Avropa İttifaqı (Aİ) enerji böhranı ilə üz-üzə qaldığı bir vaxtda ciddi problemlə qarşılaşıb. Belə ki, qitədə mövcud olan yanacaq ehtiyatlarının dəqiq həcmi məlum deyil. Cari ilin əvvəlində Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin hərbi müstəviyə keçməsi bu problemin yaranmasına səbəb oldu. Dünya neft və qaz axınının 20 faizinin keçdiyi strateji Hörmüz boğazının blokadaya alınması Avropa üçün həyəcan təbilini çaldı. Lakin budəfəki böhran, sadəcə, qiymətlərin bahalaşması ilə bitmir, əsas qorxu yanacağın fiziki olaraq tapılmaması, yəni "qıtlıq" riskidir.
Avropada dövlətlərin rəsmi strateji ehtiyatları bəllidir və şəffafdır. Lakin gündəlik həyatımızı hərəkətə gətirən benzinin, dizelin və xüsusilə reaktiv yanacağın böyük hissəsi özəl şirkətlərin anbarlarındadır. Bu şirkətlər isə "kommersiya sirri" və rəqabət qaydalarını bəhanə edərək, əllərindəki real ehtiyatı gizli saxlayırlar. Bu "məlumat korluğu" siyasətçilərin işini iflic edir, nə qədər ehtiyatın qaldığını bilmədən verilən hər bir qərar qaranlıqda hədəfə atəş açmağa bənzəyir.
Vəziyyətin ciddiliyi müxtəlif enerji növlərində fərqli şəkildə özünü büruzə verir. Hazırda tədarük zəncirinin ən zəif bəndi reaktiv yanacaq hesab olunur. Aprel ayının sonuna olan rəsmi məlumatlara görə, Avropanın cəmi 6 həftəlik uçuş ehtiyatı qalıb. Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir ki, əgər tədarük yaxın vaxtlarda bərpa olunmasa, iyunun ortalarında Avropa səmalarına sükut çökə bilər. Artıq bir çox aviaşirkət uçuşları kütləvi şəkildə azaldır, bilet qiymətləri isə rekord həddə çataraq əlçatmaz olur.
Təbii qaz sektorunda müşahidə olunan mövcud mənzərə də ürəkaçan deyil. 2022-ci ildə xarici tədarükçülərdən birtərəfli asılılığın yaratdığı kəskin enerji böhranı və qlobal bazarlardakı qeyri-sabitlik Avropa üçün ciddi bir xəbərdarlıq rolunu oynadı. Həmin dövrdə yaşanan çətinliklər qitəni enerji təhlükəsizliyini qorumaq üçün anbarları maksimum dərəcədə doldurmağa sövq etdi. Lakin builki uzun sürən sərt qış şəraiti və eyni zamanda Yaxın Şərqdəki gərginliyin qlobal təchizat zəncirini qırması ehtiyatların sürətlə tükənməsinə səbəb olub. Hazırda qaz anbarlarının doluluq səviyyəsi 32 faizə düşüb ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. Normalda bu fəsildə qitə ölkələri növbəti mövsüm üçün ehtiyat toplamağa başlamalı olduğu halda, hələ də "xərcləmə" rejimində qalması qarşıdakı aylarda böyük bir hazırlıqsızlıq və enerji qıtlığı riski yaradır.
Qitənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan etibarlı tərəfdaş kimi xüsusi rol oynayır. Hazırda ölkəmiz Avropa İttifaqının 10 dövlətinə təbii qaz ixrac edir ki, bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi, o cümlədən Çexiyanın da bu siyahıya daxil edilməsi planlaşdırılır. Avropada yaranmış mövcud vəziyyət Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji əhəmiyyətini bir daha sübut edir. 2020-ci ilin sonundan etibarən istifadəyə verilən "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazı qitənin enerji balansında sabitləşdirici amilə çevrilərək bir çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir.
Eyni zamanda, Avropada yükdaşımaları üçün mühüm əhəmiyyət kəsb edən dizel və benzin ehtiyatları ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Bu məhsulların əhəmiyyətli hissəsi özəl anbarlarda saxlanılır. Şirkətlər gələcəkdə qiymətlərin daha da qalxacağını ehtimal edərək yanacağı bazara çıxarmağa tələsmirlər. Bu vəziyyət bazarda süni qıtlığın yaranmasına və qiymət fırıldaqçılığına münbit şərait yaradır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen etiraf edir ki, Yaxın Şərqdəki gərginlik Aİ-yə hər gün təxminən 500 milyon avro əlavə xərc yükləyir. Bu məbləğ Avropa sənayesinin rəqabət qabiliyyətinin itirilməsi deməkdir.
Bəs Avropa bu quyudan necə çıxacaq? Hazırda Brüsseldə iki əsas istiqamət müzakirə olunur. Birincisi, ABŞ-nin Enerji İnformasiya Administrasiyası modelinə bənzər bir "Yanacaq Rəsədxanası" yaratmaqdır. Bu qurum özəl şirkətləri ehtiyatları açıqlamağa məcbur edəcək. İkincisi isə məcburi qənaət rejimidir. Bəzi ölkələrdə artıq həftəsonları avtomobil qadağaları və iş yerlərində istilik limitləri müzakirə olunur. Eyni zamanda Avropanın daxilində hələ də istifadə olunmamış təxminən 4 milyard barellik neft ehtiyatı var. Avropada indi "yaşıl enerji" prioritetlərini müvəqqəti kənara qoyub, milli təhlükəsizlik naminə bu quyuları qazmağın vaxtının çatdığı barədə çağırışlar artır.
Avropa hazırda həm enerji, həm də etimad böhranı yaşayır. Yanacaq çənlərinin dibi görünməyə başlayıb, amma o dibin nə qədər dərində olduğunu heç kim dəqiq bilmir. 2026-cı ilin yay ayları qitə üçün həlledici sınaq olacaq.
Təhminə VERDİYEVA,
"Azərbaycan"