26 Iyul 2024 18:43
153
SİYASƏT
A- A+

Şəkidə keçirilən seminar-müşavirədə Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 26-da Şəki şəhərində keçirilən regional seminar-müşavirədə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər ətraflı müzakirə olunub.

Seminar-müşavirədə MSK-nın və Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkəmizin şimal-qərb bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri, şəhər və rayon polis şöbələrinin məsul əməkdaşları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir MSK-nın üzvü Bəxşeyiş Əsgərov və Şəki Şəhər Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Tural Məmişovun açılış nitqləri ilə başlayıb. Bildirilib ki, Milli Məclisə seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir.

Qeyd olunub ki, Azərbaycanda hökm sürən sabitliyin, demokratik prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu əvvəlki seçkilər kimi, Milli Məclisə seçkilərin də azad, ədalətli və şəffaf keçəcəyini, vətəndaşların konstitusion hüquqlarının təmin olunacağını tam əminliklə deməyə əsas verir.

Sonra MSK-nın üzvü Tofiq Həsənov “Seçki subyektləri, onların hüquq və vəzifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. Belə seminar-müşavirələrin seçki hüququnun həyata keçirilməsində ictimaiyyətin, seçicilərin, bütün seçki subyektlərinin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyəti var.

Seminar-müşavirədə daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda təqdimatla çıxış edib.

Diqqətə çatdırılıb ki, seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq. Seçki bülletenləri saxlanılan dairə və məntəqələrin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.

Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video