İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizə beynəlxalq etimadın göstəricisi olmaqla yanaşı, yeni iqtisadi imkanlar deməkdir
Azərbaycan növbəti dəfə beynəlxalq səviyyəli dialoq və iqtisadi müzakirələrin mərkəzi rolunda çıxış edir. Prezident İlham Əliyevin himayəsi altında sentyabrın 25-də Bakıda öz işinə başlayan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş imicinin və qlobal investisiya xəritəsində tutduğu mövqeyin daha da möhkəmlənməsinin bariz göstəricisidir.
Bu mühüm forum ölkəmizin investisiya cəlbediciliyini artırmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, bağlantı və etimadın bərpası istiqamətində vacib töhfələr verir. Tədbirin yeni investisiya istiqamətlərinin təşviqinə, regional iqtisadi əlaqələrin möhkəmlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Ümumiyyətlə, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialını beynəlxalq auditoriyaya tanıdan, qlobal marağı konkret layihələrə çevirən mühüm platforma missiyasını yerinə yetirir.
Dünyada mürəkkəb iqtisadi proseslərin cərəyan etdiyi indiki dövrdə investorlar ilk növbədə sabitlik, proqnozlaşdırıla bilən siyasət və etibarlı tərəfdaşlar axtarırlar. Qlobal iqtisadiyyatın gərginliklər, təchizat zəncirlərinin yenidən qurulması və geosiyasi qeyri-müəyyənliklərlə qarşılaşdığı bir şəraitdə Azərbaycana olan yüksək maraq ölkəmizin etibarlı və sabit tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Ölkəmiz ardıcıl iqtisadi siyasəti, əlverişli biznes mühiti və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ilə bu etimadı möhkəmləndirir.
Forumun miqyası və coğrafiyası da tədbirin qlobal əhəmiyyətini nümayiş etdirir. Tədbirdə 3000-dən çox iştirakçı qeydiyyatdan keçib, 70 ölkədən 803 xarici nümayəndə iştirak edir. Forum hökumət rəsmilərini, qlobal investorları, biznes liderlərini, maliyyə institutlarını və aparıcı beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirərək çoxşaxəli dialoq mühiti formalaşdırıb. Əsas məqsəd qazanılmış beynəlxalq etimadı uzunmüddətli iqtisadi tərəfdaşlıqlara və konkret investisiya qərarlarına çevirməkdir.
Forum real iqtisadi nəticələr verən əməli platformadır. Təcrübə göstərir ki, ötən il keçirilən Birinci Forumda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox investisiya sazişləri imzalanıb ki, onların 7 milyard dollarından çoxu qeyri-neft-qaz sektoruna aid idi. Bu da Forumun iqtisadiyyatın şaxələndirilməsi siyasətinə real töhfə verdiyini tam təsdiqləyir.
Bu il isə forumun əməkdaşlıq gündəliyi daha da genişlənir. İmzalanması nəzərdə tutulan sənədlər sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, kənd təsərrüfatı, su resursları və idman kimi strateji sahələri əhatə edir. Burada əsas məqam yalnız sazişlərin həcmi deyil, investisiya mənbələrinin və istiqamətlərinin şaxələnməsidir. Azərbaycan ənənəvi enerji üstünlükləri ilə yanaşı, qeyri-neft-qaz sahələrində də xarici investorlar üçün cəlbedici məkana çevrilir.
Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanladığı müraciətdə ölkəmizdə yaradılmış əlverişli investisiya mühitini xüsusi vurğulayaraq bildirib: “Ölkəmizdə təmin edilmiş makroiqtisadi sabitlik, investisiyaların qorunması və əlverişli sahibkarlıq mühiti investorların uzunmüddətli etimadı üçün möhkəm zəmin yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır”.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, regionda sülh gündəliyi, Orta dəhliz və yeni nəqliyyat-energetika marşrutları Azərbaycanın beynəlxalq rolunu əhəmiyyətli dərəcədə genişləndirir. Ölkəmiz sadəcə tranzit məntəqəsi olmaqdan çıxaraq istehsal, logistika və regional dəyər zəncirləri üçün baza funksiyasını yerinə yetirir. Azərbaycana gələn investor yalnız daxili bazara deyil, eyni zamanda Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa istiqamətində geniş coğrafiyaya çıxış əldə edir.
Forum çərçivəsində keçirilən sessiyalarda qlobal iqtisadi proseslərin investisiyalara təsiri, Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıq perspektivləri hərtərəfli müzakirə olunur, ölkənin iqtisadi potensialı vahid platformada təqdim edilir. Tədbirin əhəmiyyəti yalnız investisiya sazişləri ilə də məhdudlaşmır. Burada iqtisadiyyat və maliyyə ilə yanaşı, kənd təsərrüfatı, enerji, ekologiya və yaşıl inkişaf, sosial siyasət, əmək bazarı, şəhərsalma və beynəlxalq əməkdaşlıq kimi istiqamətlər üzrə də geniş fikir mübadiləsi aparılır. Bu kompleks yanaşma Azərbaycanın şaxələndirilmiş potensialını beynəlxalq auditoriyaya təqdim etməyə imkan yaradır və ölkəmizi dayanıqlı inkişaf perspektivləri olan dövlət kimi tanıtdır.
Tədbirin mühüm xüsusiyyətlərindən biri də aparıcı beynəlxalq beyin mərkəzlərinin, xüsusən “The European House - Ambrosetti”nin strateji tərəfdaş qismində iştirakıdır. Bu amil tədbiri yalnız biznes və investisiya dialoqu platformasından çıxararaq qlobal iqtisadi və geosiyasi proseslərin müzakirə olunduğu analitik məkana çevirir. Ekspert baxışlarının səslənməsi yeni investisiya trendlərinin, regional bağlantıların və gələcək inkişaf istiqamətlərinin daha dərin təhlilinə şərait yaradır. Eyni zamanda Azərbaycanın mövqeyini və iqtisadi potensialını beynəlxalq dairələrin diqqətinə çatdırır. Yekun olaraq vurğulamaq olar ki, Bakıda təşkil olunan bu mötəbər forum Azərbaycanın qlobal iqtisadi inteqrasiyadakı liderlik rolunu bir daha təsdiq edir və ölkəmizə yeni investisiya axınını genişləndirir.
İsmayıl QOCAYEV,
“Azərbaycan”