Prezidentin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışı Cənubi Qafqazın yeni siyasi-iqtisadi arxitekturasını ortaya qoydu
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda rəsmi Bakı Qərb institutlarının regiondakı fəaliyyətinə dair öz prinsipial mövqeyini hər zaman ən yüksək səviyyədə bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra bəzi Avropa strukturlarının nümayiş etdirdiyi qərəzli yanaşma sülh gündəliyinə xidmət etmək əvəzinə mövcud etimad mühitinə ciddi zərbə vurur. Bu kontekstdə dövlət başçısının son bəyanatları beynəlxalq təşkilatların fəaliyyətindəki ikili standartlara qarşı diplomatik etirazın kulminasiya nöqtəsi hesab oluna bilər.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı videobağlantı formatında çıxışı Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın aydın mənzərəsini ortaya qoyur. Bu çıxış, sadəcə, cari diplomatik vəziyyətin təsviri deyil, eyni zamanda regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsidir. Dövlət başçısı regional sülh prosesinin əldə etdiyi real nəticələri diqqətə çatdırmaqla yanaşı, beynəlxalq institutların bu həssas prosesə münasibətdə sərgilədiyi fərqli və bəzən ziddiyyətli yanaşmaları dəqiqliklə ifşa etdi.
K.Bayramov qeyd edib ki, sammitin ən diqqətçəkən və gələcək üçün ümidverici məqamlarından biri Ermənistanın 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu: "Bu faktı sadə bir formal diplomatik jest kimi deyil, postmünaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin və fundamental əlaməti kimi qiymətləndirmək lazımdır. Xüsusilə tərəflərin cəmi doqquz aydır sülh şəraitində yaşadıqlarını nəzərə alsaq, belə bir dəstəyin nümayişi regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsidir. Bu yanaşma həm də Azərbaycanın irəli sürdüyü "tarazlı platforma" prinsipinin regional səviyyədə qəbul edildiyini və mənimsənildiyini sübut edir. Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığı, onun konkret iqtisadi dividendlərlə müşayiət olunduğu da dövlətimizin başçısının çıxışında xüsusi çəkiyə malik idi".
Deputat vurğulayıb ki, Azərbaycanın konstruktiv addım ataraq Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması regional əməkdaşlıq sisteminin real əsaslarının formalaşdığını göstərir. Qısa müddət ərzində 28 min ton yük daşınmasının təmin edilməsi sülhün, sadəcə, siyasi terminologiya olmadığını, həm də iqtisadi rifah və tərəfdaşlıq demək olduğunu praktikada nümayiş etdirdi. Beləliklə, Azərbaycanın liderliyi ilə həyata keçirilən bu siyasət regionu qarşıdurma məkanından çıxararaq, qarşılıqlı maraqlara söykənən sabitlik zonasına çevirir.
K.Bayramov diqqətə çatdırıb ki, bu müstəvidə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" adı altında irəli sürülən nəqliyyat təşəbbüsü strateji çəkisi ilə ön plana çıxır: "Azərbaycanın əsas hissəsini Naxçıvanla əlaqələndirəcək bu xətt eyni zamanda Orta dəhlizin mühüm halqası kimi Avrasiyanın logistika xəritəsində tamamilə yeni bir dinamika formalaşdırır. Layihənin əhəmiyyəti regional hüdudları aşaraq qlobal miqyasda mühüm ticarət arteriyasına çevrilməsindədir. Ermənistan üçün isə bu marşrut onilliklərdir davam edən iqtisadi təcriddən xilas olmaq və beynəlxalq bazarlara inteqrasiya etmək şansı deməkdir. Beləliklə, sülh prosesi ilk dəfə olaraq tərəflərə konkret iqtisadi dividendlər vəd edən real bir mexanizmə çevrilir. Buna baxmayaraq, regional inkişaf fonunda bəzi Avropa institutlarının nümayiş etdirdiyi fərqli və ziddiyyətli yanaşmalar ciddi suallar doğurur. Dövlət başçısının çıxışında Avropa Komissiyasının konstruktiv mövqeyi təqdir edilsə də, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə qarşı olduqca sərt və kəskin tənqidi fikir ifadə olundu. Bakının əsas arqumenti ondan ibarətdir ki, bu təsisatlar regionda yaranmış yeni reallıqları obyektiv qiymətləndirmək əvəzinə siyasi qərəzə və ikili standartlara söykənərək sülh prosesinə dəstək deyil, maneə yaradan qərarlara imza atırlar. Xüsusilə 2023-cü ildə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra AŞPA tərəfindən tətbiq edilən məhdudiyyətlər rəsmi Bakı tərəfindən aşkar "selektiv yanaşma" kimi xarakterizə olunur".
Deputat deyib ki, Avropa Parlamentinə ünvanlanan tənqidlərin mərkəzində isə məhz bu qurumun qəbul etdiyi əsassız qətnamələr dayanır. Qısa zaman kəsiyində qəbul edilmiş çoxsaylı qərəzli sənədlər artıq institusional səviyyəyə çatmış subyektiv münasibətin bariz göstəricisidir. Burada əsas arqument ondan ibarətdir ki, Avropa Parlamenti öz daxilindəki fundamental problemləri həll etmək əvəzinə xarici siyasət gündəliyi üzərindən populist mövqe sərgiləməyə üstünlük verir. Nəticə etibarilə Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığı dayandırmaq qərarı xarici diplomatik təzyiqlərə qarşı verilmiş qətiyyətli institusional cavabdır.
Deputat vurğulayıb ki, bütün bu ziddiyyətli proseslərə rəğmən Azərbaycan sülh gündəliyinə sadiq qalaraq öz xarici siyasət kursunun ana xəttini dəyişməz saxlayır: "Dövlət başçısının çıxışının yekun hissəsində xüsusi vurğulanan bu məqam Bakının strateji prioritetinin qarşıdurma deyil, məhz bərabərhüquqlu əməkdaşlıq üzərində qurulduğunu bir daha təsdiq edir. Ermənistan rəhbərliyinin son açıqlamaları ilə üst-üstə düşən bu mövqe, regionun gələcəyinin kənar müdaxilələrdə deyil, birbaşa dialoq və qarşılıqlı etimadda olduğunu göstərir".
K.Bayramov əlavə edib ki, hazırkı mərhələdə görünən odur ki, regional dinamika artıq geriyə dönüşü olmayan yeni bir müstəviyə daxil olub və bu prosesin əsas hərəkətverici qüvvəsi məhz praqmatik əməkdaşlıqdır. Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqe və konstruktiv təşəbbüslər sübut edir ki, Cənubi Qafqazın gələcəyi kənar diktələrdə deyil, region dövlətlərinin bərabərhüquqlu tərəfdaşlığında və qarşılıqlı iqtisadi maraqlarındadır. Bakının strateji təmkinlə həyata keçirdiyi bu siyasət həm qərəzli beynəlxalq dairələrin təzyiqlərini zərərsizləşdirir, həm də regionda davamlı sülh və rifahın real təməllərini möhkəmləndirir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"