Niderland və Belçika parlamentlərinin qərəzli addımları və ermənipərəst ritorikası revanşist təfəkkürün son çırpıntılarıdır
Cənubi Qafqazda sülh və sabitliyin təməllərinin atıldığı, bölgədə yeni əməkdaşlıq üfüqlərinin yarandığı tarixi bir mərhələdə minlərlə kilometr uzaqlıqda gərginlik ssenariləri yazanlar var. Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər.
Aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçularının azadlığı və qondarma "erməni soyqırımı"nın tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə Azərbaycanı könüllü tərk etmiş Qarabağdakı ermənilərin geri qaytarılması tələb olunur.
Rəsmi Bakı təxribat xarakterli addımlara çox sərt reaksiya verib. Belçika və Niderlandın Azərbaycandakı səfirləri Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz sənədlərə qarşı kəskin etiraz ifadə edilib. Qətnamə sənədlərinin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq hazırlandığı, Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Azərbaycan Milli Məclisi də saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayıb və qətiyyətlə rədd edib. Qeyd olunub ki, bu təşəbbüslər Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyır. Ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı açıq təxribatdır.
Niderland və Belçika qanunverici orqanlarında ölkəmizə qarşı qərəzli münasibət ilk deyil. Buna bənzər təşəbbüslər dəfələrlə qeydə alınıb və artıq davamlı hal alıb. Bu, onu sübut edir ki, bəzi siyasi dairələr üçün beynəlxalq hüquq yox, lobbi maraqları daha üstündür. Azərbaycanın ərazi bütövlüyünü rəsmi səviyyədə tanıyan bu dövlətlərin paralel olaraq "humanitar qayğılar" adı altında separatçılığa və cinayətkarlığa bəraət qazandırmaq cəhdləri Avropa diplomatiyasındakı dərin ziddiyyətləri ifşa edir. Əslində, beynəlxalq normalar çərçivəsində hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Parodoks ondadır ki, rəsmi müstəvidə dövlət sərhədlərimiz tanınsa da, daxili proseslərə münasibətdə səsləndirilən bəyanatlarda fərqli və birtərəfli yanaşmalar müşahidə olunur. Niderland və Belçika parlamentlərinin Azərbaycan əleyhinə qəbul etdiyi son sənədlər məhz bu ikitərəfli oyunun növbəti pərdəsidir.
Bakıda həbsdə olan ermənilər hərbi əsir deyil. Onlar Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları çərçivəsində konkret terror aktları, işgəncə və separatçılıqda ittiham olunan və məhkəmə tərəfindən cəzalandırılan şəxslərdir. Çoxsaylı cinayətlər törətmiş şəxslərin azad edilməsi tələbi hüquqi prosesə siyasi müdaxilə və separatçılığa bəraət qazandırmaq cəhdidir.
Ərazilərimizi könüllü tərk etmiş ermənilərin geri qayıtması məsələsi də gündəmdən qalxmış, hətta rəsmi İrəvanın tamamilə qapatdığı mövzudur. Belə məqamda ermənidən daha çox erməni olanların könüllü köç faktını görməzdən gəlməsi və absurd tələbi Bakıya təzyiq rıçağı yaratmaq məqsədi daşıyır. Azərbaycan 30 il işğala məruz qalanda, əraziləri viran ediləndə, 1 milyon qaçqın və məcburi köçkünün hüquqları pozulanda bu parlamentlərin susqunluğu indiki aktivlikləri ilə kəskin təzad yaradır.
Digər məqam odur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün diplomatik səylərin artdığı bir vaxtda Avropadan gələn pozucu çağırışlar revanşist qüvvələri ruhlandırır və regionda gərginliyi artırır. Bu cür təşəbbüslər Ermənistandakı revanşistlərdə "beynəlxalq dəstək" illüziyası yaradaraq, onları sülh prosesini boykot etməyə sövq edir.
Niderland parlamentinin uydurulmuş "erməni soyqırımı"na müraciət etməsi məsələni siyasi müstəvidən çıxararaq ideoloji müstəviyə daşıyır. Bu, Türkiyə və Azərbaycana qarşı vahid təzyiq paketi formalaşdırmaq təşəbbüsüdür. Tarixi hadisələrin parlamentlər səviyyəsində siyasiləşdirilməsi müasir dövrün ən təhlükəli "yumşaq güc" alətlərindən biridir və siyasi şantaj xarakteri daşıyır.
Sənədlərdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətin hərbi baxımdan "riskli" dəyərləndirilməsi və bu "arqumentin" Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyət müddətinin uzadılması üçün əsas seçilməsi də siyasi manipulyasiyadan xəbər verir. 2024-cü ildən bu yana sərhəddə hər hansı ciddi hərbi insidentin baş verməməsi ən dinc dövrlərdən biri kimi xarakterizə olunur. Hətta Ermənistan rəsmiləri də bir çox halda sərhəddə vəziyyətin sabitliyini və eskalasiya riskinin olmadığını ictimaiyyətə bəyan ediblər. Parlamentarilərin "riskli vəziyyət" iddiası isə Ermənistanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir. Bu da ondan xəbər verir ki, bəzi dairələr Aİ missiyasının fəaliyyət müddətini uzatmaq üçün süni ehtiyac yaratmağa çalışırlar.
Qərəzli sənədlərin Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşündən sonra qəbul edilməsi regiondakı real dialoqa kölgə salmaq və tərəfləri yenidən qarşıdurma ritorikasına sövq etmək cəhdidir. Belçika tərəfinin sənədində Vaşinqton görüşlərinin və sülh sazişinin paraflanmasının qeyd edilməməsi qərəzli qətnamə müəlliflərinin gərginliyin saxlanmasında maraqlı olduqlarını göstərir.
Bu yanaşma təkcə Azərbaycana yox, Cənubi Qafqazın gələcək sülh memarlığına qarşı sabotajdır. Lakin reallıqdan qopuq, hüquqdan uzaq və qərəzlə yoğrulmuş bu addımlar Cənubi Qafqazda yaranan yeni status-kvonu qəbul edə bilməyən köhnə təfəkkürün son çırpıntılarıdır. Niderland və Belçika parlamentlərinin qəbul etdiyi sənədlər elə özlərinin arxivlərində kağız parçası kimi qalacaq. Qərəzli addımlar həqiqəti dəyişmir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, beynəlxalq ədaləti yoluna qoyub. Qərəzli dairələr anlamalıdırlar ki, Bakı ilə təzyiq dilində danışmaq cəhdləri hər zaman uğursuzluğa məhkumdur. Cənubi Qafqazın gələcəyi regiondan kənar güclərin tələbləri ilə deyil, Bakı və İrəvanda atılan addımlarla formalaşır.
İsmayıl QOCAYEV,
"Azərbaycan"