01 Fevral 2025 08:50
402
CƏMİYYƏT
A- A+
Şəhid hərbi həkim  

Şəhid hərbi həkim  


Hər dəqiqələrində, hər saatlarında, hər günlərindədir. Gözlərindən boylanan kədərlərində, üzlərindəki dərdə bələnmiş təbəssümlərindədir... Bunu evlərinə daxil olduğumuz ilk andan hiss edirik - Turqut onların aldıqları hər nəfəsdədir... Otağın divarı başdan-başa onun - tibb xidməti leytenantı, Vətən müharibəsinin ilk şəhid hərbi həkimi Turqut Xəlilbəylinin şəkilləridir. Divar saatına da rəsmi həkk edilib. Turqut bu evdə zamanın özüdür. Bir fərqi var. Turqut Xəlilbəylinin ömrü  2020-ci il oktyabrın 7-də dayanıb. Zaman isə istər-istəməz öz axarındadır. Bu ev də Turqutlu xatirələrə qoşulub gedir...


Hər anı bir ömrə bərabər xatirələr...


Valideynlərinin hər ikisi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndindəndir. Turqut Xəlilbəyli həmin kənddə 1993-cü il iyulun 4-də dünyaya göz açdı. Ata-anasının ilki idi. Adını Turqut qoymağı böyük bibisi məsləhət gördü. Atası Nadir Hüseynov danışır: "Böyük bacım dedi ki, türklərin yaşadıqları xoşbəxt məkana Turqut deyilir, bu adın mənasından xoşum gəlir. O vaxtlar Türkiyənin Prezidenti olan Turqut Özalın Azərbaycana münasibəti yaxşı idi. Onun adı ölkəmizdə rəğbətlə çəkilirdi. Ancaq, dediyim kimi, biz oğlumuza Turqut adını daha çox mənasına görə verdik".

Ailəyə onunla birlikdə qədəm qoyan övlad sevinci iki il sonra qardaşı Xəlilin, 1999-cu ildə bacısı Nərminin dünyaya gəlişləri ilə böyüdü. Ancaq Nərmin körpə ikən vəfat etdi. O vaxt Turqutun da, Xəlilin də ağlı kəsirdi. Başa düşürdülər ki, bu, əbədi ayrılıqdır. Evlərinə çökmüş o qüssənin, dərdin, ələmin içində ata-anaları onlara baxıb təsəlli tapırdılar.

"Turqut elə balacalıqdan həssas, qayğıkeş, mehriban idi. Çox sakit uşaq idi. Məni heç incitməzdi", - anası Almaz Hüseynova onun uşaqlığından danışdıqca kədərin kölgələndiyi simasında xəfif təbəssüm görünür.

Atası söhbətə davam edir: "Turqut Yengicə kənd orta məktəbinə getdi. Dərs əlaçısı oldu. Oxuyub öyrənməyə elə o vaxtlardan çox böyük marağı vardı".

Turqut Xəlilbəyli Yengicə kənd orta məktəbində 6-cı sinfədək oxudu. Sonra akademik Əhməd Mahmudov adına Şərur Türk liseyində təhsilini davam etdirdi. Anası deyir ki, Turqut liseydə də dərs əlaçısı, nizam-intizamlıydı: "Müəllimləri onu həmişə tərifləyirdilər. Turqut ali məktəbə hazırlaşan əksər şagirdlər kimi, hazırlıq kurslarına getmədi. Əslində, biz onu repetitor yanına göndərmək istəyirdik. Müəllimləri qoymadılar ki, çox savadlıdır". 

Vətəninə cani-könüldən bağlı ailənin övladı idi Turqut. Uşaqlıqdan hərbçi peşəsinə maraq göstərməsinin əsl səbəbi də bu idi. Anasının ürəyindən isə oğlunu ağxalatlı həkim görmək keçirdi. Yuxarı siniflərdə oxuyanda özü də həkimlik peşəsinə maraq göstərdi. Turqut üçün bir örnək də vardı. Yaxın qohumu Çingiz Məmmədov ixtisasca hərbi həkim, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı idi. Onun məsləhəti, anasının arzusu Turqut Xəlilbəylinin qərarını qətiləşdirdi. Liseyi bitirdikdən sonra Bakıya gəldi. Sənədlərini Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə verdi və imtahanlardan yüksək nəticə əldə edib. qəbul olundu.

Valideynləri Turqutun universitetdə də təhsilinə ciddi yanaşdığını deyirlər. Qarşısına məqsəd qoymuşdu, seçdiyi ixtisasa dərindən yiyələnəcək, yaxşı həkim olacaqdı. Bunun üçün çox çalışırdı, oxuyub öyrənirdi. Bir də idmana mütləq vaxt ayırırdı. Uşaqlıq illərində cüdoya və güləşə getmişdi. Bakıya gələndən sonra da idmanla məşğul olurdu.

Turqut paytaxta gəlib tələbə adını qazanandan sonra valideynlərinin bütün fikri-zikri onun yanındaydı. Anası deyir ki, tez-tez əlaqə saxlasaq da, ürəyimiz rahatlıq tapmırdı: "Baxdıq ki, o da darıxır, biz də... köçüb gəldik Bakıya..."

Turqut Azərbaycan Tibb Universitetini 2018-ci ildə bitirdi. Təyinatını Beyləqan istiqamətindəki hərbi hissələrdən birinə verdilər. Üç il orada işlədi.


"Səngərlərdə, döyüş meydanlarında həkim lazımdır"


2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başladı. Azərbaycanın rəşadətli, qeyrətli oğulları Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı vətən torpaqlarını azad etmək üçün cəbhəyə yollandılar. Turqut Xəlilbəyli də komandirinə müraciət edib ki, onu döyüşlərə göndərsinlər. Ancaq komandiri əvvəlcə razı olmayıb. Bildirib ki, müharibədir, ağır yaralılarımız olacaq, sən burada, arxa cəbhədə lazımsan. Turqut isə deyib: "Səngərlərdə, döyüş meydanlarında da həkim lazımdır. Bir də ki, arxa cəbhədə çalışmaq üçün kifayət qədər həkimlərimiz var". Nəhayət, Turqutun təkidindən sonra onun döyüşə getməsinə icazə verilib.

Vətən müharibəsinin həyəcan dolu, ağır günləri idi. Turqut Xəlilbəyli döyüşlərdə odun, alovun içindəydi. Ata-anası, qardaşı və digər yaxın qohumları elə bilirdilər ki, o, yenə də Beyləqanda xidmət edir.

Atası Turqutun döyüşlərə getdiyini öyrəndiyi gündən danışır: "2020-ci il oktyabrın 4-ü həkimlərlə cəbhə xəttinə yardım apardıq. Mən sürücü kimi getmişdim. Turqutla orada görüşdük. Nə könüllü yazılmağından xəbərimiz vardı, nə də döyüşlərdə olduğundan. Telefonla danışırdıq, işdə olduğunu deyirdi. O gün bibisi apardığımız yardımdan əlavə də şirniyyat qoymuşdu. Dedim ki, bala, bunu da verərsən, uşaqlar döyüşə gedəndə aparsınlar. Cavab verdi ki, narahat olma, axşam gedəndə özüm aparacağam. Təəccüblə ona baxdım. Soruşdum: "Sən hara gedəcəksən? Güldü. Dedi ki, yox... ata, yəni verəcəyəm aparacaqlar. Onda bildim... Yoldaşları mənə dedilər ki, oğlunuza deyin, əyninə qoruyucu jilet geyinsin. Soruşdum ki, niyə  geyinmirsən? Gülə-gülə cavab verdi: "Jiletsiz daha çox yaralını xilas edə bilirəm". Turqut çox şad görünürdü. Sevincinin səbəbini bizə söyləmədi. Ancaq ayrılanda mənə dedi ki, yolda gözəl xəbərlər eşidəcəksən. Yolda eşitdik ki, Cəbrayıl işğaldan azad olunub".

Turqutun döyüşə getdiyini ailədə bircə atası bilib. Deyir ki, Almaza söyləsəydim, təşvişə düşəcəkdi. Onda mən də daha çox narahat olacaqdım. Ona görə də demədim.

Almaz xanım oğlunun ön cəbhədə olduğundan sona qədər xəbərsiz olub: "Elə bilirdim yenə Beyləqandadır. Turqut hər gün zəng vururdu. Nadir yardım aparıb geri dönəndən sonra mənə dedi ki, Turqut zəng edəndə çox danışma. Turquta isə tapşırıbmış ki, harada vaxt tapsan, anana zəng vur, elə bir kəlmə danış, səndən nigaran qalmasın".  

İşğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə bölgələrindən uzaq olan yaşayış yerlərini - Gəncəni, Beyləqanı, Bərdəni və digər yerləri atəşə tuturdular. Əslində, Almaz xanım buna görə oğlundan nigaran idi. "Düşmən təkcə ön cəbhəyə atəş yağdırmırdı ki... Mən də ehtiyat edirdim, ona görə zəng vurmurdum. Düşünürdüm ki, ermənilər Beyləqanı da atəşə tuturlar. Balamın yerini izləyərlər, vurarlar. Turqut özü hər gün mənə zəng edirdi. Deyirdi ki, ana, çox danışmayaq. Elə hal-əhval tuturdum. Necə bilərdim? Cəbhədə olduğunu heç hiss etdirmirdi axı. Evdə olduğu kimi, gülə-gülə danışırdı mənimlə".

Turqut divarboyu sıralanmış şəkillərində də gülür. Elə sanırsan ki, o, heç vaxt kədərlənməyib. Anası fikrimizi oxuyurmuş kimi: "Balam uşaqlıqdan belə gülərüz, deyib-güləndi, heç kəsin xətrinə dəyməzdi", - deyir.

 

Son gediş, son döyüş...


Bəlkə də bu səhnəni anası hər gün gözlərinin önündə canlandırır... Müharibə başlamamışdı. 2020-ci il sentyabrın 4-ü idi. Turqut Beyləqandan Bakıya gəlmişdi... Almaz xanım oğlu ilə son görüşlərindən danışır: "Turqut müharibədən qabaq işi ilə əlaqədar Bakıya tez-tez gəlirdi. Qısa müddət qalır, sonra geri dönürdü. Bir də məzuniyyətlərdə gəlirdi. O il pandemiyaya görə məzuniyyətə çıxa bilməmişdi. Sentyabrın 4-də bir də gördüm qapıdan içəri girdi. Gələcəyini söyləməmişdi. Bilirdi ki, desə, o, gəlib çatanadək özümə evdə yer tapmayacağam. Turqut çox ünsiyyətcil, dostcanlı idi. Gələndə vaxtını daha çox dostları, həkim yoldaşları ilə keçirirdi. O gün də dostunun ad gününə gəlmişdi. Bircə gecə qaldı evimizdə. Səhəri gün gedəndə dedim ki, Turqut mən heç səni görmədim. "Gedim, məzuniyyət götürüm. Gələndə çox qalacağam, - dedi. İki il idi deyirdim ki, evlən. Cavabı bu olurdu ki, bu qədər əziyyət çəkmişəm, rezidenturaya da daxil olum, oxuyum, sonra evlənərəm". Amma o gün evdən çıxanda dedi, ana, bu dəfə gəlim, evlənəcəyəm. Bu onun son gedişi oldu..."

Telefonla axırıncı dəfə oktyabrın 7-də saat 12-nin yarısı danışıblar. Yenə zəng edən Turqut olub. Hər zamankı kimi gülə-gülə deyib: "Ana, narahat olma, yaxşıyam". Almaz xanım qəhərlə danışır: "Həmin gün axşam saat 8-9 arası olardı, Nadirə zəng gəldi. Çıxdı eyvana. Xəlil də atasının ardınca getdi. Sonra ikisi də otağa qayıtdılar. Mənə heç nə demədən qapıdan çıxdılar. Şübhələndim. Çünki məndən heç vaxt söz gizlətmirdilər. Onların ardınca qaçdım. Soruşdum, Nadir, nə olubsa, düzünü de. Cavab verdi ki, Turqut yaralanıb. Döyüşdə olduğunu hələ də bilmirdim. Sən demə, balam şəhid olubmuş. Mən bundan səhər xəbər tutdum. Elə bilirdim yaralıdır. Səhər gördüm qapıdan bayraq asıldı, ev adamla doldu".

Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə həm özü kimi gənc olan neçə-neçə yaralı döyüşçünün həyatını xilas edən, həm də döyüşən Turqut Xəlilbəyli 2020-ci il oktyabrın 8-də İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı. Şəhidin dəfn və yas mərasimlərində iştirak edən döyüş yoldaşları danışıblar ki, oktyabrın 7-də günortadan sonra ağır döyüş oldu. Turqut  yenə də özünü düşünmədən, həyatını təhlükəyə ataraq yaralıları döyüş meydanından çıxarırdı. O, düşmənin yağdırdığı mərmi atəşi altında xidməti vəzifəsini misilsiz qəhrəmanlıqla yerinə yetirirdi. Yaralı döyüşçülərimizdən biri kömək istədi. Turqut onu döyüş meydanından çıxaranda minomyot düşdü yanlarına. Turqut Xəlilbəyli ağır yaralandı. Həkimlərin səylərinə baxmayaraq, şəhid oldu".  

Nadir Hüseynov danışır ki, döyüş yoldaşları danışırdılar ki, hamı Turquta deyirdi ki, sən ölümü gözünün qabağına gətirmirsən, özünü topun, tüfəngin qabağına atırsan. Qoruyucu jilet də geyinmirdi ki, ağır olur. Yoldaşlarına deyirmiş ki, "Jiletsiz yüngül olaram, döyüş gedən ərazilərdən daha çox yaralı çıxararam, bilərəm ki, onlar yaşayacaqlar. Bu mənim vəzifəmdir. Gələcəkdə də, əgər şəhid olsam, deməyin ki, Turqut boşuna şəhid oldu". Turqut bir neçə gün idi şəhid olmuşdu. Bir nəfər zəng vurdu. Dedi ki, mən sizinlə görüşmək istəyirəm. Səbəbi ilə maraqlandım. Dedi: "Oğlum döyüşçüdür, hospitalda müalicə alır. Sizin oğlunuz mənim oğlumu ölümdən qurtarıb. Halalıq almaq istəyirəm". Cavab verdim ki, mənim də oğlum vətənin bir parçasıdır, sənin də oğlun. Mənim oğlum sənin oğlun üçün yox, vətənimiz, xalqımız naminə şəhid olub. Turqutun həyatını xilas etdiyi başqa yaralılardan da bizə gəlmək, halallıq almaq istəyənlər oldu. Onlara da eyni cavabı verdim. 

Atası deyir ki, Turqut özü də döyüşlərdə bir neçə dəfə yaralanıb. Hospitala getməyib. Deyirmiş, müharibə bitsin, gedib müalicə olunaram.

Onun gələcəklə bağlı istəyi, planları çox idi. Arzularında Türkiyəyə gedib tibb təhsilini davam etdirmək vardı. Avtomobil almaq istəyirdi. Ailə quracaqdı. Turqut sevdiyi qızı atası ilə də tanış etmişdi: "Uşaqlıqdan anasından da, məndən də söz gizlətməzdi. Ancaq bir sirri, sözü olsaydı, mənə deyərdi. Biz dost idik. Altı-yeddi il idi bir qızla bir-birilərini istəyirdilər. İkisi də ali məktəbdə oxudular, sonra təhsillərini davam etdirmək istədilər. İşləməyə başladılar. Beləcə, evlilik məsələləri bu qədər uzandı. Turqut məni onunla tanış etmişdi. Dəfələrlə birlikdə oturub söhbət etmişdik. Qız da mənə "ata" deyirdi. Hərdən Turquta zəng gəlirdi. Baxırdım ki, odur, telefonu açırdım. Danışırdıq, onunla zarafat edirdim... Turqut şəhid olanda gəlib, bizim başımız qarışmışdı, görmədik. Sonra Turqutun dostları mənə dedilər. Şəhidlər xiyabanına tez-tez gedib Turqutun məzarını ziyarət edir. Mənə danışırlar ki, belə bir xanım gəlir, ağlayır..."

Araya sükut çökür. Turqutun şəkillərinə baxırıq. Məktəbli formasında, ağ xalatda, hərbi geyimdədir. Fotoşəkillərində həyatının ayrı-ayrı zamanı əks olunub. Uşaqlıq və gənclik illəri... Burdan o yanı yoxdur. Turqut Xəlilbəyli iyirmi yeddi yaşında şəhidlik zirvəsinə ucalıb. Almaz xanım qəhərdən boğula-boğula deyir: "Balama ağ xalat çox yaraşırdı. Ən böyük arzum onu iş yerində, ağ xalatda görmək idi. Özünə də deyirdim bunu. Qismət olmadı".

İkinci Vətən müharibəsində göstərdiyi şücaətə, qəhrəmanlığa görə Turqut Nadir oğlu Xəlilbəyli ölümündən sonra, "Azərbaycan Bayrağı" ordeni , "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Turqut Xəlilbəyli adına küçə və bulaq var. Vaxtilə təhsil aldığı Azərbaycan Tibb Universitetinin kitabxanası şəhid tibb xidməti leytenantı Turqut Xəlilbəylinin adını daşıyır. 

Atası deyir ki, Turqut arxa cəbhədə qala bilərdi. O ağır günlərdə həkim kimi yenə çox gərəkli olardı. Ancaq Vətənə sonsuz məhəbbəti, peşəsinə sevgisi onu ön cəbhəyə apardı. 

Almaz xanımın isə gözlərindən oxunur ki, o yenə oğlu ilə danışır. Ona nələr söylədiyini bilmirik. Biz isə qəhrəmanın şəkillərinə baxa-baxa qəlbimizdə vətənimizə səslənirik: "Gör sənin yolunda necə oğulların şəhid oldu. Torpaqların yağılarda qalmasın, düşmənlər Qarabağında, Şərqi Zəngəzurunda at oynatmasınlar, tamlığına qovuşasan, bütövləşəsən, başın uca, sözün otkün olsun deyə, bax necə igidlərin sənə öz ömürlərindən ömür verdilər. Haqqın olan və sənə çox yaraşan qalibiyyətində adı olan igidlərinlə yenilməzsən, Vətən".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İğdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək

21:26
05 Mart

Britaniyalı deputat: Azərbaycanla Böyük Britaniya arasında münasibətlər yüksək səviyyədədir

21:25
05 Mart

Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir

21:23
05 Mart

Bahar Muradova: Son 20 ildə qanunverici orqanda qadınların təmsilçiliyi artaraq 11,2 faizdən 20,8 faizə çatıb

21:08
05 Mart

Əlahiddə Ümumqoşun Orduda “Komando başlanğıc kursu”nun buraxılış mərasimi keçirilib

21:05
05 Mart

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

21:03
05 Mart

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

21:02
05 Mart

Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var

20:59
05 Mart

Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar

20:57
05 Mart

Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

20:56
05 Mart

Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir

20:55
05 Mart

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

20:54
05 Mart

Prezident İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür

20:49
05 Mart

Azərbaycan və Türkiyə prezidentləri İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edirlər YENİLƏNİB  

18:06
05 Mart

DYP elektron tərəzi sistemi quraşdırılan yolda hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib

18:06
05 Mart

Çin bərpaolunan enerji mənbələri üzrə iri layihələrin hazırlanacağını bəyan edib

17:40
05 Mart

Fələstin məsələsi ilə bağlı fövqəladə ərəb sammitində Qahirə Bəyannaməsi qəbul edilib

17:29
05 Mart

Meyit donordan alınan orqan köçürülməsi əməliyyatının Azərbaycanda ilk icraçısı

17:11
05 Mart

Pakistanda terror hücumu nəticəsində 12 nəfər ölüb

17:10
05 Mart

Ən qədim quşlardan biri aşkar edilib

17:07
05 Mart

Süni intellekt startapı tərəfindən hazırlanan ilk kompakt ölçülü elektromobil təqdim edilib  

17:06
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!