İnsanın yaşadığı həyatla gələcəyi arasında dayanıb öz-özünə sual verdiyi sonrakı addımlarını düşündüyü anlar az olmur. Bu gün ayrı-ayrı fərdlər deyil, bəşəriyyət özü məhz belə bir tarixi mərhələnin astanasındadır. İndi insanlar "bundan sonra necə yaşayacağıq, dünyanı hansı qüvvələr dəyişəcək, iqtisadiyyatımız hansı prinsiplərlə işləyəcək, insan əməyinin və biliyinin dəyəri necə dəyişəcək" kimi suallara cavab axtarırlar. Bu mərhələnin adı süni intellektdir.
Süni intellekt uzaq gələcəyin fantastik anlayışı deyil. Onun həyatımıza daxil olaraq telefonda, kompüterdə, bank sistemlərində, tibdə, təhsildə, kənd təsərrüfatında, sənayedə, nəqliyyatda və dövlət idarəçiliyində izlərini görmək mümkündür. Əvvəllər insanın saatlarla, günlərlə gördüyü bəzi işləri indi süni intellekt saniyələr və dəqiqələr ərzində yerinə yetirir. Məsələnin ən maraqlı tərəfi onun yalnız sürətli hesablamalar aparması deyil. Süni intellekt məlumatı təhlil edir, əlaqələr qurur, mətn yaradır, şəkil və səs hazırlayır, müxtəlif problemlərin həlli üçün variantlar təklif edir. Başqa sözlə, insanın qarşısında yeni bir texnoloji imkan yaranıb.
Burada mühüm bir həqiqəti unutmaq olmaz - süni intellekt insanın yerinə keçmək üçün deyil, ilk növbədə onun imkanlarını genişləndirmək üçün yaradılmış bir vasitədir. Bıçağın insanın əlində həm faydalı alət, həm də təhlükəli vasitəyə çevrilə bilməsi kimi, süni intellektin nəticəsi də ondan necə istifadə etməyimizdən asılıdır. Məsələ texnologiyanın özündən daha çox insanın ona münasibətidir. Süni intellektin iqtisadiyyata təsiri xüsusilə böyükdür. Dünya iqtisadiyyatında rəqabətin əsas meyarlarından biri təbii sərvətlər, ucuz əmək və istehsal gücü deyil, həm də məlumat, bilik, texnologiya və innovasiyanın getdikcə daha böyük əhəmiyyət qazanmasıdır. Hansı ölkə bu imkanlardan daha səmərəli istifadə edirsə, onun iqtisadi inkişaf üçün əlavə üstünlüklər qazanmaq şəraiti də artır. Azərbaycan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz iqtisadiyyatını şaxələndirmək, qeyri-neft sektorunun inkişafını sürətləndirmək, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, sənayeni müasirləşdirmək və insan kapitalını gücləndirmək istəyirsə, süni intellektdən kənarda qala bilməz. Təsəvvür edək ki, kənd təsərrüfatında süni intellektdən daha geniş istifadə olunur. Torpağın münbitliyi, hava şəraiti, su ehtiyatları, bitkinin vəziyyəti və məhsuldarlıq göstəriciləri təhlil edilərək fermerə daha dəqiq qərar vermək imkanı yaradılır. Hansı sahəyə nə qədər su verilməli, hansı vaxtda gübrələmə aparılmalı, hansı xəstəliyin təhlükəsi yarana bilər - bütün bunları əvvəlcədən müəyyənləşdirmək mümkün olur. Su qıtlığı və şoranlaşma kimi problemlərin mövcud olduğu ərazilərdə bu imkanın iqtisadi əhəmiyyəti daha da artır. Məsələn, Azərbaycanın kənd təsərrüfatında düyü, pambıq, taxıl, meyvə-tərəvəz və digər məhsulların istehsalında süni intellekt texnologiyalarından istifadə olunması təkcə məhsuldarlığın artmasına deyil, su və gübrədən daha səmərəli istifadəyə də şərait yarada bilər. Bu isə nəticə etibarilə fermerin gəlirinə, ölkənin ərzaq təhlükəsizliyinə və iqtisadiyyatın davamlılığına təsir göstərir.
Süni intellektin səhiyyədə də böyük imkanlar əldə etməsi heç kimdə şübhə yaratmır. Tibbi görüntülərin təhlili, xəstəliklərin erkən aşkarlanması, böyük həcmdə tibbi məlumatların işlənməsi və həkimlərin qərar qəbul etməsinə kömək edən sistemlər artıq dünyanın müxtəlif yerlərində tətbiq edilir. Burada da əsas prinsip dəyişmir - süni intellekt həkimi əvəz edən deyil, həkimin imkanlarını artıran vasitədir.
Təhsil sahəsində isə onun təsiri daha fundamental ola bilər. Hər bir şagirdin biliyi, öyrənmə sürəti və ehtiyacları fərqlidir. Süni intellekt müəllimə şagirdin hansı mövzuda çətinlik çəkdiyini müəyyənləşdirmək, fərdi tapşırıqlar hazırlamaq və tədris prosesini daha çevik qurmaq üçün kömək edə bilər. Texnologiyanın təhsilə daxil olması müəllimin rolunu azaltmamalıdır, əksinə, müəllimin biliyi, dünyagörüşü və insani münasibəti daha da qiymətli olmalıdır. Çünki uşağa insan kimi yanaşmağın mənasını yalnız insan özü izah edə bilər.
Süni intellekt əmək bazarını da dəyişir. Bəzi təkrarlanan işlərin avtomatlaşdırılması müəyyən peşələrə olan tələbatı azalda bilər. Eyni zamanda tamamilə yeni peşələr, yeni xidmətlər və yeni biznes sahələri meydana çıxır. Buna görə əsas məsələ "süni intellekt neçə iş yerini ləğv edəcək?" sualından daha genişdir. Günün sualı belədir - insanlar yeni iqtisadi reallığa hazır olmaq üçün hansı bilik və bacarıqlara yiyələnməlidirlər? Azərbaycanın gələcəyi baxımından bu sualın cavabı xüsusilə vacibdir. Biz gənclərimizə yalnız hazır peşələr öyrətməklə kifayətlənməməliyik. Onlara düşünməyi, araşdırmağı, texnologiyadan istifadə etməyi, məlumatı düzgün qiymətləndirməyi və yeni şəraitə uyğunlaşmağı öyrətməliyik. Çünki süni intellekt dövründə ən böyük üstünlük çox məlumat bilmək deyil, düzgün sual vermək, düzgün qərar qəbul etmək və əldə olunan nəticəyə tənqidi yanaşmaq bacarığı olacaq.
Süni intellektin təsir dairəsindən danışarkən müasir hərbi texnologiyaları da diqqətdən kənarda qoymaq olmaz. Son illər Azərbaycan Ordusunun müasir texnologiyalardan, xüsusilə pilotsuz uçuş aparatlarından səmərəli istifadəsi diqqətçəkən nümunələrdəndir. 2020-ci il 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir döyüş meydanında yalnız canlı qüvvənin və ənənəvi silahların sayı deyil, informasiyanın sürətlə əldə edilməsi, təhlili və dəqiq qərara çevrilməsi də böyük əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun PUA-lardan kəşfiyyat, müşahidə və zərbə məqsədləri ilə kompleks istifadə etməsi döyüş meydanında mühüm üstünlük yaratdı. Beynəlxalq hərbi ekspertlər də 2020-ci il müharibəsində Azərbaycan PUA-larının kəşfiyyat, hədəflərin müəyyənləşdirilməsi və uzaq məsafədən zərbə imkanlarında əhəmiyyətli rol oynadığını qeyd edirlər. Bu təcrübənin əsas dərsi ondan ibarət idi ki, yeni texnologiyaya sahib olmaq qədər ondan düzgün, vaxtında və məqsədyönlü istifadə etmək bacarığı da vacibdir. Bu gün isə həmin proses yeni mərhələyə keçir - süni intellekt PUA-ların məlumatları daha sürətli emal etməsinə, ərazini və görüntülərin təhlilinə, naviqasiya və digər funksiyaları avtomatlaşdırmasına imkan verən texnologiyalardan biri kimi inkişaf edir. Deməli, gələcəyin ordusunda texnoloji üstünlük yalnız silahın gücü ilə deyil, məlumatı nə qədər sürətlə və dəqiq emal edib qərara çevirə bilməklə də müəyyən olunacaq.
Bunlarla yanaşı, süni intellektin yaratdığı riskləri də görməzdən gəlmək olmaz. Yanlış məlumatın sürətlə yayılması, şəxsi məlumatların qorunması, saxta görüntü və səslərin hazırlanması, kibertəhlükəsizlik və texnologiyadan sui-istifadə kimi problemlər ciddi yanaşma tələb edir. İnsan yaratdığı texnologiyanın qarşısında məsuliyyətini itirməməlidir. Əslində, süni intellektlə bağlı qarşımızda çox mühüm bir sual var: texnologiya inkişaf etdikcə insan özü necə dəyişəcək? Bu suala cavab vermək yalnız proqramçıların, alimlərin və mühəndislərin işi deyil, həm də cəmiyyətin düşünməli olduğu məsələdir. Ölkəmiz süni intellekt yarışında yalnız texnologiyadan istifadə edən ölkə olmaqla kifayətlənməməlidir. Biz həm də bu texnologiyanı milli ehtiyaclarımıza uyğunlaşdıran, öz mütəxəssislərini yetişdirən, elmi potensialını gücləndirən ölkə olmağa çalışmalıyıq. Bunun üçün dövlət, biznes və elm arasında daha sıx əməkdaşlıq lazımdır. Süni intellekt üzrə biliklərin məktəbdən başlayaraq ali təhsilə, elmi tədqiqatlara və real iqtisadi layihələrə qədər uzanan vahid bir sistemə çevrilməsi mühüm əhəmiyyət daşıyır.
Bu gün süni intellektə yalnız "yeni texnologiya" kimi baxmaq kifayət deyil. O, iqtisadi münasibətləri, əmək bazarını, təhsili, səhiyyəni, kənd təsərrüfatını və insanların gündəlik həyatını dəyişdirən böyük bir texnologiyadır. Bu dönüşün istiqamətini isə insan özü müəyyən edəcək. Gələcəyin dünyasında üstünlük yalnız ən çox neftə, ən böyük zavoda və ya ən çox təbii sərvətə sahib olanlarda deyil, biliyi texnologiyaya, texnologiyanı isə insan rifahına çevirə bilən cəmiyyətlərdə olacaq.
Süni intellekt qarşımızda yeni bir qapı açır. O qapının arxasında həm böyük imkanlar, həm də ciddi məsuliyyətlər var. Əsas məsələ həmin qapıdan qorxu ilə deyil, düşüncə ilə keçməkdir. Azərbaycan bu yeni dövrün tamaşaçısı yox, fəal iştirakçısı olmalıdır. Çünki artıq süni intellekt gələcəyin texnologiyası olmaqdan çıxaraq bu günümüzün bir hissəsi sayılır. İndi isə əsas məsələ onun həyatımıza daxil olub-olmaması deyil, ondan necə istifadə edəcəyimizdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"