Otuz ilə yaxın Ermənistanın əsarətdə saxladığı qədim və əzəli Azərbaycan ərazilərində mədəni irsimizə, tarixi abidələrimizə vurduğu ziyanın, törətdiyi vandalizm aktlarının sayı-hesabı yoxdur. Onlardan biri də 1990-cı illərin əvvəllərində erməni qəsbkarlarının hücumlarına məruz qalanadək Qarabağın və Şərqi Zəngəzurun bütün yaşayış məntəqələrində fəaliyyət göstərmiş kitabxanalarımız oldu. Həmin kitabxanalar düşmənlərimiz tərəfindən yandırıldı, məhv edildi.
Şuşalı ziyalıların elm, təhsil, ədəbiyyat barədə müzakirələr apardığı ünvan
Erməni vandalizminə məruz qalan kitabxanalarımızdan biri də Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı Şuşa şəhərinin ilk şəhər kitabxanası oldu. Kitabxananın bünövrəsi 1897-ci ilin fevralında şair, rəssam, astronom, alim, ədəbiyyatşünas, xəttat, musiqişünas Mir Möhsün Nəvvab tərəfindən qoyulub. Bu həm də Qarabağ ərazisində ilk kitabxana-qiraətxana idi.
Mir Möhsün Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. O, məktəblərdə dərs deyib, şeirlər yazıb, elm və incəsənətin müxtəlif sahələrinə həsr etdiyi iyirmidən artıq kitabın müəllifi olub. Mir Möhsün Nəvvab özünün açdığı mətbəədə kitablar nəşr etdirib. Onun təməlini qoyduğu kitabxananın fəaliyyətə başlaması əlamətdar hadisəyə çevrilib. Şuşanın ziyalılarının çoxu bu kitabxana-qiraətxanaya üzv olublar.
Məlumata görə, hərbçi Mehdiqulu xan Vəfa və həkim Kərim bəy Mehmandarovun da bu kitabxananın yaradılmasında böyük xidmətləri vardı.
Mir Möhsün Nəvvab açdığı kitabxananı yeganə oğluna, Şuşada şair kimi tanınan, Miriş Ağa təxəllüsü ilə şeirlər yazan Mir İbrahimə tapşırıb.
Tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva da Şuşada ilk kitabxananın XIX əsrdə yaradıldığını qeyd edib: "Apardığımız araşdırma nəticəsində aydın olur ki, Şuşa Realnı Məktəbinin fransız dili müəllimi Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada müsəlman qiraətxanası adı ilə şuşalılar üçün yeni kitabxana açmışdır. Bəzi mənbələrdə qiraətxananın 3 il ərzində fəaliyyət göstərdiyi və kitab fondunun 500 nüsxəyə çatdığı da bildirilir. Şuşa əsrlərdən bəri xalqımızın mədəniyyət mərkəzi kimi tanınmış və ilk kitabxana kimi ilk kitab çapı da Şuşada baş tutmuşdur. Belə ki, o zaman Şuşada məktəb şəbəkəsinin genişlənməsi dərs kitablarına tələbatı artırmış və bu da öz növbəsində kitab çapını zəruri etmişdir. Dövrünün görkəmli şəxsiyyətlərindən, mütərəqqi ziyalılarından biri olmuş Mir Möhsün Hacı Seyid Əhmədoğlu Ağamirzadə Nəvvab Qarabaği (1832-1918) 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya) üsulu ilə kitab çap edən mətbəə təşkil etmiş və burada dərs kitablarını, özünün, eləcə də müasirlərinin bir sıra məcmuələrini, dini risalələri çap etmişdir". Kitab çapı genişləndikcə onların toplandığı və istifadə edilə biləcəyi bir məkana da ehtiyac duyulduğunu vurğulayan tədqiqatçı qeyd edib ki elm öyrənmənin, kitabın, mütaliənin əhəmiyyətini anlayan ziyalımız M.M.Nəvvab 1903-cü ildə Gövhər ağa məscidinin həyətində növbəti kitabxana-qiraətxananı da açıb: "Hətta mənbələrdə bu kitabxanada onun oğlu Miriş Ağanın da çalışması barədə məlumatlar qeyd edilib. Nəvvabın mətbəəsində çap edilən kitablar Şuşa kitabxanalarında mühafizə edilir və geniş oxucu kütləsinə təqdim olunurdu. Dövrünün alimləri həmin kitabxanalarda toplaşır və elm, təhsil, ədəbiyyat barədə müzakirələr aparırdı. Beləliklə, Şuşada elmi, mədəni, ədəbi mühit formalaşırdı".
Araşdırıcı Şuşada 1924-cü ildə şəhər kitabxanası təşkil edildiyini, ilk zamanlar kitabxananın 4875 nüsxə kitab fondu, 269 oxucusu olduğunu yazıb: "1938-ci ildə Şuşa şəhər kitabxanasının fondunda 4875 nüsxə ədəbiyyat, 269 nəfər daimi oxucu, Şuşa rayon kitabxanasının fondunda isə 12000 nüsxə ədəbiyyat, 695 oxucu var idi. Həmin ildə Şuşada uşaq kitabxanası da yaradılmışdır".
Ermənilər qədim və nadir kitabları yandırdılar, qiymətli nəşrləri məhv etdilər
1977-ci ilin mayında mədəniyyət nazirinin əmri ilə kitabxananın fəaliyyəti genişləndirilib və Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) kimi işlərini davam etdirib. O vaxt Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 1 mərkəzi kitabxana, 1 şəhər kitabxanası və 17 kənd kitabxana filialı daxil idi. Əhalisinin artması, oxucu tələbatının yüksəlməsi Şuşada yeni şəhər, uşaq və gənclər filiallarının yaradılmasını labüd etdi. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1 mərkəz, 31 kitabxana filialı ilə fəaliyyət göstərməyə başladı. 1991-ci ilin məlumatına əsasən, Şuşa Rayon MKS-də işçilərin sayı 103 nəfər, kitabxana fondunun ümumi həcmi 200 min nüsxə, oxucularının ümumi sayı 10 min nəfər idi.
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi bir sıra maraqlı tədbirlər hazırlayır, eləcə də respublika əhəmiyyətli "Xarıbülbül" Musiqi Festivalının keçirilməsində fəal iştirak edirdi.
1992-ci il mayın 8-də Şuşa rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində 32 kitabxana və həmin kitabxanalarda saxlanan qədim və nadir kitablar yandırıldı və qiymətli nəşrlər məhv edildi. Təcavüzkar ermənilər kitabxanalarımızı dağıtmaqla dövlətimizə 1 milyon 106 min manat ziyan vurdular.
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1993-cü ildə Bakı şəhəri Nərimanov rayonundakı bir binanın 3 otaqdan ibarət zirzəmisində öz fəaliyyətini davam etdirməyə başladı. Ağır şəraitdə öz vəzifəsini yerinə yetirən kitabxananın fonduna məxsus kitablar işğal zamanı məhv edilmişdi, nəşrləri Bakıya gətirə bilməmişdilər. Bərpa olunmuş kitabxana ziyalıların dəstəyi, səyləri ilə yeni kitab fondu ilə fəaliyyət göstərdi.
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin çətinliklə də olsa, yalnız 3 filialı işğaldan sonra fəaliyyətini bərpa etdi.
"Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında" adlı 2007-ci ildə işıq üzü görmüş ensiklopedik kitabda 2004-cü ildə kitabxana fondunun 11037 nüsxə, kitab verilişi 2370 nüsxə, oxucuların sayı isə 395 nəfər olduğu bildirilib. Həmin rəqəmlər 2005-ci ildə müvafiq olaraq 19000 nüsxə, 9800 nüsxə, 420 nəfər idi. 2015-ci ilin məlumatına əsasən, MKS-də kitab fondu 34912 nüsxə, oxucuların sayı 3871 nəfərə, kitab verilişi 49212-yə çatıb.
2020-ci ildə Vətən müharibəsində qazandığımız zəfərdən sonra başlanan və gündən-günə genişlənən tikinti-bərpa, quruculuq işləri nəticəsində Şuşanın keçmiş şöhrəti özünə qaytarılır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkədə "Şuşa ili" elan edilməsi xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edir.
Çox keçməyəcək ki, sakinləri Şuşaya dönəcəklər. Bu qədim şəhərdə həyat öz axarına düşəcək. Məktəblər, kitabxanalar, teatr binaları öz qapılarını elm öyrənmək istəyənlərin, mədəniyyət, incəsənət həvəskarlarının üzünə açacaq.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"