08 İyun 2026 12:29
119
Mədəniyyət
A- A+
Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

Bu gün iki paytaxt – Bakı və Belqrad hava limanları arasında qurulan hava körpüsü Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq zəncirinin ən parlaq və tamamlayıcı halqasıdır. Bu xətt təkcə bu günün iqtisadi və turistik tələbatını ödəmir, həm də gələcəkdə reallaşacaq irimiqyaslı regional layihələrin, Trans-Balkan və Xəzər hövzəsi əməkdaşlıq formatlarının inkişaf tempini və miqyasını müəyyən edən uzunmüddətli katalizator rolunu oynayır.

AZƏRTAC-ın təqdim etdiyi bu yazıda Bakı ilə Belqrad arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişafından və bu tərəfdaşlığın regional əhəmiyyətindən bəhs olunur.


Diplomatik tellər: strateji tərəfdaşlığın hüquqi təməli

Azərbaycan ilə Serbiya arasındakı əlaqələr müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad və strateji tərəfdaşlığın ən uğurlu nümunələrindən biridir. Coğrafi baxımdan fərqli regionlarda – müvafiq olaraq Cənubi Qafqaz və Balkanlarda yerləşmələrinə baxmayaraq, hər iki ölkəni oxşar tarixi çağırışlar və ortaq maraqlar birləşdirir. Bu gün Bakı və Belqrad arasında qurulan münasibətlər sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq regional təhlükəsizlik və iqtisadiyyata töhfə verən mühüm amilə çevrilib.

İki ölkə arasında diplomatik münasibətlərin əsası 1997-ci ildə qoyulsa da, əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması 2013-cü ildə imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" ilə reallaşıb. Bu sənəd tərəflər arasında müttəfiqlik münasibətlərinin yol xəritəsini müəyyən etdi. Qarşılıqlı olaraq fəaliyyət göstərən səfirliklər, eləcə də dövlət başçıları səviyyəsində yaradılmış Strateji Tərəfdaşlıq Şurası iki ölkə arasında diplomatik dialoqun daimi və yüksək dinamika ilə inkişafını şərtləndirdi.

Xüsusilə qeyd olunmalıdır ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Bu ilin fevralında Prezident İlham Əliyevin Serbiya Respublikasına növbəti rəsmi səfəri iki dövlət arasında mövcud olan çoxşaxəli münasibətləri daha da dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edib. Səfərin ən mühüm tərəflərindən biri isə Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasının keçirilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi olub.

İki ölkə arasındakı strateji tərəfdaşlığın və yüksəksəviyyəli etimadın bariz nümunəsi olaraq, Serbiya tərəfi Azərbaycanda keçirilən mötəbər qlobal tədbirlərə də böyük önəm verir. Məhz Belqradda əldə olunmuş yüksəksəviyyəli razılaşmaların və intensivləşən dialoqun davamı olaraq, növbəti mühüm görüş qısa müddət sonra Bakıda baş tutub. May ayında Bakının ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən liderlər sırasında Serbiya Prezidenti Aleksandar Vuçiç də yer alıb. Tədbirdə çıxış edən Serbiya Prezidenti Azərbaycana WUF13-ə ev sahibliyi və innovativ təşəbbüsləri ilk dəfə Zirvə görüşü səviyyəsində təşkil etdiyinə görə təşəkkür edib. Aleksandar Vuçiç vurğulayıb ki, minlərlə insan Bakıda məhz şəhərlərin gələcəyini müzakirə etmək və üzləşdiyi çağırışları birlikdə incələmək üçün toplaşıb.

Azərbaycan-Serbiya siyasi münasibətlərinin nüvəsini beynəlxalq hüququn ali prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına tərəfdar olmaq təşkil edir. Hər iki dövlət separatizm və ərazi iddiaları ilə üzləşdiyi üçün bir-birinin problemlərinə xüsusi həssaslıqla yanaşır.

Qeyd edək ki, bu vaxtadək iki ölkə arasında 60-dan çox sənəd imzalanıb və həmin sənədlər sosial həyatın bütün sahələrində münasibətlərimizin yaxşılaşdırılması üçün möhkəm zəmin rolunu oynayır.


İqtisadiyyat və energetika: Avropanın yeni təhlükəsizlik arxitekturası

Son illərdə Azərbaycan və Serbiya arasındakı iqtisadi tərəfdaşlıq sırf ticarət dövriyyəsindən strateji enerji müttəfiqliyinə doğru irəliləyib. Azərbaycanın təşəbbüsü ilə icra olunan Cənub Qaz Dəhlizi layihəsi Serbiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İstifadəyə verilmiş Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru vasitəsilə Azərbaycan qazı birbaşa Serbiya bazarına daxil olur və bu ölkənin enerji mənbələrini şaxələndirməsinə kritik töhfə verir.

Xüsusilə nəqliyyat və logistika imkanlarının genişləndirilməsi Orta Dəhliz kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Cənubi Qafqazda tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir vaxtda, Serbiya Balkan regionunda strateji logistika mərkəzi rolunu gücləndirməyə çalışır. Bu baxımdan tərəflər arasında yaranan sinerji Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarına yol aça bilər.

Serbiyada həyata keçirilən islahatlar nəticəsində əlverişli investisiya mühitinin formalaşması xarici investorlar üçün cəlbedici şərait yaradıb. Azərbaycanın bu prosesdə fəal iştirakı iki ölkə arasında iqtisadi etimadın yüksək səviyyədə olduğunu göstərir.

İnfrastruktur sahəsində də əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın tikinti şirkətləri Serbiyada irimiqyaslı yol, körpü və tunel layihələrinin (məsələn, mühüm magistral yolların) inşasında podratçı kimi iştirak edərək öz etibarlılığını sübut ediblər.

Bu da bir həqiqətdir ki, müasir biznes dünyasında zaman ən qiymətli resursdur. Birbaşa uçuşların təşkili hər iki ölkənin sahibkarları, investorları, iri şirkətlərin rəhbərləri və dövlət rəsmiləri üçün operativ və çevik hərəkət imkanı yaradacaq. Bu, qarşılıqlı biznes-forumların mütəmadi təşkilinə, yeni investisiya layihələrinin yerindəcə və gecikmədən müzakirə olunmasına böyük töhfə verəcək. Xüsusilə Serbiyada mühüm infrastruktur layihələrində podratçı kimi çıxış edən Azərbaycan şirkətləri və energetika sahəsindəki birgə işçi qrupları üçün bu xətt strateji əhəmiyyət kəsb edir. Hava nəqliyyatının inkişafı, həmçinin yüngül sənaye, kənd təsərrüfatı və yüksək dəyərli malların hava yük daşımaları vasitəsilə sürətli mübadiləsinə, beləliklə də, ümumi ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərir.

Onu da qeyd edək ki Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Ötən il Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznes-forumu keçirilib.


Mədəni və humanitar körpülər: xalqları yaxınlaşdıran dəyərlər

Mədəniyyət və təhsil sahəsindəki layihələr iki xalqın bir-birini daha yaxından tanımasına və mənəvi bağların güclənməsinə xidmət edir. Bakı və Belqrad şəhərlərində ucaldılan abidələr bu dostluğun simvolik göstəricisidir.

Belqraddakı "Taşmaydan" parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Bakıda isə dünyaşöhrətli serb alimi Nikola Teslanın abidələri ucaldılıb.

2018-ci il aprelin 26-da Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, mayın 22-də isə Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu mərkəzlər dil öyrənmək istəyən gənclər və tədqiqatçılar üçün mühüm platformadır.

Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisi əvvəlcə fakültətiv formada, daha sonra isə xarici dil kimi dərs proqramına salınıb. Bu, təbii ki, Azərbaycan dilinə və mədəniyyətinə olan marağın nəticəsidir.

Belqrad Universitetinin Şərqşünaslıq fakültəsində “Kitabi-Dədə Qorqud” eposunun, “Əli və Nino”, Aida İmanquliyevanın elmi əsərləri əsasında yazılmış “Romantik poeziya Şərq və Qərb problemləri kontekstində” adlı əsərlərin serb dilində tələbələrin vacib oxunan ədəbiyyat siyahısına daxil olunması da çox vacib və müsbət bir addımdır.

Serb dilinin, mədəniyyətinin təbliğ olunması, ölkələrarası əlaqələrin daha da genişlənməsi, dövlətlərin bir-birini yaxından tanımağı, birgə işlərin həyata keçirilməsi məqsədilə yaradılan Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı Serbiya Prezidenti Aleksandr Vuçiçin iştirakı ilə reallaşıb. Serbiyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olmaq məqsədilə mərkəzdə təxminən 300-ə yaxın serb, ingilis, rus və digər dillərdə kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb.


Turizm potensialı: vizasız rejim və yeni səyahət istiqamətləri

 

İki ölkə arasında mövcud olan qarşılıqlı vizasız gediş-gəliş rejimi, birbaşa uçuşların olmaması səbəbindən uzun müddət özünün real potensialını tam nümayiş etdirə bilmirdi. Tranzit uçuşların yaratdığı vaxt itkisi, yüksək bilet qiymətləri və logistik çətinliklər turist axınının qarşısını alan əsas amillərdən idi. Birbaşa təyyarə xəttinin fəaliyyətə başlaması bu maneələri tamamilə ortadan qaldırdı. İndi azərbaycanlı səyahətçilər Serbiyanın füsunkar təbiətinə, mərkəzi Avropa mədəniyyətini əks etdirən tarixi abidələrinə (Belqrad qalası, Dunay və Sava çaylarının qovşağı), Kopaonik dağ-xizək mərkəzinə və dünyada məşhur termal-müalicəvi sanatoriyalarına (məsələn, Vrnjaçka Banya) birbaşa və rahat şəkildə səyahət edə bilirlər. Eyni zamanda, serbiyalı turistlər üçün də Şərq və Qərb memarlığının nadir sintezi olan Bakı şəhəri (İçərişəhər, müasir Alov Qüllələri, Heydər Əliyev Mərkəzi), Xəzər dənizinin kurort imkanları və Azərbaycanın regional turizm mərkəzləri (Şəki, Qəbələ, Quba) unikal və cəlbedici bir istiqamətə çevrilməkdədir.


Hava nəqliyyatı: coğrafi məsafələri qısaldan strateji addım

Azərbaycan ilə Serbiya arasında birbaşa təyyarə xəttinin açılması və müntəzəm aviareyslərin uğurla fəaliyyətə başlaması iki dövlət arasındakı çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərində keyfiyyətcə yeni, praktiki və tarixi bir mərhələnin əsasını qoyub. Coğrafi baxımdan bir-birindən uzaq regional qütblərdə yerləşən bu iki dost ölkə, qurulan birbaşa hava körpüsü sayəsində logistik və geosiyasi cəhətdən bir-birinə maksimum dərəcədə yaxınlaşıb.

Bakı ilə Belqrad şəhərləri arasında birbaşa hava əlaqəsinin qurulması sadəcə texniki bir nəqliyyat layihəsi deyil. Bu, həm də iki dövlətin siyasi iradəsinin, iqtisadi potensialının və xalqlararası səmimi dostluq tellərinin real həyatdakı bariz təcəssümüdür. Uzun illər boyu müzakirə edilən və hər iki tərəfin böyük həssaslıqla yanaşdığı bu layihənin reallaşması, ölkələr arasındakı əməkdaşlıq platformasına bir neçə mühüm istiqamətdə fundamental və uzunmüddətli təkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

12:45
08 İyun

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

12:36
08 İyun

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

12:29
08 İyun

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

12:25
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!