Əhalinin məşğulluğunun təmin edilməsi daim gündəmdədir
2004-cü ildə regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb. Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb.
Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə daxili ehtiyat mənbələrindən geniş istifadə olunur. Bir sözlə, Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olan məsələdir. Bu, Prezident
İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir.
Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də təsdiqləyir. Təkcə keçən il ölkədə 71,3 min yeni iş yeri yaradılıb. Onlar həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. İş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb.
İlkin məlumatlara əsasən, cari ilin ikinci yarısının başlanğıcında Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olub. Onlardan 4 milyon 934,5 min nəfəri məşğul əhalidir.
Bu il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 898,6 min, qeyri-dövlət sektorunda 827,7 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 694,6 min nəfər cəmləşib.
Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir.
Məşğulluğun artmasında sahibkarlığın rolu danılmazdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 4,4 faiz artaraq 190 min 813 olub. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,9 faizini mikro sahibkarlıq, 5,6 faizini kiçik sahibkarlıq, 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib. İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb.
Əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır. Prezidentin tapşırığı ilə bu proqramların icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.
Elə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi "Özünüməşğulluğa dəstək-2023" layihəsi üzrə işsiz şəxslər üçün kiçik bizneslərin yaradılmasına başlanıb. Layihə çərçivəsində artıq 70 işsiz şəxsə biznes planlarına uyğun aktivlər verilərək kiçik biznesləri yaradılıb. Onların əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.
Özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rol oynayan "Özünüməşğulluğa dəstək" layihəsinə 23 bank qoşulub.
2020-2021-ci illərdə həssas qruplardan ibarət 1500-dək şəxs üçün kiçik bizneslərin yaradıldığı layihənin bu il daha 300 işsiz şəxsi əhatə etməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" iştirakçılarına biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə də start verilir. 2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.
Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
Məşğulluqdan bəhs edərkən daha bir neçə faktı nəzərə çatdırmaq yerinə düşər. Belə ki, məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.
Bu ilin 6 ayında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 1 faiz və ya 18,5 min müqavilə artaraq 1 milyon 765 minə çatıb. Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da artması ilə nəticələnib. 2023-ci ilin yanvar-iyun aylarında əməkhaqqı fondunda daha 10 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Flora SADIQLI,
"Azərbaycan"