Hayastan yenidən təxribatlara əl atarsa, böyük faciə ilə qarşılaşacaq
"Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxlayaraq, soydaşlarımızı qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum etmişdilər. Bu torpaqlarda bütün infrastruktur, tarixi və dini abidələrimiz dağıdılıb. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir, ancaq rəsmi İrəvanın sözdə sülh tərəfdarı olmasından danışması imitasiyadan başqa bir şey deyil".
"Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib ki, Ermənistanın hazırkı destruktiv mövqeyinin arxasında məhz Qərb dayanır. Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb. İki maddə ilə bağlı isə işlər davam edir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov da mətbuata açıqlamasında məlumat verib. Nazir bildirib ki, 17 maddə və preambuladan ibarət olan sülh müqaviləsi layihəsi preambula və 15 maddə üzrə demək olar tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallar var. Hələ ki tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb, işlər davam edir. "Ceyhun Bayramov onu da qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə etdikdən sonrakı sənədə istinad var və orada Azərbaycana ərazi iddiaları mövcuddur", - deyə o bildirib.
K.Bayramov qeyd edib ki, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına səbəb olar. Göründüyü kimi, məğlub ölkə savaşa hazırlaşır. Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana göndərmək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb. Bir tərəfdən, Fransa, digər tərəfdən, Avropa İttifaqının Ermənistanı silahlandırması bu qüvvələrin, əslində Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb. Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması gələcəkdə regionda münaqişənin yenidən alovlanmasını şərtləndirə bilər.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür: "Ölkəmizin yaratdığı yeni tarixi reallıqları qəbul etmək istəməyənlər vəziyyəti öz xeyirlərinə dəyişmək kimi çirkin və təhlükəli planları ilə regionu qarışdırıb "bulanıq suda balıq tutmağa" çalışırlar. Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha bu məsələdən danışaraq Ermənistana xəbərdarlıq etmişdi. Dövlət başçımız bildirmişdi ki, bu gün mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər".
Deputat vurğulayıb ki, Ermənistan Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa, sonu yaxşı olmayacaq. Çünki Azərbaycan Ermənistan tərəfindən hücuma məruz qalarsa, hərbi hədəflərin harada olmasına baxmayaraq, onu məhv edəcək. Ermənistan ərazilərindən ölkəmizə qarşı potensial təhlükə yaranarsa, təhlükəsizliyi təmin etmək tam hüququmuzdur.
Ə.QABİLQIZI,
"Azərbaycan"