25 Oktyabr 2023 09:20
1016
SİYASƏT
A- A+
Qələbənin Qubadlı zirvəsi

Qələbənin Qubadlı zirvəsi

 

2020-ci il 25 oktyabr...
Bir aya yaxındır ki, Vətən müharibəsi davam edir. Azərbaycan Ordusu hər gün daha da irəliləyərək torpaqlarımızı düşmən tapdağından qurtarır. Zəngilandan sonra isə Qubadlıya gedən yollar açılır. Qüdrətli ordumuzun növbəti tapşırığı Qubadlı rayonunu erməni işğalçılarından təmizləməkdir və təbii ki, qarşıya qoyulan bu vəzifə də layiqincə yerinə yetirilir. Qubadlı azadlığına qovuşur.
Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ordumuz buna nail oldu. İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər azad edildi. Oktyabrın 25-i 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı şəhərində ermənilər güclü istehkamlar qurmuşdular. Rayonun bəzi kəndləri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər Qubadlı şəhəri də işğaldan azad edildi. Bu zəfər xəbərini də xalqa Prezident İlham Əliyev çatdırdı. Uğurlu hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşməndən xilas edildi. 
Tarixə nəzər: Qubadlı və onun ətrafında yerləşən kəndlər XVIII əsrdə Qarabağ inzibati ərazisinə aid olub. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. 
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayon 1 şəhərdən və 93 kənddən ibarət idi. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər olub. 1988-ci ildən başlayaraq Ermənistan və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror aktları törədilib. 31 avqust 1993-cü ildə isə Ermənistan silahlı birləşmələri tərəfindən rayon işğal edilib.

 

Qubadlı Böyük qayıdışa sürətlə hazırlaşır

 

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva torpaqlarımız işğaldan azad edildikdən sonra 2020-ci il dekabrın 23-də Qubadlıya səfər etdilər. İlham Əliyev Azərbaycan bayrağını daha bir şəhərdə zirvəyə ucaltdı. 
Səfər zamanı çıxış edən dövlət başçısı Qubadlı döyüşlərindən danışaraq bildirdi:  "Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkib. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək ilk növbədə ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib". 
Qubadlı rayonunun və şəhərinin azad edilməsinin böyük strateji üstünlük təmin etdiyini deyən Prezident bundan sonra növbəti istiqamətin Laçın rayonu olduğunu xatırladıb: "...Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir". 
Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə yenidən bu rayona səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdi.
Qeyd edək ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki "Şükürbəyli" yarımstansiyasından "Cəbrayıl" yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli "Qubadlı-1", "Qubadlı-2" elektrik verilişi xətti çəkilmişdi. Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilmişdi. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılmışdı.
Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən İlham Əliyev qeyd etdi ki, Qubadlı şəhəri demək olar ki, yerlə yeksan edilib, bir salamat bina qalmayıb. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə edib, onlar da bərbad vəziyyətdə idi: "Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma, eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır".
Xatırladaq ki, 2021-ci il oktyabrın 25-də Prezident "Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdı. Sərəncama əsasən, Qubadlı şəhərinin baş planının hazırlanması üçün 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılmışdı.
Ötən ilin oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya növbəti dəfə səfər edərək "Bərgüşadçay" və "Zabuxçay" su anbarlarının layihələri ilə tanış oldular, Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Eyni zamanda Prezident və Birinci xanıma Qubadlı şəhərinin baş planı təqdim olundu. 

 

Strateji əhəmiyyətə malik şəhərin görünüşü

 

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.
Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar salınacaq, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.
Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər tikiləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər ("Sponge city") yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. 
Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, "yaşıl şəhər" obrazı yaradılacaq.

 

İşğal və Zəfər muzeyləri kompleksi, dağıntılardan ibarət Memorial Park yaradılacaq

 

Dövlət başçısı bu ilin may ayında da Qubadlıda olub. Ölkə rəhbəri Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoyub.
Ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-nin dördotaqlı və 20-nin isə beşotaqlı olması nəzərdə tutulur. 
Əsası qoyulan Xanlıq kəndi Qubadlı rayonunun mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Yaşayış məntəqəsinin layihələndirilən ərazisi kəndin köhnə ərazisini əhatə edir və ümumi sahəsi 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur. İnşa ediləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Perspektivdə Xanlıq kəndində 4 mindən çox sakinin məskunlaşdırılması planlaşdırılıb.
Təməli qoyulan Mahruzlu kəndində isə 2700-dən çox sakinin yaşaması nəzərdə tutulub. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. 
Zilanlıda isə birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulub. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Gələcəkdə bu kənddə 2520 nəfərin yaşaması planlaşdırılıb. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib.
Qubadlıda yaradılacaq İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi strateji mövqedə yerləşməklə, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Zəfər və İşğal muzeylərinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yolun qarşısından başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.
Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. 
Zəfər Muzeyinin interyeri dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan zəfərə, o cümlədən "Dəmir yumruq" əməliyyatına həsr olunacaq. 

 

Qubadlı igidləri

 

Qubadlını düşməndən təmizləmək heç də asan deyildi. Ekspertlər də qeyd edirlər ki, bu rayonda da düşmən istehkamı güclü idi və erməni hərbçiləri rayonun əldən çıxmaması üçün çalışırdılar. Bununla belə, qüdrətli ordumuzun igid oğulları nə olursa olsun, Qubadlını azad etməyi qarşılarına məqsəd qoymuş, verilmiş tapşırığı canları, qanları bahasına yerinə yetirəcəklərinə söz vermişdilər. Belə də oldu, onlar Qubadlını da düşmən tapdağından xilas etdilər. 
Həmin igidlər də Ali Baş Komandan tərəfindən mükafatlandırıldılar. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin 15212 hərbi qulluqçusu  "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər.

 

Qubadlı dirçəliş və inkişaf mərhələsini yaşayır

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qəzetimizə açıqlamasında deyib ki, artıq üç ildir Qubadlının işğal tarixini deyil, azadlığının təntənə gününü qeyd edirik. 
Deputat bunun çox qürurverici olduğunu vurğulayaraq bildirib ki, əvvəlki dövrlərdə müxtəlif tədbirlərdə qubadlılılar daim bu günü arzulayıblar. "Üç il əvvəl cənab Prezidentin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, qarşıya qoyulan daha bir məqsədə, hədəfə çatdıq. Qubadlı da işğaldan azad edildi. Azərbaycan Ordusu bu vəzifənin də öhdəsindən layiqincə gəldi". 
C.Məmmədov qeyd edib ki, bu gün Qubadlı yenidən qurulur, bərpa olunur. Qubadlıda böyük quruculuq və abadlıq işləri həyata keçirilir və digər işğaldan azad olunmuş bölgələrimiz kimi, bu rayon da özünün dirçəliş və inkişaf mərhələsini yaşayır. Artıq həm şəhər mərkəzində, həm də bir neçə kənddə Prezident İlham Əliyevin iştirakı ilə infrastrukturların təməlqoyma mərasimləri keçirilib. Yaxın vaxtlarda qubadlılıların doğma ev-eşiyinə qayıtması gözlənilir: "Əlbəttə, bütün bunlar asan deyil. Çətin də olsa, Azərbaycan bu işin öhdəsindən gələ bilir".

 

Rayonun hərbi əhəmiyyəti var

 

Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyıb. 
Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayon mərkəzinin azad edilməsi ordumuzun Laçın istiqamətində genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi üçün münbit şərait yaradıb: "Qubadlı şəhərinin düşmən tapdağından qurtulması Azərbaycan Ordusunun Şərqi Zəngəzur istiqamətində hərbi əməliyyatlar keçirməsinə imkan verdi. Vətən müharibəsinin ilk günlərindən Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun ordumuzun nəzarətinə keçməsi Ermənistanla Qarabağ  arasında yalnız Laçın vasitəsilə hərəkət etməyi şərtləndirirdi. Həmin yolun Azərbaycanın nəzarətinə keçməsi isə Ermənistanla Qarabağın əlaqəsini kəsdi".
Ekspert deyib ki, Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsi üçün Qubadlı və ətraf kəndlər mütləq işğaldan azad olunmalı idi. Digər tərəfdən isə Qubadlının azad olunması Azərbaycanın Ermənistanla sərhədlərinin bərpa olunması istiqamətində mühüm əhəmiyyət kəsb edirdi. Həmçinin ordumuzun Laçın və Şuşa istiqamətində irəliləməsi üçün münbit şərait yarandı. Başqa sözlə, Qubadlının azad olunması Azərbaycanın Vətən müharibəsindəki böyük qələbəsini bir qədər də yaxınlaşdırdı. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

21:39
06 İyun

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib  

20:16
06 İyun

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

19:28
06 İyun

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı  

18:47
06 İyun

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb  

17:25
06 İyun

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir  

17:13
06 İyun

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir  

16:27
06 İyun

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir  

16:10
06 İyun

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək  

15:19
06 İyun

Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq mümkün deyil

15:14
06 İyun

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

15:09
06 İyun

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  

14:58
06 İyun

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS  

14:46
06 İyun

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

14:09
06 İyun

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib  

13:46
06 İyun

PUA hücumu nəticəsində Livan generalı ölüb

13:29
06 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:06
06 İyun

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir 

12:43
06 İyun

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

12:18
06 İyun

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

12:06
06 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:17
06 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!