Bu, Prezident İlham Əliyevin iqtisadi islahatlarının ayrılmaz bir hissəsidir
Məlum olduğu kimi, Azərbaycan dünyanın ən qədim neft ölkəsidir. İstər sovetlər birliyi dönəmində, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatında neft sənayesinin xüsusi rolu olub. Bu gün də ölkəmizin əsas gəlir mənbəyi neft-qaz sektorunun hesabına formalaşır. Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra ölkənin hərtərəfli inkişaf strategiyasını həyata keçirmək barədə qərar qəbul etdi. Bunun üçün ölkədə geniş sosial-iqtisadi islahatların həyata keçirilməsinə başladı və bu proses indi də davam edir.
İcra olunan islahatların hədəfi ölkədə dayanıqlı qeyri-neft-qaz sənayesini yaratmaq idi. Ötən dövrdə ölkəmizdə minlərlə kiçik, orta və iri sənaye müəssisəsi yaradıldı. Belə müəssisələr təkcə ölkənin paytaxtında deyil, regionlarda da fəaliyyət göstərir. Bu da regionların inkişafına, orada yaşayan əhalinin sosial rifahının yaxşılaşmasına imkan yaradıb. Xüsusilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları bu işdə önəmli rol oynadı. Dövlət başçısının əsas məqsədi Azərbaycanı sənaye ölkəsinə çevirməklə onun hərtərəfli inkişafını təmin etməkdir. Bununla bağlı Prezident İlham Əliyev elmi təhlillərə əsaslanan müxtəlif konsepsiya və proqramların qəbuluna üstünlük verdi.
Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynadı. Bununla yanaşı, dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət strategiyasıdır.
Ölkənin hərtərəfli inkişafı və sənayeləşdirilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil etmişdir. Bu müddətdə ölkə iqtisadiyyatı 3, dövlət büdcəsinin həcmi 20, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfədən çox artmışdır. Ötən 21 ildə həmçinin sahibkarlıq subyektlərinin sayı 3 dəfədən çox artmış, özəl bölmənin ümumi daxili məhsulda (ÜDM) payı 83, məşğulluqda payı isə 78 faizdən artıq olmuşdur. Təkcə cari ilin 8 ayında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 7 faiz artmış, əhalinin hər nəfərinə düşən ÜDM təxminən 8 min manata bərabər olmuşdur. Bu dövrdə sənaye müəssisələri və həmin sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ölkədə 42,4 milyard manatlıq sənaye məhsulları istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı qeyri-neft-qaz sektorunda 7,8 faiz artmışdır.
Azərbaycanda dayanıqlı inkişafı və əhalinin sosial rifahının təminatında sənayenin xüsusi payı var. Elə həyata keçirilən iqtisadi islahatların əsas hədəflərindən biri də Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirməkdir. Bununla bağlı konkret addımlar atılır, əməli tədbirlər görülür. Qısa dövr ərzində ölkəmizdə 6 sənaye parkı və 4 sənaye məhəlləsinin yaradılması, onların fəaliyyətinin təşkili, idarə olunması bunun təsdiqidir. İndiyədək sənaye zonalarına yerli və xarici investorlar tərəfindən 6 milyard manatdan çox sərmayə yatırılıb, bu zonalarda 100-dən çox müəssisə rezident kimi qeydiyyatdan keçib, 60-dan artıq istehsal sahəsi yaradılıb. Sənaye parkları və məhəllələrində investorlar üçün yaradılan münbit şərait yerli sahibkarlarla yanaşı, xarici sahibkarları da özünə cəlb edir. Təsadüfi deyil ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələrdən 5-dən çoxu xarici investorlara məxsusdur. Növbəti illərdə sənaye zonalarındakı mövcud layihələrə sahibkarlar tərəfindən daha çox investisiya yatırılması proqnozlaşdırılır. Bunun sayəsində isə həmin zonalarda istehsal edilən sənaye məhsullarının çəkisi və çeşidi artacaq. Onu da xatırladaq ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, o cümlədən istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bununla yanaşı, rezidentlər dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilirlər.
Bütün bunlar ilk növbədə ölkədə qeyri-neft-qaz sənayesinin inkişafına xidmət edir. Üstəlik, sənaye zonalarında sahibkarlar tərəfindən ən son texnologiyalardan istifadə olunması keyfiyyət və maya dəyəri baxımından istehsal edilən məhsulların xarici bazarlara ixracına imkan yaradır. Son dövrlər ölkədən dünya bazarına qeyri-neft-qaz məhsullarının ixracının artması da bununla bağlıdır.
Məlumdur ki, hər bir sahənin inkişafı investisiya qoyuluşu tələb edir. Ona görə də dövlət qeyri-neft-qaz sənayesində çalışan sahibkarlara dəstək verir, o cümlədən onlara güzəştli kreditlərin əldə edilməsində yardımçı olur. Bundan əlavə, sənaye parkları və sənaye məhəllələrində fəaliyyət göstərən yerli və xarici sahibkarlar qeyd olunduğu kimi, bir çox vergi və rüsumlardan azad edilməklə yanaşı, əlavə güzəştlərdən də istifadə edirlər. Dövlətin bu səviyyədə dəstəyi sahibkarların sözügedən sektorda fəaliyyətlərini genişləndirmələri üçün stimul verir.
Yeri gəlmişkən qeyd edək ki, Prezidentin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiyanı həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Xatırladaq ki, hələ 2020-ci il yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Bunun əsasında MDB məkanında ilk dəfə Azərbaycanda sözügedən mərkəz yaradılıb ki, bu da ölkəmizi rəqəmsal və texnoloji regiona çevirmək məqsədindən irəli gəlir.
Rüstəm KAMAL,
"Azərbaycan"