Onun boya-başa çatdığı ailədə nə musiqiçi olub, nə də musiqi aləti. Ancaq musiqiyə sonsuz sevgi ruhunda böyüyüb Oqtay Rəcəbov. Xüsusilə anasının oxuduğu laylalar, onun musiqiyə böyük məhəbbəti gələcəyin bəstəkarının mənəvi aləmində dərin izlər buraxıb...
Oqtay Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda dünyaya göz açıb. Valideynləri pedaqoq olub. Anası coğrafiya, atası isə riyaziy-yat müəllimi idi. 1948-ci ildə Bakıdakı 31 saylı məktəbin 1-ci sinfinə gedən Oqtayı həm də Bakıdakı 1 saylı Uşaq Musiqi Məktəbinin skripka sinfinə qoyublar. Skripka alətində ifa etməyi öyrəndikcə musiqiyə heyranlığı daha da artıb.
Evlərində piano yox idi. 10 yaşı olanda ona köhnə bir piano alıblar. Həmin piano Oqtay Rəcəbovun ən böyük məşğuliyyətinə çevrilib. Vaxtı olan kimi onun arxasına keçib.
Orta məktəbi bitirdikdən sonra daxil olacağı ali təhsil müəssisəsini atasının təkidi ilə seçib. Oqtay Rəcəbovun ixtisasca riyaziyyatçı olan atası istəyirdi ki, oğlu onun yolunu davam etdirsin. Odur ki, gənc Oqtay 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika və istehsalatın əsasları fakültəsinə daxil olub. 1963-cü ildə həmin institutu bitirib. Azərbaycan EA-nın Fizika İnstitutunda aspirant təhsili almağa başlayıb.
Aspiranturanın ikinci kursunda oxuyanda bir gün Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Fikrət Əmirovla qarşılaşıb. Oqtay Rəcəbov illər sonra həmin görüşü belə xatırlayıb: “O, məndən nə işlə məşğul olduğumu soruşdu. Dedim ki, Fizika İnstitutunda aspiranturanın ikinci kursunda oxuyuram. Lazer şüaları ilə əlaqədar dissertasiya yazıram, elmi işimin xeyli hissəsi də artıq hazırdır. Amma laboratoriyada otura bilmirəm. O, mənə belə cavab verdi: “Siz fiziklər atom bombası yaradıb dünyanı məhv etmək istəyirsiniz. Biz liriklər isə insanları gözəlliyə, gözəlliklər yaratmağa cəlb edirik. İndi sən özün fikirləş, hansından olmaq istəyirsən?” Mən həmin gün Fizika İnstitutuna gedib aspiranturadan çıxmaq haqqında ərizə verdim”.
Əslində, uzun illər çəkdiyi zəhmətin bəhrəsini görməyə, elmi ad almağa yaxın olduğu vaxtda belə bir qərar vermək asan məsələ deyildi. Ancaq musiqiyə vurğunluğu o qədər böyük idi ki, qəlbi yeni planların, xoş xəyalların həyəcanı ilə sanki köksünə sığmırdı. Artıq ali məktəblərə sənədlərin qəbuluna başlanılmışdı. O da sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verib imtahanlardan uğurla keçərək konservatoriyanın Bəstəkarlıq şöbəsinə daxil oldu. Xalq artisti, Dövlət mükafatları laureatı Cövdət Hacıyevin sinfinə düşdü. Sonralar müəllimi haqqında deyib: “Cövdət Hacıyev mənim yaradıcılığımda çox böyük iz qoyub. Bir müəllim, bir bəstəkar kimi mən həmişə ona səcdə etmişəm”.
Oqtay Rəcəbov 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 116 saylı axşam məktəbində fizika, 1 saylı musiqi məktəbində isə musiqi fənlərindən dərs deyib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləyib. Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) Azərbaycan xalq musiqisi kafedrasının professoru olub.
Onun təklifi və məsləhəti ilə Bakıda Respublika İncəsənət Gimnaziyası adlı tədris ocağı yaradılıb. Oqtay Rəcəbov 10 il həmin təhsil ocağına rəhbərlik edib. 1978-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan, geniş tamaşaçı audoriyası toplayan “Məktəblilərin musiqi klubu” verilişinin yaradıcısı və aparıcısı da professor Oqtay Rəcəbov olub.
Bəstəkarın yaradıcılığı müxtəlif janrlarda yazdığı əsərlərlə zəngindir. Oqtay Rəcəbovun "Atatürk" operası, “Göyçək Fatma" cizgi film-operası, “Xeyir və Şər”, “Sərçəcik” uşaq operaları, “Əlin cibində olsun”, “Şeytanın yubileyi” musiqili komediyaları, 4 saylı simfoniyası, simli orkestr üçün 5 saylı simfoniyası Azərbaycan musiqi sənətində özünəməxsus yer tutur. O, həmçinin bu gün də tamaşaçılar tərəfindən maraqla qarşılanan 20-dək filmə musiqi bəstələyib. Oqtay Rəcəbov pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.
Onun Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək dəyərləndirilib. Əməkdar müəllim (1987), Əməkdar incəsənət xadimi (2019) adlarına layiq görülüb, “Tərəqqi” medalı (2006) ilə təltif olunub.
Görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov 2022-ci il dekabrın 15-də dünyasını dəyişib.
Oqtay Rəcəbovun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində qoyduğu izlər silinməzdir. Bəstəkarın müxtəlif janrlarda yazdığı əsərləri yalnız ölkəmizdə deyil, xarici ölkələrdə də uğurla səsləndirilir. Onun sevilə-sevilə ifa edilən, özünəməxsus, bənzərsiz əsərləri indi də musiqisevərlər tərəfindən böyük maraqla qarşılanır. Oqtay Rəcəbovun mahnıları bu gün də dillər əzbəridir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"