11 May 2023 09:30
1629
SİYASƏT
A- A+
Qüdrətli Azərbaycanın ən ali mükafatları

Qüdrətli Azərbaycanın ən ali mükafatları

 

"Heydər Əliyev" ordeni və 100 illik yubiley medalı Ulu Öndərə əbədi ehtiramın bariz təcəssümüdür

 

Müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bütün siyasi karyerasını, həyatını xalqının, dövlətinin əbədi müstəqilliyinin qorunub saxlanmasına, daha da möhkəmlənməsinə həsr edən Ulu Öndərin bioqrafiyası  bütünlüklə Azərbaycanın tərcümeyi-halı, şərəf salnaməsidir.
Ölkəmizdə hansı uğura, zəfərə, tərəqqiyə nəzər salsan, orada hökmən Heydər Əliyevin imzası, müəllifliyi görünəcək. Tarixin ən çətin anlarında yurdunu, millətini keşməkeşlərdən, aşırımlardan keçirən, inamla işıqlı sabahlara doğru aparan Ulu Öndərin adı elə məhz buna görə də Azərbaycan xalqının qəlbində əbədiləşib. Hər il mayın 10-da Azərbaycanda ümumxalq bayramının keçirilməsini şərtləndirən də məhz Ümummilli Liderə olan sevgidir. Bu bayram həm də əbədi ehtiramın bariz təcəssümüdür. 

 

26 nəfərin layiq görüldüyü ən yüksək dövlət təltifi

 

Ümummilli Liderin bu müstəsna tarixi xidmətlərini nəzərə alan Azərbaycan hökuməti onun xatirəsini dövlət səviyyəsində əbədiləşdirmək məqsədilə respublikanın ən yüksək və ən ali mükafatı sayılan "Heydər Əliyev" ordeni təsis edib. 
Ali ordenin təsis edilməsi Milli Məclisə dövlət başçısının "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli fərmanı ilə tövsiyə olunub.  Milli Məclisin 22 aprel 2005-ci il tarixli qərarına əsasən, "Heydər Əliyev" ordeni təsis edilib və həmin qanun dərc edildiyi gündən - 28 aprel 2005-ci il tarixdən qüvvəyə minib. Yəni ölkə qanunvericiliyinə görə, həmin  tarixdən  Azərbaycanın ən yüksək dövlət təltifi "Heydər Əliyev" ordenidir.
Təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. 2014-cü il fevralın 3-də ordenin əsasnaməsinə edilən dəyişiklikdən sonra döş nişanı da əlavə edilib.
Ali mükafat həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə verilir. Ölkəmizdə Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən, Vətənin müdafiəsində, dövlət mənafelərinin qorunmasında mərdlik, şücaət göstərən şəxslərə və dövlət başçısına onun statusuna görə verilir.
Azərbaycan qarşısında böyük xidmətləri olan, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlər göstərən, ölkəmizlə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində mütərəqqi addımlar atan əcnəbilər bu ali mükafata layiq görülür.  
2005-ci ildən bu günə qədər 26 nəfər bu ali ordenlə təltif edilib. 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri həmin zaman dövlət başçısı olublar. Təltif olunan 26 nəfərdən cəmi 2 nəfəri xanımdır.
Ordenin ilk laureatı Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, 200 illik münaqişəyə, 30 illik müharibəyə son qoyub xalqının yurd-torpaq həsrətini aradan qaldıran Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 2005-ci il aprelin 28-də keçirilən təntənəli mərasimdə "Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib. 
Bu ali mükafata həmçinin ölkəmizdə siyasətin, iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin, islam dininin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğində böyük xidmətlərinə görə Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Tahir Salahov, Ömər Eldarov, Şeyx Allahşükür Paşazadə, Zeynəb Xanlarova və başqaları, əcnəbilərdən isə Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətləri olan hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, sabiq Prezident Abdulla Gül, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi İhsan Doğramacı,  Jak Şirak (Fransanın sabiq prezidenti), Nursultan Nazarbayev (Qazaxıstanın sabiq prezidenti), Viktor Yuşşenko (Ukraynanın sabiq prezidenti), Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Lex Kaçinski (Polşanın keçmiş prezidenti), Georgi Pırvanov (Bolqarıstanın sabiq prezidenti), Trayan Besesku (Rumıniyanın sabiq lideri), Sercio Mattarella (İtaliyanın Pzezidenti), Aleksandr Lukaşenko (Belarus Prezidenti) və başqaları öz ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlər göstərdikləri üçün təltif ediliblər.  

 

447 brilyant daşı olan orden

 

Azərbaycanın ən ali mükafatının hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıldan istifadə edilib. Ümumi götürdükdə isə cəmi 0,83 karatlıq 8 brilyant daş, cəmi 5,3 karatlıq 224 brilyant daş, 1,37 karatlıq 95 brilyant daş, 0,23 karatlıq 116 brilyant daş, 0,032 karatlıq 4 brilyant daş, ümumən 447 brilyant daşdan istifadə olunub.
"Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olaraq gümüşdən hazırlanıb. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənib. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilib. 
Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefi verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanıb. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunub. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "Heydər Əliyev" sözləri yazılıb, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilib, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq var. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilib.
"Heydər Əliyev" ordeni boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilib. Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilib. Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnib. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilib. Çərçivə gümüşdən hazırlanıb, qızıl suyuna çəkilib.
Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir. Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunub. Paltara bərkidilmək üçün müvafiq elementi var. Döş nişanı 585 və 999 əyarlı qızıldan hazırlanıb.
"Heydər Əliyev" ordeninin ulduzu döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.

 

Ulu Öndərin 100 illik yubileyinə ən dəyərli töhfə

 

Azərbaycanın xilaskar liderinin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə həm də yubiley medalı təsis edilib. 
Milli Məclisdə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üç oxunuşda təsdiqlənib. 
Ulu Öndərin xatirəsinə veriləcək ən dəyərli töhfələrdən olan yubiley medalı Azərbaycan medalları sırasında xüsusi yer tutur və Əsasnaməyə əsasən bu medal ordenlərdən sonra sıralamada ilk olaraq taxılır. Əsasnamənin 1-ci maddəsinə görə, yubiley medalı ilə təltif ediləcək şəxslərin dairəsi digər medallarla müqayisədə genişdir.
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. Heydər Əliyev irsinin tədqiqində və təbliğində, dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin, sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində, beynəlxalq əməkdaşlığın inkişafında, dövlət müstəqilliyinin qorunub saxlanılmasında xüsusi xidmətləri olan şəxslər bu medala layiq görüləcəklər. 
Həmçinin yubiley medalı Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən, sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətləri olan, dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyət göstərən şəxslərə də veriləcək. 
"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.

 

Üzəri 999.9 əyarlı qızıl qatı ilə örtülən iki səkkizguşəli ulduz

 

Yubiley medalı üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan, ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.
Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilib. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanıb, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "HEYDƏR ƏLİYEV" sözləri, aşağı qövs boyunca "1923-2023" rəqəmləri yazılıb.
Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir. Medalın arxa tərəfi hamar səthlidir. Arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir. Yubiley medalını paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunub.

 

Ölkəmizin tarixində ilk dəfə Azərbaycan qızılından hazırlanmış pul nişanları

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları da tədavülə buraxılıb. 
Azərbaycan Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixdən etibarən tədavülə buraxılmasını elan edib. 
Eyni zamanda Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın "The Royal Mint" şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və "Heydər Əliyev" yazıları, arxa tərəfində isə "Azərbaycan Respublikası" sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçiriləcək. Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr), 1/2 Oz (15.55 qr), 1/4 Oz (7.78 qr), 1/10 Oz (3.11 qr) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.
Bütün bunlar əlbəttə ki, Ulu Öndərin əziz xatirəsinə, irsinə növbəti ehtiram nümunəsidir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün xalqımız və dövlətimiz tərəfindən indiyə kimi bir çox mühüm addımlar atılıb. Ulu Öndərin 100 illik yubileyi, eləcə də məhz "Heydər Əliyev İli" çərçivəsində bunların həyata keçirilməsi isə çox böyük tarixi, praktiki və mənəvi əhəmiyyətə malikdir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!