqələrlə davam edən gülüş doğururdu. Səhnə hərəkətliliyindən maksimum istifadə edirdi. 

Musiqili komediya janrının ən çətin tərəfi musiqi ilə aktyor oyununun sintezidir. Hacıbaba Bağırov partituranı mükəmməl hiss edir, kupletləri və rəqsləri öz dramatik oyunu ilə elə birləşdirirdi ki, tamaşaçı heç bir sünilik hiss etmirdi. O, ssenariyə kor-koranə bağlı qalan aktyor da deyildi. Dramaturqun yazdığı mətni, sadəcə, icra edən dondurulmuş aktyor tipajlarına tamamilə zidd sənətkar idi. Onun irsinin ən böyük dərsi səhnədə mütləq azadlıq fenomenidir. Səhnə tərəf-müqabillərinin oyununa və zalın reaksiyasına uyğun olaraq anındaca yeni replikalar (improvizasiyalar) tapır və bu tapıntılar əksər hallarda tamaşanın ən yaddaqalan hissəsinə çevrilirdi. Yaratdığı obrazlar məsələn, Şirbala ("Şirbalanın məhəbbəti") saf, aşiq və hər addımda çətinliyə düşən daxili dramı olan komik personajdır. Məmmədəli ("Alma almaya bənzər") həyatın içindən gələn, hazırcavab Bakı sakini tipajıdır... Bir sözlə, səhnəyə gəlişi ilə tamaşaçının daxili dünyasını alt-üst edən, insanı eyni anda həm güldürüb, həm də dərindən düşündürən böyük sənətkar idi. 

Görkəmli aktyor həyat həqiqətlərini incə yumor, kəsərli satira və yüksək bədii zövqlə səhnəyə daşıyan sənət fədaisi idi. Onun milli teatr tariximizdə qoyduğu silinməz izlər, bənzərsiz aktyorluq məktəbi və unudulmaz tipajları bu gün də öz aktuallığını və bədii dəyərini qoruyub saxlayır.


Sənətkarlıq xüsusiyyətləri


H.Bağırovun teatrda və kinoda yaratdığı obrazlar, sadəcə, personaj olmaqla bərabər, canlı insani manifestlər idi. O, səhnədə bəşəri eybəcərlikləri, milli mentalitetin xırda kələklərini və insan psixologiyasının ən qaranlıq gizlinlərini elə bir səmimi yumorla estetik formaya salırdı ki, tamaşaçı öz eybini görüb acı-acı yox, rəhm edərək gülürdü. Hacıbaba Bağırov adı bu gün də teatrdakı tam sərbəstliyin, səmimiyyətin və ssenarinin çərçivələrini darmadağın edən "orijinal" sənətkarlığın sinonimidir". Aktyor Azərbaycan teatrında ssenari mətnini canlı orqanizmə çevirən və aktyor sərbəstliyinin sərhədlərini genişləndirən bir estetik məktəb qoyub getmişdir.

Rejissorlar və dramaturqlar onun üçün ssenaridə boş sahələr saxlayırdılar. Çünki Hacıbaba səhnədə tərəfdaşı ilə canlı təmas zamanı anındaca elə bir replika tapırdı ki, tamaşanın bədii çəkisi qat-qat artırdı. Aktyorun sənətkarlıq laboratoriyasının ən çətin tərəfi onun obrazlara yanaşma metodologiyası idi. O, mənfi və ya kələkbaz personajları birtərəfli, şablon "pislər" kimi oynamırdı. Onun ifasında Mitoş ("Hicran") və ya Möhsün ("Ulduz") cəmiyyətdəki neqativ tiplər olsalar da, sənətkar onlara insanı özünə çəkən şarm bəxş edirdi. Tamaşaçı onun qəhrəmanlarının fırıldaqlarına nifrət etmir, əksinə, insanın daxili zəifliklərinə, düşdüyü gülünc vəziyyətlərə rəhm edərək gülürdü. Bu, dayaz komizm deyildi, insan daxilindəki boşluqların sənətkar tərəfindən humanistcəsinə ifşası idi.

Musiqili teatrda aktyorun həm mahnı oxuması, həm rəqs etməsi, həm də obrazın daxili psixoloji sarsıntılarını çatdırması yüksək sənətkarlıq tələb edən sahədir. Böyük aktyorun irsində səssiz qaldığı anlar sözlərdən daha çox şey ifadə edirdi. Bircə dəfə gözünü qırpması, çiynini çəkməsi və ya səhnədəki spesifik yerişi bütöv bir sosioloji tipajı xarakterizə etməyə bəs edirdi. Hacıbaba Bağırov öz köklərinə - doğulduğu Maştağa mühitinə və Bakı folkloruna dərindən bağlı idi. Onun yaradıcılıq irsi həm də bir etnoqrafik xəzinədir. "Küçə səmimiyyəti teatrda" deyilən bir ifadə var. Bu Hacıbaba Bağırovun yaradıcılıq irsinə məxsus idi. O, xalqın içindəki canlı dili, Bakı küçələrinin bənzərsiz koloritini, jarqonları və frazeoloji birləşmələri akademik səhnə estetikasına zərər vurmadan teatra daşımışdı. Bu da onun oyununa xüsusi bir səmimiyyət və xalq peşəkarlığı gətirirdi.

Azərbaycan teatr tarixində aktyor üçlüyü çox olub, lakin Hacıbaba Bağırov, Nəsibə Zeynalova və Səyavuş Aslan üçlüyü teatrımızın gerçək və emosional yaddaşında tamamilə fərqli bir mərhələdir. Bu 3 nəhəng sənətkarın eyni səhnəni paylaşması, sadəcə, 3 aktyorun oyunu deyil, milli yumor və teatr estetikası dərsi idi. Sabit Rəhmanın müəllifi olduğu, Emin Sabitoğlunun musiqilər bəstələdiyi "Hicran" musiqili komediyası bu sənətkarların yaradıcılıqlarında ən yüksək nöqtə idi. 

Hər 3 sənətkarın yaradıcılıq irsindəki ən böyük ortaq cəhət mənfi xarakterləri xalqa sevdirmək bacarığı idi. Onlar birlikdə səhnəyə çıxanda tamaşaçı bu insanların toqquşmasını izləyirdi, zal nifrət etmək əvəzinə onlara heyran olurdu. Onlar mənfi obrazı estetik cəhətdən elə bir yüksək səviyyədə oynayırdılar ki, obrazın mənfiliyi sənətin gözəlliyinə çevrilirdi. Hacıbaba Bağırov, Nəsibə Zeynalova və Səyavuş Aslan üçlüyü Azərbaycan musiqili komediya teatrında partnyorluq mədəniyyətinin ən yüksək zirvəsidir. Onlar səhnədə bir-birlərinin rolunu oğurlamır, əksinə, bir-birnin istedadına güc-qüvvə verirdilər.

Hacıbaba Bağırovun sənət və yaradıcılıq irsi bu gün də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının divarlarında, lent yazılarına köçmüş filmlərimizdə və gənc aktyorların ondan əxz etdiyi improvizasiya cəsarətində yaşayır. O, Azərbaycan mədəniyyətinə komik obrazın daxili dramını kəşf edən böyük bir aktyorluq metodologiyasını miras qoymuşdur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tofiq Musayev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

09:48
02 İyul

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!