20 Mart 2022 01:40
4903
CƏMİYYƏT
A- A+
“Qocalar evi”nin tənha sakinləri

“Qocalar evi”nin tənha sakinləri

 

Həyatının ahıl çağında kimsəsiz və tənha qalmış insanlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar

 

Bilgəhdəki “Qocalar evi” kimi tanınan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gələrkən yolboyu beynimdə çoxlu suallar dolaşırdı. Təşəbbüs ilk dəfə kimə məxsus olub? Nəyə görə ona ehtiyac duyulub?

 “Qocalar evi”ndə yaşamaq valideynin, yoxsa övladınmı səhvi ucbatından olur? Bu məkanın sakini olmaq lütfdür, yoxsa bədəl?! Yolboyu məni intizarda saxlayan hisslər mənzil başına çatanda təəccüblə əvəz olundu.

 

Mükəmməl sosial siyasətin nümunəsi

 

Geniş həyət, təmirli bina... Qapısındakı lövhəni görməsəydim, səhv gəldiyimi düşünəcəkdim.

“Qocalar evi”nə daxil olan andan yaradılan şəraiti, göstərilən xidmətləri görərkən ilk növbədə dövlətimizin öz ahıl insanlarına necə diqqət və şəfqətlə yanaşdığına əmin olduq. Bəli, Azərbaycan mükəmməl sosial siyasətin həyata keçirildiyi, o cümlədən ahıl vətəndaşların yüksək dövlət qayğısı ilə əhatələndiyi, bu kateqoriyadan olan insanlara hörmət və ehtiramla yanaşılan ölkələrdən biridir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına, təsdiq etdiyi dövlət proqramlarına, digər sənədlərə əsasən ölkəmizdə ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən humanist layihələr, nəcib tədbirlər ahıl vətəndaşları da əhatə edir. Fondun dəstəyi ilə ahıllara xidmət edən müxtəlif tədbirlər, aksiyalar keçirilir. Leyla xanım Əliyeva tez-tez “Qocalar evi”nə gəlir, buranın sakinləri ilə görüşür, onları dinləyir, həm də bu insanlara çox böyük mənəvi dəstək olur. Belə görüşlərin hər biri bu insanlarda sonsuz sevinc, fərəh hissi yaradır.

Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində olan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin beşmərtəbəli binasında 300 sakinin məskunlaşması üçün hər cür şərait yaradılıb. Müəssisənin direktoru Samirə Mehdiyeva bizi müəssisə, sakinlər, işçi heyəti ilə tanış edərək ətraflı məlumat verdi. Dedi ki, hər bir ahıl ayrıca otaq, tibbi yardım və geyimlə təmin olunur. Kitabxana, ahılların özünüməşğulluğu, müəyyən əl işləri hazırlamaları üçün emalatxanalar, hətta idman zalı onların istifadəsindədir. Hazırda burada 188 ahıl şəxs və 67 işçi heyət var. İşçilər xüsusi diqqətlə seçilir. Belə ki, onlar tibbi, psixoloji testlərdən keçəndən sonra işə götürülürlər.

Yeri gəlmişkən, xidmət  müəssisəsinə yalnız 70 yaşından yuxarı ahıllar qəbul edilir. Ahılların hər biri təqaüd alır və istədikləri vaxt mağazaya gedib, ürəkləri istəyəni ala bilir. Çox zaman bundan istifadə etmirlər, çünki ehtiyac olmur.

 

“Burada hər şey ürəyimizcədir”

 

Müəssisənin sakinlərindən ilk olaraq, Ənvər dayı ilə tanış olduq. Bu müdrik insan qısa müddət ərzində sevgimizi qazandı. 96 yaşlı Ənvər dayı buranın ən ahıl sakinidir. O, üç ildir qızıyla birgə burada yaşayır. Qızı eşitmə və danışma qüsurludur. Uzun illərdir qızıyla birlikdə kirayədə yaşayan Ənvər dayı həm fiziki, həm maddi baxımdan özünü və qızını idarə edə bilmədiyini görəndə müvafiq orqanlara müraciət edib. “Burada hər şey ürəyimizcədir. Təmizliyimiz, geyimimiz, qidalanmağımız çox yaxşıdır. Mənimlə yaşıd, həmsöhbət  olan yoldaşlarım var. Başlıcası isə, övladım gözümün qabağındadır. Onun necə sevgiylə əhatə olunduğunu, üzünün, gözlərinin güldüyünü görəndə buranı seçməyimdən rahatlıq duyuram”, -  deyə o bildirir.

Burada diqqətimi çəkən bir məqam bütün sakinlərin yaşlarından çox cavan görünmələri idi. Hətta bəzilərinə baxanda nə əcəb bu yaşda insanları bu müəssisəyə qəbul ediblər, deyə düşündüm də. Sonradan ünsiyyət zamanı məlum oldu ki, onların yaşı 70-dən az deyil. Belə həmsöhbətlərimdən biri də 72 yaşlı Mayıs dayıdır. O, övladları olsa da, müəyyən səbəblərdən burada yaşamaq qərarına gəlib. Ənvər dayı ilə həm də “tərəf müqabil”dirlər, asudə vaxtlarında şahmat oynayırlar. Ənvər dayı hətta Gənclər Günündə Sabunçu rayonunda keçirilən şahmat müsabiqəsində iştirak edərək mükafat da alıb.

74 yaşlı İsa dayı mülayim siması, gülər üzü ilə ilk baxışdan diqqətimi çəkdi. Əbəs deyilmiş. Demə, uzun illərin müəllimi imiş. 36 illik peşə həyatında yüzlərlə şagirdin yöngöstərəni olub. Şagirdləri, kollektivi hələ də onu xatırlayır, ara-sıra müəllimlərinə baş da çəkirlər. Səhhətindəki problemlərdən yana bir sıra ağır əməliyyatlardan sonra özünü təkbaşına idarə edə bilməyib və bura pənah gətirib. Mərkəzdə sevimli güşəsi kitabxanadır. Gününün çox hissəsini mütaliə etməklə keçirir. Ən çox da şeir əzbərləməyi sevir. Bu şeirlərdən birini bizim üçün də söylədi.

Mərkəzdə yaşayan ahılların asudə vaxtlarının səmərəli keçməsi, darıxmamaları, ən əsası da özlərini cəmiyyətdən təcrid olunmuş hiss etməmələri üçün müxtəlif tədbirlər, gəzintilər, əyləncələr təşkil edilir. Sakinlərə aşbazlıq, toxuma və tikiş kursları, yoqa dərsləri, müxtəlif peşə təlimləri keçirilir. Pandemiya bir az səngiyəndən sonra dənizkənarı parka, İçərişəhərə, konsertlərə, zooparka, mərkəzdəki restoranlara, hətta Zirəyə balıq tutmağa da gediblər. Samirə Mehdiyeva deyir ki, “Xeyirxah insanlarımız, vətəndaşlarımız bizə maddi dəstək olmaq istəsələr də, onu qətiyyən qəbul etmirik. Çünki buna ehtiyac yoxdur”.

Bu yaxınlarda gözəl bir təşəbbüsü də gerçəkləşdiriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsindəki Mədəniyyət Mərkəzində “23.59 qatarı” adlı birpərdəli tamaşa səhnələşdirilib. Tamaşa Türkiyə dramaturqu Toyqun Orbayın “21.15 qatarı” pyesi əsasında hazırlanıb. Səhnədə tanınmışlarla yanaşı, “Ahıllar evi”nin sakinləri və işçiləri də yer alıblar.

Tamaşada iştirak edən Həbib dayı deyir ki, artıq 17 ildir ki, burada yaşayır. Stolüstü oyunları çox sevən, insanlarla rahat ünsiyyət qurmağı bacaran Həbib dayı gözəl səsi ilə də eşidəni valeh edir. O, mütəmadi olaraq müəllimləri ilə mərkəzə gələn şagirdlərin sevimli həmsöhbətidir. Onlar Həbib dayının ifa etdiyi mahnıları isə xüsusi zövqlə dinləyirlər. Müəssisənin onun evi olduğunu söyləyən ağsaqqal burada həyat yollarının kəsişdiyi Məleykə xanımla birlikdə 14 ildir ki, ömürlərinin ikinci baharını yaşayırlar. Onlar Novruz bayramına sevinclə hazırlaşıblar. Əslində, indi burada hamı bu işə səfərbər olub. Səməni qoyur, xonçalar hazırlayır, bayram şirniyyatları bişirir, abadlıq işləri görürlər.

Sona xanımla Elmira xanım da uzun illərdir burada yaşayırlar. Bacı kimidilər. Otaqları ayrı olsa da, günün, demək olar ki, çox hissəsini birlikdə keçirilər.

Yazın gəlişi bura da bir ayrı ab-hava gətirib. İsti havalarda müəssisənin sakinləri bağda əkdikləri güllərə, ağaclara qulluq edirlər, geniş, səliqəli həyətdə gəzintiyə çıxırlar, hələ trenajorlardan da istifadə edərək fəal həyat tərzi keçirirlər.

 

Müəssisədə heç bir ahıl koronavirusa yoluxmayıb

 

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayanların səhhəti də daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir. Mərkəzdə ilk tibbi yardımın göstərilməsi üçün lazımi imkanlar var. Eyni zamanda dövlət dəstəyi ilə müraciət etdikləri bütün xəstəxanalardan yüksək diqqət görürlər. Həkimlər də  mütəmadi olaraq bura gəlib sakinləri müayinə edir, xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması üçün müvafiq işlər görürlər. Əgər ehtiyac varsa, xəstəxanaya yerləşdirirlər.

Pandemiyadan öncə həftə sonları yaxınları, qohumları ahılları ziyarətə gəlir, birlikdə vaxt keçirirdilər. Karantin dövrü olduğu üçün sakinlərin yaşları, səhhətləri nəzərə alınaraq hələlik bu görüşlərə icazə verilmir. Elə buna görə və digər tədbirlər səbəbindən pandemiya müddətində mərkəzin bir sakini belə xəstəliyə yoluxmayıb.

Psixoloqlar da mütəmadi olaraq mərkəzə gəlir, fərdi və qrup şəklində söhbətlər aparır, öz yaşıdları ilə ümumi dil tapması, mərkəzə adaptasiya prosesinin rahat keçməsi üçün psixoloji dəstək göstərirlər.

Əslində, belə müəssisələrdə insanlararası münasibətlərdəki tarazlığı qorumaq çox çətindir. Müxtəlif  xasiyyətli, uzun bir həyat yolu keçmiş, dünyagörüşü və dünyaya baxışı fərqli olan bu qədər insanın, necə deyərlər, bir damın altında yaşaması heç də asan deyil. Bu da rəhbərlikdən və  işçi heyətindən səbir, diqqət, ən əsası isə, peşəkarlıq tələb edir. Gördüyüm qədərilə onlar bu işin öhdəsindən bacarıqla gəlirlər.

Bu cür sosial müəssisələr hər bir dövlətin simasıdır. Dövlətin humanistlik, insanlıq, inkişaf səviyyəsinin təyini üçün meyardır. Bu baxımdan Azərbaycanda ahıl vətəndaşlara göstərilən bu qayğı dövlətimizin sosial siyasətinin ən gözəl nümünələrindən biridir. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində gördük ki, respublikamızda tənha ahıllara dövlət qayğısının artırılması, onların rahatlığı, sosial təminatının gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Bir daha əmin olduq ki, həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha qalmağa məhkum olmuş insanlar dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunublar.

 

Ülkər XASPOLADOVA,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!