Goranboylular yeni ili yeni uğurlarla qarşılayırlar
Ölkənin iri və öncül kənd təsərrüfatı rayonlarından biri də Goranboydur. Demək olar, hər il aqrar sahədə uğurlar qazanan goranboylu fermerlər cari ili də müsbət göstəricilərlə yola salmaq əzmindədirlər.
Rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyindən torpaq sahibləri yaxşı başa düşürlər ki, onların istehsal etdikləri məhsullar bütünlükdə ölkənin ərzağa olan tələbatının ödənilməsində müəyyən paya malikdir. Odur ki, rayonda hər il təkcə əkin sahələrini genişləndirməklə deyil, həm də məhsuldarlığı artırmaqla daha çox kənd təsərrüfatı məhsulları istehsal edilir.
Bu baxımdan cari il də istisna olmayacaq. Keçək rəqəmlərə: rayon üzrə cari mövsüm 15739,3 hektarda arpa, 7559,7 hektarda buğda olmaqla 23299,5 hektarda taxıl toxumu səpilmişdir. Biçin vaxtı "Aqroservis" ASC-yə məxsus 35, hüquqi və fiziki şəxslərə məxsus 36 olmaqla ümumilikdə 71 kombayn sahələrə çıxdı. Arpa üzrə orta məhsuldarlıq 33,6, buğda üzrə 36,2 sentner oldu ki, bu da əvvəlki ildəki göstəricidən xeyli çox idi. Kənd təsərrüfatının digər sahələrində də yüksək göstəricilərə nail olundu. Xüsusən kümçülər əvvəlki ildə qazandıqları göstəricini xeyli üstələdilər. 51 kümçü 110 qutu baramaqurdu toxumundan 4174 kiloqram barama yetişdirib təhvil verdi.
Artıq 5 ilə yaxındır ki, Goranboyda da pambıqçılıq müəyyən sayda fermerlərin əsas fəaliyyət sahəsidir. Yeri gəlmişkən, qeyd edək ki, bu il də rayonda pambıq əkini ilə "Azərpambıq", "MKT" və "Goran Cotton" MMC-lər məşğul olmuşlar. Onlarla bağlanan müqavilələrə əsasən, cari mövsüm 1450 hektarda pambıq əkilmişdir. Hələlik yetişdirilmiş pambığın 90 faizi yığılaraq təhvil verilmişdir.
Növbəti mövsümün məhsullarına gəldikdə, bu istiqamətdə də işlər pis getmir. Bizə təqdim olunan son məlumata görə, 10 hektar ərazidə buğda, 256 hektarda arpa, 184 hektarda xəsil, 63 hektarda təzə yonca və 412,14 hektarda digər məhsulların əkini aparılmışdır. Əkin sahələrinin suvarılması üçün 965 subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2019 kilometr olan suvarma kanallarından istifadə olunur. Həmin suvarma qurğularının daim saz vəziyyətdə olmasına diqqətlə yanaşılır. Təkcə cari il 769 subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 342 təzə nasos alınaraq quyulara quraşdırılmışdır. Əkin sahələrinin suvarma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Şəmkir Maşın Kanalının çəkilişinin III mərhələsində kəndlərə suvarma suyunun verilməsi üçün aparılan tikinti işləri isə fasiləsiz davam edir.
Demək olar, artıq qışdır, havalar əməlli-başlı soyuyub. Belə vaxtda isə əhalini təkcə əkin-biçin yox, elektrik enerjisi və təbii qazla təchizat da maraqlandırır. Götürək işıq məsələsini. Rayon elektrik şəbəkəsi 29789 abonentə xidmət edir. 27398 abonent əhali, 2378 abonent isə qeyri-əhali qruplarına aiddir. İl ərzində Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız 8 ağac dayaq metal dayaqlarla əvəz edilmişdir. Payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində isə Qarapirimli kəndində yeni elektrik transformatoru quraşdırılmışdır.
Təbii qazla təminata gəldikdə, Gəncə Regional Qaz İstismar İdarəsinin Goranboy Qaz İstismar Sahəsi əhalinin qaz təminatının yaxşılaşdırılması üçün 9346,96 paqonmetr (pm) yeni qaz xətti çəkmiş, Qazaxlar kəndində 1925 pm polad boru quraşdırmışdır. Bundan başqa, rayonun Nizami kəndində 1547 pm polad boru yenisi ilə əvəz edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda rayon üzrə yaşayış məntəqələrinin 96,7 faizi qazlaşdırılmışdır. Hələlik qazlaşdırılmamış Yuxarı Ballıqaya, Todan, Mənəşli, Erkəc və Börü kəndləri ilə bağlı isə layihə artıq hazırdır.
Goranboy Sukanal Sahəsi 7771 abonentə xidmət göstərir. İl ərzində Qazanbulaq qəsəbəsinə təxminən 7 kilometr məsafədən magistral su xətti çəkilmiş, fərdi qaydada sayğaclaşdırma işləri aparılmışdır. Sahənin işçiləri Dəliməmmədli şəhərində 3, Goran qəsəbəsində 1 subartezian nasosunu təmir və yararsız vəziyyətə düşmüş subartezian nasosunu təzəsi ilə əvəz etmişlər. Hazırda Rəhimli və Yeni qəsəbə ərazisində əhaliyə fərdi qaydada su verilməsi üçün xətlər çəkilir.
Qış mövsümündə Mərkəzi Elekton ATS-in fəaliyyətində də fasilələrin olmaması üçün tədbirlər görülmüş, o cümlədən 150 kilovoltluq generator qoyulmuş, Xınnalı, Veyisli, Qarqucaq, Muzdurlar və Səfikürd kəndlərində internetin şəbəkəsi genişləndirilmiş, Dəliməmmədli, Borsunlu, Veyisli, Səfikürd, Qaraçinar, Aşağı Ağcakənd, Qızılhacılı və Qarqucaq kəndlərində akkumulyatorlar qoyulmuşdur. Xınnalı-Borsunlu-Ağcakənd-Xoylu Dəliməmmədli-Xanqərvənd kəndlərində abunəçilərin istifadəsinə müasir tipli stansiyalar verilmişdir.
İl ərzində əhalinin məşğulluğunun təminatı da diqqət mərkəzində saxlanılmışdır. Konkret desək, 1379 nəfər daimi işlə, 299 nəfər mövsümi işlə təmin edilmiş, bundan əlavə, 57 nəfər özünüməşğulluq proqramı çərçivəsində özü üçün fəaliyyət sahəsi açmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"