17 Dekabr 2024 08:15
115
SİYASƏT
A- A+
"Binokl diplomatiyası"nın agentinə çevrilmiş missiyaya zərurət yoxdur

"Binokl diplomatiyası"nın agentinə çevrilmiş missiyaya zərurət yoxdur


"Ermənistan sülh üçün praktiki addımlar atmır. Son zamanlar bu ölkədə revanşist çağırışlar artmaqdadır. Xüsusilə, hərbiləşmə siyasəti, Qərblə bu istiqamətdə sıx əməkdaşlıq  Ermənistanın sülh sazişini imzalamağa maraqlı olmadığını göstərir". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, müəyyən Qərb dövlətləri, xüsusilə, Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. 

Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibənin başlanmasına hesablanıb. Ermənistandakı Avropa İttifaqının missiyasının kəşfiyyat xarakterli fəaliyyəti də bu məqsədə xidmət edir.

S.Fətəliyevanın sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının gerçək məqsədi regionda sülhə töhfə vermək deyil: "Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir. Sual yaranır: Avropa İttifaqının missiyası sərhəddə konkret hansı işlərlə məşğul olub? O, sülhə töhfə verə bilibmi, yaxud da Ermənistanın hərbi təxribatlarının qarşını alıbmı? Əlbəttə ki, yox. Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilərlə, eləcə də diplomatlarla birlikdə uzaqdan Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar. Sadəcə  missiyanın üzvlərinin sayı artırılaraq 200 nəfəri ötüb. Bu da Qərbin müəyyən maraqlarının göstəricisidir".  

Deputat qeyd edib ki, sözügedən missiya regional sabitlik, habelə tərəflər arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə hesablanmış "binokl diplomatiyası"nın agentinə çevrildiyi Aİ-nin diqqətinə çatdırılıb.

Sevinc Fətəliyevanın fikrincə, baş verənlər onu deməyə əsas verir ki, həqiqətən də, regionda belə bir missiyaya ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan artıq birbaşa danışıqlara üstünlük verir. Eləcə də tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması Aİ missiyasının Ermənistanda mövcudluğunu davam etdirməsinə lüzum olmadığını göstərir. "Əldə edilən razılığa uyğun olaraq may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyənləşdirilib. Yaxın zamanda Avropa İttifaqının Ermənistandakı missiyasının müddəti bitəcək. Bəzi qüvvələr isə onun mandatının uzadılmasına çalışırlar", - deyə o əlavə edib.

Siyasətçi vurğulayıb ki, proseslər Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac olmadığını göstərir. Bu baxımdan, Aİ-nin monitorinq missiyasına  da hər hansı zərurət duyulmur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!