Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı onların qaçılmaz hüququdur və beynəlxalq birlik bu məsələyə biganə qalmamalıdır.
Prezident İlham Əliyevin apardığı siyasətin prioritet ideoloji xətlərindən biri olmaqla Qərbi Azərbaycan məsələsi bu gün beynəlxalq gündəlikdə daha çox aktuallıq qazanır.
Azərbaycan bu məsələdə tarixi tədqiqatlar, hüquqi əsaslandırmalar, beynəlxalq təşəbbüslər və diplomatik təzyiq kimi çoxkomponentli yanaşma tətbiq edir. Belə kompleks yanaşma ideoloji xəttin davamlılığını təmin etməklə yanaşı, Azərbaycanın haqlı tələblərinin beynəlxalq səviyyədə tanınmasını gücləndirir. Keçmişdə baş verənlərin dərindən təhlili və bu istiqamətdə elmi bazanın formalaşdırılması deportasiyaya və etnik təmizləməyə məruz qalmış yüzminlərlə qərbi azərbaycanlının hüquqlarının müdafiəsinə yönəlmiş gələcək fəaliyyətlər üçün zəmin yaradır.
Problemin həllində ən mühim addımlardan biri Qərbi Azərbaycandan olanların ictimai təşkilatlarının vahid Qərbi Azərbaycan İcması altında birləşdirilməsi oldu. Bu addım həm təşkilati, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Eyni zamanda yeni struktur səylərin təmərküzləşməsinə, fəaliyyətlərin əlaqələndirilməsinə və problemin həlli üçün sistemli yanaşma tətbiqinə şərait yaradır.
İcma yalnız daxili konsolidasiyanı həyata keçirməklə kifayətlənməyib, eyni zamanda Qərbi Azərbaycan məsələsini beynəlxalq gündəmə çıxarmaq üçün fəal iş aparır. Bu, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi və təminatı qurumlarının, xarici dövlətlərin hökumətlərinin və geniş ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Artıq hər keçən gün bu məsələnin yalnız milli faciə deyil, həm də insan hüquqlarının müdafiəsi baxımından beynəlxalq çağırış olduğu anlayışı daha da güclənir. Azərbaycan açıq şəkildə bəyan edir: qərbi azərbaycanlıların öz doğma, tarixi torpaqlarına təhlükəsiz qayıdışının təmin olunması onların fundamental hüququdur və qaçılmaz prosesdir.
Bu hüquq müzakirə mövzusu ola bilməz, çünki o, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Qaçqınların Statusu haqqında Konvensiya və digər beynəlxalq hüquqi sənədlərdə dəqiq təsbit olunub.
Azərbaycan hazırda Ermənistandan beynəlxalq hüquq normalarına uyğun aydın, konkret, məntiqi və şəffaf mövqe gözləyir. Bakı Ermənistan rəhbərliyindən soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun tanınması, Qərbi Azərbaycana dönəcək şəxslər üçün təhlükəsizlik təminatlarının verilməsi, infrastrukturun bərpası və qayıdışın gerçəkləşəcəyi ərazilərdə normal həyat üçün şəraitin yaradılması kimi konkret addımların atılmasını tələb edir.
Qərbi Azərbaycanda soydaşlarımızın deportasiyaya və etnik təmizləməyə məruz qalmasından öncə yaşadıqları kəndlərin tam əksəriyyəti tamamilə boşdur. Vaxtilə çiçəklənən bu torpaqlar indi viranə qalaraq cansız ərazilərə çevrilib. Həmin torpaqlar öz qanuni sakinlərindən məhrum edilib, infrastrukturu məhv olunub, inkişaf potensialı tamamilə itirilib. Ermənistan bu ərazilərin taleyi barədə danışmaqdan şüurlu şəkildə yayınaraq, orada azərbaycanlıların mövcudluğu haqqında xatirələri silməyə, tarixi faktları yox etməyə, abidələri və izləri büsbütün məhv etməyə çalışır. Amma reallığı danmaq mümkün deyil: həmin torpaqlar zorakılıq və etnik təmizləmə təhdidi ilə oradan çıxarılmış azərbaycanlılara məxsusdur.
Azərbaycan xalqı və hakimiyyəti Ermənistanın baş nazirini Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birbaşa dialoqa çağırır. Bu addım Avropa standartlarına uyğun hərəkət etdiyini iddia edən bir ölkə üçün məntiqli olardı.
Ermənistanın belə dialoqdan imtina etməsi demokratiyanın və insan hüquqlarının əsas prinsiplərinin birbaşa pozulması demək olacaq. Əgər İrəvan hüquqları pozulmuş insanları dinləməyə hazır deyilsə, erməni cəmiyyətində hansı demokratiyadan söhbət gedə bilər? Belə davranış Ermənistanın usanmadan bəyan etdiyi, amma erməni reallığı ilə çox az əlaqəsi olan dəyərlərə tamamilə ziddir və ikili standartların bariz təzahürüdür.
Bundan başqa, qərbi azərbaycanlıların problemi yalnız Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində olan məsələ yox - ATƏT, Avropa Komissiyası, Avropa Şurası kimi qurumların aydın mövqe tələb etdiyi beynəlxalq bir problemdir. Bu məsələdə beynəlxalq ictimaiyyətin susqunluğu qəbuledilməzdir. Söhbət etnik təmizləmə və deportasiya nəticəsində zərər çəkmiş yüzminlərlə insanın hüquqlarının bərpasından gedir. Beynəlxalq təşkilatlar bu problemin həllinə mütləq şəkildə töhfə verməli, Ermənistana qəti çağırışlar etməli və Azərbaycanın haqlı tələblərini dəstəkləməlidir.
Qərbi azərbaycanlılar probleminin həlli insan hüquqlarının müdafiəsi baxımından beynəlxalq sistem üçün bir çağırışdır. Azərbaycan bütün ölkələrə və beynəlxalq strukturlara müraciət edərək, onları öz torpaqlarından məhrum edilmiş soydaşlarımızın hüquqlarını müdafiə etməyə çağırır.
Ədalət sadəcə şüar deyil, beynəlxalq münasibətlərin təməl prinsipidir. Yalnız birgə səylərlə qaçqınların hüquqlarını bərpa etmək və gələcəkdə belə faciələrin qarşısını almaq mümkündür. Qərbi azərbaycanlılar təkcə öz torpaqlarına qayıtmaq hüququna deyil, həm də həmin torpaqlarda ləyaqətli bir həyat yaşamağa layiqdirlər.
Beynəlxalq ictimaiyyət bu ədalətli çağırışı dəstəkləməli və həmrəylik nümayiş etdirməlidir.
Sevil MİKAYILOVA,
Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı