Hər şəhərin özünəməxsus taleyi var. Bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınır, digərləri talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olur, bəziləri isə əlverişli təbii-iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığının inkişafına görə çiçəklənərək şöhrət qazanır. Bakı məhz sonunculardandır.
İçərişəhərin ən hündür yerində yerləşən Şirvanşahlar sarayı həm dövlətçilik tariximizin rəmzi, həm də Bakı xanlarının iqamətgahı kimi dövrünün dövlətçilik – idarəçilik simvoludur. Bu saraya mülk və ya ev demək düzgün olmaz. Orta əsr memarlığının şah əsərlərindən olan “Şirvanşahlar Saray Ansamblı” bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində Şirvanşahlar Sarayı ucaldılır.
Sarayın ansamblı 9 tikilidən - Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Keyqubad məscidindən, saray türbəsindən, hamam və ovdandan ibarətdir. Kompleks binaların biri digərindən 5,6 metr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün saray vahid memarlıq planına malik deyildir. Lakin buna baxmayaraq, binalar təzad təşkil etmirlər, əksinə, biri digərini gözəlləşdirir. Ən müxtəlif nöqtələrdən baxarkən tikililərin saray ansam-blının tərkib hissələri olduğu aydın görünür.
Saray binası
Saray 2 mərtəbəli düzbucaqlı formaya malik bir binadır. Onu yaxşı işıqlandırmaq üçün binanın cənub-şərq bucağı girintili-çıxıntılı hazırlanmışdır.
İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si birinci, 25-ci isə ikinci mərtəbədə yerləşirmiş. Otaqlar simmetrik şəkildədir. İkinci mərtəbə tağ tavanla örtülmüş şahın özü və ailəsinin otaqları idi. Bu mərtəbənin pəncərələri Bakı buxtasının gözəl mənzərəsinə açılır. Onları daş şəbəkələr daha da gözəlləşdirir. Mərtəbələr arasında əlaqələr 2 ensiz pilləkən və 8 bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hazırda ikinci mərtəbədə cəmi 16 otaq vardır. Girişdəki 8 guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Qalan 14 otaq da bərpa edilmişdir.
Divanxana
Divanxana kompleksi yuxarı həyətdə yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişmişdir. Tədqiqatçıların fikrincə, belə bir ehtimal var ki, Şirvanşah Fərrux Yasər Divanxana kompleksini özü üçün məqbərə olaraq tikdirmişdir.
Lakin tikinti işləri başa çatmamışdır. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Sütunlu yer tanınmış feodalların yığıncağı üçün təyin olunubmuş. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş vardır.
Rotondanın (dairəvi sütunlu tikili) da 2 giriş qapısı vardır. Qərb girişi uca və nəfis işlənmiş portal ilə seçilir. Portalın çərçivəsində 2 ədəd 6 guşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Tədqiqatçılar yazırlar ki, romblardan ikisinin üzərində “Allahdan başqa Allah yoxdur”, digərində “Məhəmməd Allahın elçisidir”, sonuncuda isə “Əli Allaha yaxındır” sözləri yazılıb. Sağ tərəfdəki 6 bucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində “Allah təkdir”, digər 6 ədədinin üzərində isə “Məhəmməd” sözləri yazılmışdır. Portalla yanaşı, rotondaya gedən daxili keçid də gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda Quranın 10-cu surəsi (Yunus surəsi 25, 26, 27-ci ayələr) yazılmışdır. “Uca və pak olan Allah dedi: Allah xalqı behiştə çağırır və istədiyi şəxsi düz yola hidayət edir, ona düz yol göstərir. Yaxşı və gözəl əməl sahiblərindən ötrü əcr və savab vardır. Onların üzərini günah pərdəsi örtmədiyi kimi, zəlil də olmazlar, onlar əhlidildirlər, həmişəlik orada qalacaqlar. Allah doğru deyir”. Burada bədiilik effekti hörgünün xüsusiyyətindən asılı olaraq işıq-kölgə oynaqlığı ilə verilir. Rotonda tağlarının oxları üzərində 6 bucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq və 3 oyuq formada “Əli” adı həkk olunmuşdur. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki müharibələr dövründə dayandırılıb.
Divanxananın memarlıq üslubunun kamilliyi, ornamentlərin yüksək dərəcədə hazırlanma səviyyəsi Azərbaycan xalqının zəngin memarlıq irsinə malik olduğunu göstərir. Bura gözəlliyinə və incəliyinə görə nəinki Azərbaycanın, həm də Yaxın Şərqin uyğun memarlıq abidələrənin şah əsəri sayılır.
İradə ƏLİYEVA,
“Azərbaycan”