Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi yalnız müasir deyil, son bir neçə əsrlik tariximizin mühüm hadisələridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran dövlətdir.
İlham ƏLİYEV: "Vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır"
Ermənistan yalnız Qarabağı və Şərqi Zəngəzuru işğal etməmişdi. Bu dövlətin indiki ərazisi də tarixi Azərbaycan torpaqlarıdır və zaman-zaman ermənilər tərəfindən işğal olunub. Azərbaycan bolşeviklər tərəfindən işğal olunandan sonra isə Qərbi Zəngəzur SSRİ mərkəzi hakimiyyətinin qərarı ilə Ermənistana verilib. Vətən müharibəsində və antiterror əməliyyatlarında zəfərlər qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi isə qərbi azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək onları əzəli yurdlarına qaytarmaqdır.
Qeyd edək ki, Azərbaycan cəmiyyətində Qərbi Azərbaycana qayıdış çağırışları həmişə olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın Azərbaycan ərazilərində yaradıldığını deyib. Məsələn, Prezident İlham Əliyev hələ 2011-ci ilin aprelində bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən zaman bu barədə demişdi: "Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".
Və elə həmin görüşdə Prezident İlham Əliyev bildirmişdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bəli, Prezident İlham Əliyev öz qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qeyd etdiyimiz kimi qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir. Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.
Qərbi Azərbaycana qayıdış çağırışı kefiyyətcə yeni mərhələyə yüksəlib
Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi respublikamızda bu mövzuya konseptual baxışın yaranmasına səbəb olub. Bu gün Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqını mobilizasiya edən əsas faktor kimi özünü göstərir. Bu, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.
2022-ci il dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim edən Prezident İlham Əliyev bununla soydaşlarımızın Qərbi Azərbaycana qayıdış arzusunu daha da gücləndirdi. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. "Bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah", - deyə Prezident İlham Əliyev bildirdi.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxış bütövlükdə Qərbi Azərbaycana qayıdış çağırışını kefiyyətcə yeni mərhələyə yüksəldib. Bundan sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb, müxtəlif layihələrə start verilib. Əsas hədəflərimizdən biri də indiki Ermənistan ərazisindəki maddi irsimizin ermənilər tərəfindən dağıdılmasının dünya ictimaiyyətinə çatdırılması, oradakı coğrafi adlarımızın, toponimlərimizin, qərbi azərbaycanlıların adət-ənənələrinin, folklor nümunələrinin, mətbəxinin yaşadılması və təbliğidir. Bütün bunların hər biri Qərbi Azərbaycana qayıdışın müxtəlif elementləridir. Qərbi Azərbaycana qayıdışla bağlı indiyədək Milli Məclisdə 4 dəfə ictimai dinləmənin keçirilməsi də bu məsələyə olan geniş ictimai baxışın və marağın göstəricisidir.
Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyanın əsas məqsəd və prinsipləri də aydındır. Bunlar indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınmasıdır.
Eyni zamanda geriyə qayıdacaq əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi, beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin olunması Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə qarşıya qoyulan məqsəd və hədəflərdir.
Hədəfimiz aydın, məqsədimiz bəllidir. Və bütün bunlar uğrunda mübarizə Qərbi Azərbaycana qayıdış konsepsiyanın bütün prinsipləri tam reallaşana qədər davam etdiriləcək. Azərbaycan xalqı Qarabağa və Şərqi Zəngəzura qayıtdığı kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da qayıdacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"