Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, Sərhəd Mühafizəsi sahəsində və ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində DSX-nin qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi Xidmətin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.
2024-cü il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DSX-nin yeni hərbi hospital kompleksinin açılışında iştirak etməsinin, Xidmətin 3 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, göstərdikləri igidliyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.
Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlət başçısının diqqət və qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.
Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.
Daha sonra ötən il DSX tərəfindən əldə edilən əsas nailiyyətlər barədə danışılıb. Qeyd edilib ki, fevralın 12-də Ermənistan Respublikası ərazisindən açılan atəş nəticəsində sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperləri, döyüş postu və dislokasiya məntəqəsi zərərsizləşdirilib.
Eyni zamanda, dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 min 500, axtarışda olan 3 min 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər sərhədçilərin sayıqlığı nəticəsində saxlanılıb.
Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər müəyyən edilib, terrorçuluğa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Ötən il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitə, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 28 ton 754 kiloqram narkotik xassəli bitki məhv edilib.
İşğaldan azad edilmiş ərazilərdə 15.9 kilometr yeni yol çəkilib, 126.5 kilometr yol əsaslı təmir olunub, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi vallar salınıb, 30.6 kilometr məsafədə isə mühəndis-texniki çəpər və fiber-optik kabel xətti çəkilib. Bundan əlavə 110.27 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdirildiyi qeyd edilib.
2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq DSX-nin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilib.
Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.