07 Dekabr 2024 09:00
582
Mədəniyyət
A- A+
Sehrli xalçalar

Sehrli xalçalar


İllər əvvəl beşyaşlı bir qızcığaz səssizcə oturub xalça toxuyan anasının al-əlvan iplərlə ərişləri necə məharətlə bəndə saldığına baxardı...

İlmələrdən yaranan çinlər yavaş-yavaş boy verdikcə, xalçanın üzərində füsunkar mənzərələr yaranar, onun da düşüncələri güllərdən pərvazlanan rəngarəng kəpənəklərə qoşularaq bu çəməndən o çəmənə dolaşardı... 

Sonra qızcığazın gözləri yavaş-yavaş yumular, qulaqlarında anasının ilmələrin uclarını xalça bıçağı ilə kəsməsindən yaranan və tək-tək düşən yağış damlalarının səsini xatırladan ritmlərin ahəngi qalardı...

Beləcə, o özü də bilmədən kiçik yaşlarından xalçaların sehrli dünyasının bir parçasına çevrilər, bu sənətə olan sevgi ilmə-ilmə ruhuna toxunardı... 

"Xalça aləmi sanki sehrli dünyadır. Bu aləmə daxil olandan sonra oradan heç çıxmaq istəmirsən. Əl işlərinə baxanda fəxr edirsən ki, gör barmaqların adicə saplarla, iplərlə xalçalara necə ömür verir?! Elə xalçalar olur ki, on illər, hətta yüz illər yaşayır. Yəni sən bu dünyada olmasan belə barmaqlarının izi bu dünyada qalır..."

Bu fikirləri səsləndirən 40 ildən artıqdır ki, xalçaçılıq sənəti ilə məşğul olan Sevinc Səfərova ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İçərişəhərdə yerləşən sərgi satış salonunda tanış olduq.  Hazırda Quba xalça məktəbinə aid "Qollu Çiçi" xalçası üzərində işləyən peşəkar xalçaçı ilə bu qədim sənətin sirlərindən söhbət açdıq. 


İlmələrin rəqsi


2004-cü il dekabrın 7-də "Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət başçısının 5 may 2016-cı ildə imzaladığı sərəncama əsasən, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Həmin tarix "Xalçaçı günü" kimi qeyd edilir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Məhz birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

2022-ci ildə Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı yeni xalça kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 8 il ərzində ərsəyə gələn və qədim sənətə yeni nəfəs verən kolleksiyada "Yaranış", "Şikargah", "Xan ovu", "Cəng və barış", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və Həvva, "Ağaclı", "Narlı", "Göllü", "Ləçək-turunc", "Dörd fəsil", "Tağlı", "Cəmadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gəbələri yer alıb. 

"Azərbaycan xalçası-ilmələrin rəqsi" kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat eyniadlı kitabda yer alıb.


Rənglərin harmoniyası


Biz orta nəsil və yaşlılarımız üçün xalça toxunması demək olar ki, doğma və tanış prosesdir. Çünki ya özümüzün, ya da qonum-qonşuların evlərində quraşdırılan dəzgahların arxasında analarımızın, nənələrimizin, qız-gəlinlərimizin xalça, palaz toxumalarına şahidlik etmişik. Hətta bəzilərimiz naşı da olsa, ilmə vurmağı bilirik. Amma yeni nəsil üçün bunu demək mümkün deyil. Çünki müasir zamanın diktəsi ilə xalça toxunulması indiki nəsil üçün qeyri-adi, bir az da əlçatmaz sənət növünə çevrilib. Ona görə də uşaqlarımız, yeniyetmələrimiz, gənclərimiz Azərbaycanın bu qədim sənət nümunəsini əsasən emalatxanalarda, sərgi-satış ünvanlarında yaxından izləyib tanış ola bilirlər. 

Öyrənirik ki, Sevinc Səfərova bu sənətə 5 yaşından etibarən yiyələnməyə başlayıb. Şənbə günləri bağça olmadığı üçün o zaman "Azərxalça" İstehsalat Birliyində xalçaçı kimi çalışan anası Dürnisə Həsənbalanın yanına gedərmiş. Elə o vaxtdan da anasının əllərinə baxa-baxa bu peşəni öyrənməyə başlayıb: "Anamın yanında oturub sakitcə baxırdım ki, o, xalçanı necə toxuyur. Əvvəlcə bıçaqsız halda barmaqlarımla toxumağa başladım. Anam da ilk dəfə görəndə təəccüblə dedi ki, nə yaxşı toxuya bilirsən... Xalçada rənglər çox önəmlidir. Bu adamın əhvali-ruhiyyəsindən asılıdır. Elə vaxt olur ki, çılğın, elə də olur ki, sakit rənglərlə işləmək istəyirsən. Bəlkə də bu, yaşdan asılıdır, gənc vaxtı "çılğın" rəngləri sevirsən, dünyanı başa düşdükcə "sakit" rənglərə keçirsən... Xalçalar doğrudan da sehrlidir. Nağıllarımızda əks olunduğu kimi, o üzərindəki bir-birindən maraqlı rəmzlər, təsvirlər vasitəsilə səni öz sirli dünyasına qərq edir. Məsələn, bir toxucu kimi, ilmələrin rəqsini hiss edirəm. Bıçaqla toxuyanda elə bil hansısa ritmik musiqiyə qulaq asırsan. Hər toxucunun ilməsinin də öz səsi olur..." 

Uşaqlıqdan işlətdiyi və "sadiq dostlar"ım adlandırdığı həvə, qayçı, bıçağı hələ də istifadə etdiyini söyləyən xalçaçının sözlərinə görə, bu sənətin sahibi olmaq üçün insandan səbir, hövsələ tələb olunur və hər adam da xalçaçı ola bilmir: "Xasiyyətdən çox şey asılıdır. Hansı insan ki, çılğındır, bir yerdə qərar tuta bilmir, o xalçanın dilini bilmir. Ancaq sakit, hövsələli insan oturub həvəslə ilmələrin arxasınca düşür və xalçada bir-birindən gözəl naxışlar yaradır. Uşaqlıqda toxuduğum xalçalara mütləq öz imzamı qoyardım. İndi isə bütövlükdə həmin xalçanı öz imzam kimi görürəm. Onu da deyim ki, xalçaçıya min dənə xalçanın içərisində də olsa öz toxuduğu doğma gəlir".

Peşəkar xalçaçıdan öyrəndik ki, demə, ipək xalçanı toxumaq yun xalçadan çətin imiş: "İpək xalçanı nazlı, qəmzəli "gəlin"ə oxşadıram. Yun xalçanı isə hökmlü, dözümlü, həyatın bütün çətinliklərinə sinə gərən qadın kimi təsəvvür edirəm. İpək xalça gözəl olsa da, onun "naz"ı ilə çox oynamalısan ki, ipək sapdan nəsə ərsəyə gətirəsən. Yun xalçaya nisbətən ondakı səhv toxunuşu düzəltmək çətin olur. İpək xalçanın bir kvadratmetrini 5-6 aya toxuyuruq, yun xalçanı isə ümumilikdə iki aya toxumaq mümkündür". 

Xalçaçı onu da deyir ki, bu sərgi-satış salonuna gələn uşaqlarımız, gənclərimiz xalça toxunulmasına qəribə maraqla baxırlar: "Onlara adi iplərin xalçaya necə çevrilməsi çox maraqlı görünür. Yaxınlaşıb özləri də ilmə vurmaq istədiklərini deyirlər. Mən onlara ustad dərsləri göstərirəm. Azərbaycan xalça sənəti xarici turistlərin də diqqətini çox çəkir. COP29-da "yaşıl zona"da Azərbaycan pavilyonunda xalça sənətimiz də nümayiş etdirilirdi. Orada xalça dəzgahında əcnəbi qonaqlara xalçanın necə toxunduğunu göstərirdim. Onlar da həvəslə xalçaya ilmə atırdılar. Yəni bu qədim sənətimiz hər kəs tərəfindən böyük maraq və diqqət cəlb edir. Buna görə də daim onu yaşadıb gələcək nəsillərə ötürməliyik. İndiki gənc nəslimizin bu sənətə marağı, istəyi olsa da, əksəriyyətinin hövsələsi yoxdur ki, oturub xalça toxusun. Amma kimin ki həvəsi var, bu sənəti heç olmazsa hobbi kimi öyrənsə yaxşı olar".


Əriş uzadılıb, küc götürülüb, indi dəhnə döyüləcək...

 

Divarlarında "Çələbi", "Talış", "Əjdahalı", "Nəlbəki-gül", "Bəhmənli", "Xilə-Əfşan" xalçaları sıralanmış şourumda növbəti xalçanın toxunması üçün əriş uzatma həyata keçirilirdi. 

Gənc xalçaçı rəssam, eyni zamanda texnoloq Ağasadıq Süleymanov bu maraqlı proses haqqında məlumat verdi: "Hazırda çərçivə üzərində əriş uzatma prosesini həyata keçiririk. Ərişi uzatmışıq, kücümüzü götürmüşük, bu prosesdə ərişlər çarpazlaşır. Növbəti proses isə dəhnəni döymək olacaq. Xalçanın ağzı deyirlər buna. Dəhnəni döydükdən sonra isə xovsuz xalçamız olan sumax kompozisiyasını toxuyacağıq". 

Ağasadıq Süleymanov söylədi ki, Azərbaycanın Quba ərazisində "Qonaqkənd sumağı" deyilən sumax toxunur. Hansı ki, sovet dönəmində ermənilər onu öz adlarına çıxmaq istəyiblər: "Xalçaların ortasında medalyon, xonça deyilən müxtəlif göl formaları olur. Sumaxın üzərindəki həmin göllərin birində xaç şəkilləri olub. Hansı ki bu, gölün üzərində güllərin stilizə (naxış dilinə salınma) olunmuş forması idi. Buna görə hiyləgər ermənilər sovet dönəmində həmin xalçaları özününküləşdirmək istəmişdi. Ancaq  görkəmli alim və xalçaçı Lətif Kərimov ermənilərin bu siyasətinin qarşısını almaq üçün "Azərbaycan xalçası" adlı üçcildliyini dərc etdi. Eyni zamanda Milli Xalça Muzeyini yaratdı ki, Azərbaycan xalçalarına göz dikib öz adlarına çıxmaq istəyən düşmənlərin qarşısını alsın". 

Xalçaçı rəssam qısa da olsa xalçaçılığımızın keçdiyi tarixi yolla bağlı da məlumat verdi və xalçanın öncə yunun yox, bitkilərin üzərində toxunmağa başladığını söylədi: "Buna misal olaraq çətənləri göstərə bilərik. Çətənlər müəyyən dairəvi taxtaları bir-birinə bağlamaqla düzəldilib. Ağdaş bölgəsində çətən üzərində aş süzərmişlər, meyvə, yun qurudarmışlar. Sonra çətənlərə iki növ, saplarla, yaxud yandırma üsulu ilə naxışlar vurularmış. Daha sonra isə həsirçiliyə keçilib və bu, Azərbaycanın cənub bölgəsində, Lənkəranda ənənəvi olaraq inkişaf edib. Həsirin sadə növündən isə rəngli saplar bir dənədən bir əriş üzərindən keçirilməklə sadə üslubda palazların toxunulmasına başlanılıb. Palazın da iki növü var: sadə və çiyi". 

Çiyi palazın Bakının Güzdək kəndi ərazisində toxunduğunu deyən Ağasadıq Süleymanov onun ipək saplarla toxunduğunu bildirdi: "Bu palazlar süfrə və pərdə kimi istifadə olunar, divardan asılardı. Çiyi palazların əsas xüsusiyyəti o idi ki, onlar metrəsi, yaxud kvadratı ilə yox, çəkisi ilə satılardı. Azərbaycanın digər qədim və çox bahalı xalçaları da var ki, onların da çəki ilə satışını həyata keçiriblər. Metalın yaranma dövründə isə xovlu xalçalar yaranıb. Buna Qubanın "Pirəbədil" xalçasını misal göstərə bilərik. Onun üzərində qayçı stilizə olunub. Bu da onu göstərir ki, xovu qayçı kəsmədən səliqəyə salmaq olmur. Müasir dönəmimizə gəldikdə isə xovlu və xovsuz xalçaların sintezi həyata keçirilməyə başlanıldı. Düzdür, bu qədimdə də var idi, amma xovsuz xalçaların sintezi kimi".


"Çələbi", "Malıbəyli", "Qasımuşağı", "Bəhmənli"


Xalçaçı texnoloq bildirdi ki, Qarabağ xalçalarının da xovlu və xovsuz növləri var. Bu bölgənin xalçalarının fərqi sıxlığında, rəng çalarlarında, palitrasındadır, hansı ki o yerlərin təbiəti, faunası ilə əlaqəlidir. Üzərində çoxlu süjetli məqamlar olan həndəsi və nəbati xalça növləri var. Məsələn, "Saxsıda güllər" süjetli xalçadır. Qarabağ xalçalarına "Çələbi", "Malıbəyli", "Qasımuşağı", "Bəhmənli" və digərləri aiddir". 

Ağasadıq Süleymanov vurğuladı ki, bəzi naxışlar var ki, sirlərini ustadlar, müəllimlər açıb, onlar haqqında məlumatlar verilib, amma bəziləri öz sirlərini hələ də qoruyub saxlamaqdadır. Həmin xalçalar ötən əsrlərdə toxunub və üzərlərində naxış dilinə salınmış xeyli rəmzlər var: "Bəzən belə bir fikir səsləndirilir ki, xalça yalnız yerə salmaq üçündür. Amma bu yanlışdır. Müqəddəs nişanlarımızı, naxışlarımızı, nəsli bildirən damğalarımızı özündə əks etdirən xalçalar ayaq altına atılmırdı. Bir növ müqəddəs hesab edilirdi və divardan asılırdı. Ümumiyyətlə, Azərbaycanda müxtəlif təyinatlı xalçalar toxunub. Məsələn, beşik xalçaları, qəbir xalçaları (insan öləndə ona büküb basdırarmışlar, "Talış" xalçasını buna misal gətirmək olar. Bu cür xalçaların qıraqları haşiyəli, ortası boş olub) var. Eyni zamanda sırf toxuyub satmaq üçün nəzərdə tutulan ticarət xalçaları olub. Nəsil xalçaları isə heç zaman satılmayıb, qorunub saxlanıb və nəsildən-nəslə ötürülüb". 

Göründüyü kimi, Azərbaycan xalqının milli təfəkkürünün inikası, dəyərlərinin daşıyıcısı, tarixinin bir hissəsi olan qədim xalçaçılıq sənəti günümüzdə də ənənəsini yaşadır. Keçmişimizdən bu günümüzə körpü salan bu sənət növünün yaşadılmasına və inkişafına dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.  


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!