Yanvarın 10-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə ARVK-nın Deontologiya Komitəsinin üzvləri ilə görüş keçirilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A.Bağırov yeni yaradılan komitənin fəaliyyətini yüksək qiymətləndirib, üzvlərinə uğurlar arzulayıb.
Görüşdə komitənin gələcəkdə görəcəyi işlərə toxunulub, “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamənin kommentariyasının hazırlanmasının və bu işdə komitə ilə yanaşı, Vəkillərin İntizam Komissiyasının üzvlərinin, eləcə də ARVK üzvü olan vəkillərin də iştirakının mümkünlüyü qeyd edilib. Bunun üçün qısa zamanda müvafiq elanların verilməsi, yerli və beynəlxalq təcrübənin öyrənilməsi və kommentariyanın mündəricatının hazırlanaraq Kollegiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.
Komitə sədri Paşa Səfərov çıxışında 2025-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məsələsinin vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, iş planına uyğun olaraq Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə 2025-ci ilin fevral-mart ayları ərzində komitə üzvləri tərəfindən vəkillərə müxtəlif mövzularda təlimlərin keçirilməsi artıq müəyyən edilib.
Bundan başqa, görüşdə komitə tərəfindən “Vəkillərin davranış qaydalarına dair sənədlər toplusu” adlı material hazırlandığı, həmin materialda “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnamə ilə yanaşı, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) Avropa vəkillərinin davranış Kodeksi, BMT-nin Vəkillərin roluna dair əsas Prinsiplər, Beynəlxalq Vəkillər Assosiasiyasının Beynəlxalq Etik Kodeksi və ARVK sədri Anar Bağırovun ötən il 31 oktyabr tarixli icmal məktubundan çıxarışın öz əksini tapması diqqətə çatdırılıb.
Bildirilib ki, “Vəkillərin davranış qaydalarına dair sənədlər toplusu” adlı material vəkillər üçün, xüsusilə vəkil etikası və davranış qaydaları ilə bağlı maraqlanan vəkillər üçün əvəzsiz mənbədir. Bu, komitə tərəfindən hazırlanması proqnozlaşdırılan bir çox layihənin ilki hesab edilir.
Həmçinin Paşa Səfərov qeyd edib ki, ədalət mühakiməsində səmərəliliyin artırılmasında hakim-vəkil arasında prosessual münasibətlərin müsbət istiqamətdə inkişafı, o cümlədən etik və davranış münasibətlərinin müəyyən olunmuş qaydalar çərçivəsində göstərilməsi çox önəmlidir. Bu hallar həm ədalət mühakiməsinin, həm də vəkilliyin inkişafına təsir edəcək başlıca amillərdəndir. Məhz hazırkı vəziyyətdə hakim-vəkil münasibətlərinin etik və davranış qaydaları çərçivəsində davamlı olması üçün birgə işçi qrupun yaradılması, bu sahədə mövcud yerli və beynəlxalq sənədlərin birgə təhlili, habelə bu istiqamətdə hakim və vəkil korpusu arasında mütəmadi görüşlərin təşkil olunması olduqca zəruridir. Bu zərurətlə bağlı müvafiq hərəkətlərin edilməsi üçün komitə tərəfindən ARVK Rəyasət Heyətinə müraciət olunacağı vurğulanıb.