Dövlət başçısının hər bir çıxışı, müsahibəsi tarixi hadisə kimi yaddaşlara həkk olur. Dünya mətbuatının gündəminə çevrilir, yüksək siyasi dairələrdə haqqında geniş təhlillər aparılır... Hər bir kəlməsi ilə dəqiq hədəfi müəyyənləşdirən Azərbaycan Prezidenti möhkəm iradəsi, qətiyyəti, açıq fikirliliyi və konkretliyi ilə dostları sevindirməyi, ölkəmizin düşmənlərini isə böyük siyasi ustalıqla məyus etməyi bacarır.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə dünyada və regionda baş verən hadisələr, risklər və perspektivlər, ölkəmizin baxışı, planları barədə sualları əhatəli və əsaslı şəkildə cavablandırdı.
Bu bir reallıqdır ki, Azərbaycan özünün qüdrətli ordusu, güclü iqtisadiyyatı, beynəlxalq arenada önəmli mövqeyi, müstəqil xarici siyasəti ilə öz tarixinin ən şanlı dövrünü yaşayır. Yeni əsrin yeni lideri İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanı həm siyasi, iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Faktdır ki, çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu tarixi hadisə olmayıb. Ordumuz Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə mümkün olmayanı mümkün edərək xalqımıza tarixi qürur yaşatdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad olunmuş torpaqlarımız böyük tikinti meydançasını xatırladır. Düşmənin xarabazara döndərdiyi hər bir kənd, şəhər bərpa edilərək gülüstana çevrilir. Öz torpaqlarından məcburi şəkildə didərgin düşmüş insanlar doğma yurdlarına qayıdırlar.
Yerli televiziya kanallarına verdiyi müsahibəsində dövlət başçısı işğaldan azad olunmuş torpaqlar haqqında xüsusi olaraq vurğulayıb: "Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya".
Qarabağ və Şərqi Zəngəzurdan bəhs edərkən dövlət başçısı qeyd edib: "Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur, eyni zamanda ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, "yaşıl enerji" və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur".
Müsahibəsində dövlət başçısı qəti şəkildə bildirmişdir: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur".
Ermənistan və havadarları ölkəmizin iqtisadi qüdrətindən, hərbi gücündən, regionun lider dövləti olması və tam müstəqil siyasət aparmasından ciddi narahatdırlar. Azərbaycan heç bir vasitəçi olmadan öz hərbi gücü ilə Qarabağı azad etməklə Cənubi Qafqazda qlobal siyasi maraqları olan dövlətlərə ciddi zərbə vurdu. Onların "beynəlxalq nüfuzu"nu demək olar ki, heç etdi. Azərbaycanın bu möhtəşəm qələbəsini həzm edə bilməyən dövlətlər, xüsusilə Fransa Ermənistanı yenidən silahlandırmaqla regionda müharibə alovunu yenidən gövrükləməyə çalışır. Ermənistanı yenidən müharibəyə təhrik edənlər hesab edirlər ki, bununla Azərbaycanın iqtisadi inkişafına mane ola biləcəklər, Qarabağda gedən bərpa-quruculuq işlərinə əngəl törədəcəklər.
Azərbaycan Prezidenti müsahibəsində qeyd edib: "Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara". Azərbaycanın mövqeyini təkrar bəyan edərək dövlət başçısı xüsusi olaraq vurğuladı: "Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir".
Müsahibəsində Azərbaycan-Ermənistan sülh müqaviləsinə toxunan Prezident İlham Əliyev çox qəti şəkildə fikrini belə ifadə edib: "Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri".
İlham Əliyev xalqın sevib, seçdiyi liderdir. Gücünü də dünyada sülhə və sabitliyə təhlükə yaradan dövlətlərdən yox, öz xalqından, vətənindən, doğma insanlardan alır. Bu gün xalq öz liderinin arxasında qürurla dayanaraq onun qətiyyətli qərarlarını alqışlayır. Xalqına güvənən Prezident müsahibəsində xalqımızın birliyindən bəhs edərək sevgi ilə qeyd etmişdir: "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir".
Elşən QƏNİYEV,
"Azərbaycan"