Azərbaycan Ermənistanın otuz ilə yaxın davam etdirdiyi işğalı müddətində daşı daş üstündə qoymadığı Qarabağ və Şərqi Zəngəzur ərazilərini yenidən abadlaşdırır.
2020-ci ildə Vətən müharibəsində işğalçı ölkənin silahlı qüvvələrini məğlub edərək böyük Zəfər qazandıqdan qısa müddət sonra dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, həmin ərazilərdə tikinti-bərpa, quruculuq işlərinə başlanıldı. O zaman düşmənin əsarətindən xilas etdiyimiz Qarabağın və Şərqi Zəngəzurun acınacaqlı mənzərələri - erməni vandalizminin izləri görənləri heyrətə gətirirdi. İnanmaq olmurdu ki, bu yerlərdə tezliklə həyat canlana bilər. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində reallaşdırılan işlər səmərəsini verdi. Erməni qəsbkarlarının talayıb məhv etdikləri yurdlarımıza keçmiş məcburi köçkünlərin qayıdışı başladı.
Erməni vandallarının Azərbaycana vurduğu mənəvi yaralar da ağır olub, maddi zərər də. Ancaq Qarabağın və Şərqi Zəngəzurun tamamilə bərpa olunması üçün dövlətimiz tikinti, quruculuq işlərini sürətlə davam etdirir. Artıq işğaldan azad olunmuş ərazilərimizdə yenidən salınmış kəndlərimizdə, rayonlarımızda, şəhərlərimizdə həyat əvvəlki nizamına qayıdır. Həmin yaşayış yerlərində indi məktəblər şagirdləri öz qoynuna səsləyir, yenə toy sədaları eşidilir, körpələr dünyaya gəlir.
Azərbaycan öz böyük Zəfərini dünyaya bəyan edir. Qarabağda, Şərqi Zəngəzurda ardıcıl olaraq beynəlxalq tədbirlər təşkil olunur. Dünyanın müxtəlif ölkələrindən bura gələn iştirakçılar qlobal əhəmiyyətli məsələləri müzakirə edirlər.
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Ötən il isə Qarabağın baş tacı Şuşa İslam dünyasının həm gənclər, həm də mədəniyyət paytaxtı olub. Belə ki 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına yekdil qərar verilib. Həmin il noyabrın 10-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş 11-ci iclasında Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Beləliklə, qədim Şuşa bir-birindən maraqlı və əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edib.
Ötən il daha bir əlamətdar hadisə baş verib. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025"in rəsmi açılış mərasimi keçirilib. Açılışda rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, beynəlxalq ekspertlər, həmçinin yerli və xarici media nümayəndələri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, bu qərar mühüm sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq göstəricisidir. O, Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacağını deyib: "2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur".
Tədbirdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək bildirib ki, bura gələndə anlayırdım ki, çox önəmli və dəyərli bir diyara doğru yola çıxmışıq. Bir çox mədəniyyət xadimi buradadır və bu da Laçının Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsinin bariz nümunəsidir: "Bizim üçün bu proqramın həyata keçirilməsi böyük sevinc doğurur. Mənə elə gəlir ki, bu proqram çox düzgün şəkildə və məqsədəuyğun olaraq icra olunur".
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğal illərində Laçında və digər ərazilərimizdə tarixi abidələrimizə qarşı vandallıq aktı törədildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 217 mədəniyyət, 101 təhsil və 142 tibb müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və bir çox sənaye obyektləri məhv edilib. 54 dünya əhəmiyyətli tarixi abidəyə və 200 yerli əhəmiyyətə malik abidəyə xeyli ziyan dəyib: "Torpaqlar azad olunandan dərhal sonra genişmiqyaslı tikinti və yenidənqurma işlərinə başlanıldı. Laçın da bu prosesdən kənarda qalmadı. Bu gün Laçın rayonunda 3491 nəfər yaşayır, o cümlədən 571 ailə birbaşa Laçın şəhərində məskunlaşıb. Onların rahat yaşayışı üçün bütün şərait yaradılıb".
Çıxışlardan sonra Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədova "Birliyin mədəniyyət paytaxtı" sertifikatı təqdim olunub.
Həmin gün Laçın şəhərində, Həkəri çayının sahilində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ili çərçivəsində möhtəşəm konsert proqramı keçirilib. Proqramda 7 ölkədən - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş bədii kollektivlər çıxış ediblər.
Müstəqil Dövlətlər Birliyinə üzv olan altı ölkədən 100-ə yaxın rəsmi nümayəndə və qonağın iştirak etdiyi tədbirin sonunda Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı - 2025" ili çərçivəsində möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Laçının səmasını bəzəyən möhtəşəm atəşfəşanlıq, səmada parlayan al-əlvan fişənglər tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Laçında keçirilən tədbir qalibiyyətimizin daha bir təntənəsinə çevrilib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"