Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibətilə təntənəli tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə iştirak edən DSX-nin, Elm və Təhsil Nazirliyinin, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirilən tədbir dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin qorunub, gələcək nəsillərə çatdırılması istiqamətində müəyyən etdiyi siyasi kursun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Xüsusi qeyd edilib ki, müasir və qüdrətli Azərbaycanın memarı olan Ulu Öndərin ideyaları bu gün də dövlətimizin inkişaf strategiyasının əsasını təşkil edir və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.
Respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdinin cəlb olunduğu “Sərhəd” hərbi-idman oyunlarının ilk iki mərhələsinin yekunlarına görə 11 komanda aprelin 30-dan mayın 5-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralılara yardım göstərilməsi və təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Sıra hazırlığı”, “Tək əsgərin döyüşdə hərəkət üsulu” və “Hərbiləşdirilmiş estafet” üzrə bilik və bacarıqlarını göstəriblər.
“Sərhəd” hərbi-idman oyunlarının keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidmət və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları təşkil edilib.
Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Musalı” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Şəmkir rayonunun “Mübarizlər” komandası isə üçüncü yeri tutub.
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak edən komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib.