17 Dekabr 2024 08:30
96
İQTİSADİYYAT
A- A+
Azərbaycan məhsulları Türkiyə bazarında daha geniş təmsil olunacaq

Azərbaycan məhsulları Türkiyə bazarında daha geniş təmsil olunacaq


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı ilə Türkiyənin İstanbul şəhərində yerləşən "Tradexter Global" şirkəti arasında anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər.

"Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: "İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş təmsil olunmağın ciddi əhəmiyyəti var. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələrinin nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da olur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil edilməsi türk dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir".

"Tradexter Global" şirkətinin baş icraçı direktoru Güclü İlalmak da Azərbaycanda istehsal olunan məhsullara Türkiyə bazarında tələbatın çox olduğundan danışıb: "Biz eyni tarixi köklərə, adət ənənələrə bağlı, eyni coğrafiyadan olan insanlarıq. Bu, bizim ağız dadımızın, qida seçimlərimizin bənzərliyi ilə də tamamlanır. Şirkətimiz Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasını yerli şirkətlərlə birgə yaxından işləyəcək. Bu proses tək fiziki mağazalar yox, həm də e-ticarət şəbəkələri üzərindən həyata keçiriləcək. Biz artıq "Azexport" platformasında mövcud olan Azərbaycan məhsullarının kataloqları ilə tanış olmuşuq. Hazırda məhsulların seçilməsi və şirkətlərlə görüşlərin keçirilməsi istiqamətində işlər davam edir. Əməkdaşlığımızın uğurlu olacağına inanırıq". 

Qeyd edək ki, Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar "Azexport" portalı vasitəsilə müraciət edə bilərlər. Portal tərəfindən göstərilən xidmətlərə görə faiz və ya komissiya nəzərdə tutulmayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi cari ilin 10 ayında qeyri-neft-qaz məhsullarının ixracı barədə statistik məlumatları da açıqlayıb. Bildirilir ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan ixrac edilən qeyri-neft-qaz məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 2,8 milyard dollar olub. Sözügedən dövr ərzində yeyinti məhsullarının dəyəri isə 13,6 faiz artaraq 803,1 milyon dollara çatıb. Bunlardan əlavə, şəkərdən hazırlanan qənnadı məhsullarının dəyəri 61,8, pambıq lifi 63,9, bitki-mənşəli yağlar və piylər 29,4, kimya sənayesi məhsulları 18,6, spirtli və spirtsiz içkilərin ixracı 15,8 faiz artıb. Hesabat dövründə aqrar məhsullarda  5,7, aqrar-sənaye məhsullarında 60,3 faiz artım olub. Bütövlükdə aqrar və aqrarsənaye məhsullarının birgə ixracı 17,8 faiz artıb. 

İlin 10 ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pambıq mahlıcı ikinci, tomat üçüncü olub. Həmin dövrdə ən çox Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, ABŞ-yə qeyri-neft sektoruna aid məhsul ixrac edilib. 

Yeni növ ixrac hesab edilən peyk telekommunikasiya xidmətləri ixracın şaxələnməsi istiqamətində mühüm rola malikdir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 15,4 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74 faizini təşkil edib. Cari ilin oktyabr ayında isə "Azərkosmos" dünyanın 40 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət göstərib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Pakistan və  Türkiyə olub.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!