17 Dekabr 2024 08:35
94
SİYASƏT
A- A+
Qərb Gürcüstanda məğlub oldu

Qərb Gürcüstanda məğlub oldu


Cənubi Qafqazı təsir dairəsinə salmaq bölgədə marağı olan Qərbin çoxdankı istəyidir. Müəyyən dövrlərdə Gürcüstan üzərindən qismən buna müvəffəq də olub. Qafqazın digər ölkəsi Ermənistanın isə hazırda da Qərbin forpostu olduğu danılmaz faktdır. 

Son dövrlərdə ABŞ və Avropa İttifaqı Gürcüstanda mövqeyini möhkəmləndirmək üçün bütün rıçaqlarını işə saldı, ələ aldığı QHT və KİV vasitəsilə çaxnaşmalar yaratmaqdan tutmuş, bu ölkəyə sanksiyaların tətbiqinə, siyasi təzyiqlərə qədər hər şeydən istifadə etməyə başladı. Bir sözlə, Qərb "rəngli inqilab" adı altında yenidən gürcü xalqını qara günə qoymağa çalışdı, amma Gürcüstanda ard-arda baş verən siyasi proseslər nəticəsində bu ölkədəki dayaqlarını itirdi, konkret olaraq məğlub oldu. 


Cənubi Qafqazda Ukrayna ssenarisi fiaskoya uğradı


Gürcü xalqının istəyinin təzahürü olaraq "Gürcü arzusu" Partiyasının hakim mövqeyini qoruyub saxlaması, həmçinin Mixeil Kavelaşvilinin dekabrın 14-də keçirilən seçkilərdə qalib gələrək Gürcüstan Prezidenti seçilməsi ölkədəki son proseslər fonunda  mühüm siyasi hadisədir. Gürcüstan Qərbin planlaşdırdığı kimi, vətəndaş müharibəsinə, savaş meydanına çevrilmədi. Çünki Ukraynadan sonra Qərb dairələrinin Rusiyaya ikinci müharibə cəbhəsi açmaq ssenarisini məhz Gürcüstanda həyata keçirmək istəyi gün kimi ortada idi. 

Hələ 2004-cü ildə Qərb "demokratiya" adı altında bu ölkədə Gürcüstanın ərazilərinin itkisi kimi faciəvi hala gətirib çıxaracaq "rəngli inqilab" həyata keçirmişdi. Eyni zamanda Qərbin Saakaşviliyə yalan vədlər verərək onu 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləməsi nəticəsində Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi. Qərb Gürcüstanın arxasında dayanmadı, onu taleyi ilə baş-başa buraxdı. Tanış ssenarini hazırda Ukraynanın timsalında da izləyirik. Qərbin avantürası ilə müharibəyə sürüklənən Ukraynanın acınacaqlı vəziyyəti göz qabağındadır.  

Son zamanlar Qərb Gürcüstanda da bu təhlükəli planını gerçəkləşdirməyə cəhd edirdi. QHT, KİV və digər təsirində olan təşkilat və media, "qrant agenturası" vasitəsilə qızışdırıcı ritorika həyata keçirir, Gürcüstanı daxildən parçalamağa cəhd edirdi. 

Ancaq Gürcüstanın hazırkı hakimiyyəti siyasi iradə nümayiş etdirərək ölkəsinin, xalqının taleyi naminə Qərbə qarşı dirənc göstərməyi bacardı. Açıq mövqe ortaya qoyaraq nümayiş etdirdi ki, Gürcüstan Qərbin dağıdıcı maraqlarına xidmət etməyəcək və öz yolu ilə irəliləyəcək. 

Bu ölkənin 6-cı Prezidenti seçilmiş Mixeil Kavelaşvili də ötən bazar "İmedi" telekanalına verdiyi müsahibəsində bununla bağlı aydın mesajlarını çatdırıb. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var: "Əgər bizim dəyərlərimiz və xarakterimiz, mədəniyyətimiz, dilimiz, inancımız, vətəni müdafiəmiz olmasaydı, hansısa təşkilata qoşulmağın nə mənası olardı? Biz Avropa İttifaqına olduğumuz kimi üzv olmaq istəyirik, inteqrasiyadan imtina etmirik".

Ancaq bütün bunlar Qərbə sərf etmədiyi üçün Gürcüstanı qara siyahısına salıb və hələ də ona qarşı təzyiq mexanizmindən əl çəkməyib.  


Regionun taleyi Azərbaycan və Gürcüstandan asılıdır


Cənubi Qafqaza sahiblənmək istəyən Qərb zaman-zaman Azərbaycanda da digər  ölkələrdəki kimi ələ aldığı "qrant agenturası" vasitəsilə "rəngli inqilab"lara, yəni vətəndaş qarşıdurmasına, çevrilişə nail olmağa çalışıb. Amma xalqla iqtidarın birliyi Qərb maşalarının xain cəhdlərinin qarşısını qətiyyətlə alıb. Onu da vurğulayaq ki, 2020-ci ildəki 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra regiondan qovulan Qərb yenidən bura qayıtmaq üçün Gürcüstana fokuslanmışdı. Lakin ABŞ və Avropa Birliyinin istəyinə zidd olaraq hadisələr fərqli yöndə inkişaf etdi və gürcü xalqı hakim partiyanı dəstəkləyərək ölkənin müqəddəratını müəyyənləşdirməyi bacardı. 

Azərbaycan hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığa malikdir. Prezident İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə ünvanladığı məktubda Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını bildirib: "Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik".

Danılmaz faktdır ki, regionun taleyi Azərbaycan və Gürcüstandan birbaşa asılıdır. Hər iki ölkənin bir-birinin ərazi və suverenliyini dəstəkləməsi, bölgədə əməkdaşlığın, inkişafın tərəfdarı olmaları, həm də Cənubi Qafqazda təhlükəsizliyə xidmət edir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!