Yaxın keçmişdə elektik enerjisi sarıdan korluq çəkən, nəinki kəndləri, hətta şəhərləri də işığı az qala saatla alan Azərbaycan bu gün başdan-başa nur içindədir. Bu, son iki onillik ərzində tikilən və yenidən qurulan onlarla enerji obyektləri sayəsində mümkün olub. İndi ölkəmiz elektrik enerjisi ilə həm özünü təmin edir, həm də onun ixracatçısıdır.
Yola salmağa hazırlaşdığımız 2024-cü il ərzində də respublikanın müxtəlif yerlərində yeni elektrik stansiya və yarımstansiyaları istifadəyə verilib. Bu il fəaliyyətə başlayan həmin enerji obyektləri əsasən regionları əhatə edir. Prezident İlham Əliyevin bu enerji obyektlərinin hər birinin açılışında iştirak etməsi onların əhəmiyyətinə bir daha diqqət çəkir.
Dövlət başçısı aprelin 9-da Qəbələ rayonunda "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını işə saldı. 26 meqavat-amperlik (MVA) "Hacıalılı" yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib. Qeyd edək ki, rayonun elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. Aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib. Sözügedən yarımstansiya da istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə inşa edilib. Paylayıcı şəbəkələrdə "yaşıl" və innovativ texnologiyaların tətbiqi təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına imkan yaradır.
"Hacıalılı" elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün "Azərişıq" tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub. Elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq.
Bu il Qarabağın və Şərqi Zəngəzurun da işığı artdı. Ümumiyyətlə, elektrik enerjisi obyektlərinin istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işləri sırasında ön yerlərdən birini tutur. Çünki bunsuz heç bir inkişaf mümkün olmaz. Elə təkcə bu ilin may ayında Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dörd enerji obyektinin açılışını etdi.
Laçın rayonunda "Azərtnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" kiçik su-elektrik stansiyaları (KSES) açıldı. "Zabux" KSES 2,8 MVt, "Qarıqışlaq" KSES isə 4 MVt gücündədir. "Zabux" KSES-də il ərzində 8-9 milyon, "Qarıqışlaq" KSES-də 11-12 milyon kilovat-saat "yaşıl enerji" istehsal ediləcək.
Stansiyaların enerjisistemə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti çəkilməklə stansiyalar ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. Qeyd edək ki, Zabux Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayıdır. Odur ki, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaq.
Mayın 18-də isə "Azərenerji"nin "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyaları açıldı. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində qısa vaxtda hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat təşkil edən "Zəngilan" su-elektrik stansiyaları silsiləsi layihələndirilərək tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su-elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
"Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Zəngilan" və "Şayıflı" SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilmə təmin olunub. Bu SES-lərin il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat "yaşıl enerji" istehsal ediləcək. Bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.
Sözügedən silsilənin sonuncu stansiyası "Sarıqışlaq" isə oktyabr ayında istifadəyə verildi. "Sarıqışlaq"da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu stansiyada 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Qurğu nəinki "Sarıqışlaq" SES-də, eyni zamanda "Şayıflı" SES-də istehsal olunan "yaşıl enerji"nin sistemə ötürülməsi funksiyasını icra edir.
Əlavə edək ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə "Azərenerji" ASC-yə verdiyi tapşırığın icrası məqsədilə işğal dövründə dağıdılmış su-elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yeni su-elektrik stansiyalarının tikintisi barədə hesabat hazırlanaraq təqdim edilib. Hesabata əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su-elektrik stansiyası olacaq.
Flora SADIQLI,
"Azərbaycan"