Pambıq kəndin simasını, kəndlinin güzəranını
dəyişir
Pambıq hər zaman bu yerlərin ruzisi, bərəkəti
sayılıb. Onu təsadüfən "ağ qızıl” adlandırmayıblar. Taleyini torpağa, halal zəhmətə
bağlayan kəndli üçün pambıq yaxşı dolanışıq, xoş güzəran mənbəyi olub. Təəssüf ki,
bu gəlirli sahə 1990-cı illərin əvvəllərindən başlayaraq unudulmuş, sovet dövrünün
qalığı kimi ona arxa çevrilmişdi. Kənd təsərrüfatında bu strateji sahəni inkişaf
etdirməyə dövlət səviyyəsində uzun illər boyu maraq göstərilməmiş, zaman-zaman formalaşmış
pambıqçılıq mədəniyyəti tənəzzülə uğramışdı.
Sanki ögey münasibət torpağı da küsdürmüşdü.
Qayğı göstərilməyən, əkilib-becərilməyən, boş qalan geniş torpaq sahələri göz dağına
çevrilmişdi. Elə bil kəndlərə sükut çökmüşdü. Əli torpaqdan soyuyan kəndli nə edəcəyini,
nə iş görəcəyini kəsdirə bilmirdi. Gününü keçirmək, başını qatmaq üçün çayxanaya
üz tutan kəndlilər səhərdən axşama kimi nərd, domino oynayırdıar. Axşam evə cibi
boş, üzü qara qayıdan ailə başçısının nüfuzu oğul-uşaq yanında buz kimi əriyirdi.
Belə ağrılı bir zamanda Prezident İlham Əliyev
kənd təsərrüfatında ənənəvi sahələri, xüsusilə pambıqçılığı dirçəltmək, inkişaf
etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə çağırış etdi. Bu, ölkənin aqrar
sektorunda inqilaba bərabər dönüş oldu. Sanki kəndlərin üstünə gün doğdu, kənd camaatının
qırışığı açıldı.
Dövlət başçısının "ağ qızıl”ın şöhrətini
qaytarmaq barədəki çağırışı ölkənin hər yerində olduğu kimi, Tərtər rayonunda da
böyük rezonans yaratdı. Verilən tapşırıq və tövsiyələri yüksək səviyyədə yerinə
yetirmək üçün rayonda mövcud ehtiyat mənbələri, imkanlar bacarıqla səfərbər edilib
tələb olunan istiqamətə yönəldildi. Rayon icra hakimiyyətində fəaliyyət göstərən
qərargah böyük təşkilatçılıq funksiyasını uğurla həyata keçirirdi. Yavaş-yavaş işlər
sahmana düşür, əmək münasibətləri müasir zaman müstəvisində yeni forma və məzmun
kəsb edir, pambıqçılıqda qazanılacaq yüksək nailiyyətlərə etibarlı bünövrə qoyulurdu.
Təbii ki, həyata keçirilən məqsədyönlü təşkilat-təsərrüfat tədbirləri, çəkilən zəhmət,
axıdılan alın təri öz fərəhli bəhrələrini verir, Tərtər kəndlisi yeni hədəflərə
çatmaq üçün inamlı addımlar atırdı.
Son illərin nəticələrinə nəzər salsaq, Tərtər
rayonunda pambıqçılığın inkişaf dinamikası göz önündə canlanar. 2015-ci ildə rayonun
təsərrüfatlarında 550 hektar sahədə pambıq əkilmiş, 893 ton məhsul istehsal edilmiş,
hər hektarın orta məhsuldarlığı 16 sentner olmuşdur. 2018-ci ildə pambıq əkini sahələri
artırılaraq 3300 hektara, məhsul istehsalı 8196,5 tona, məhsuldarlıq isə 25 sentnerə
çatmışdır. Müqayisə edilən dövr ərzində rayonda pambıq əkini sahələri 6,2 dəfə genişlənmiş,
məhsul istehsalı 9,2 dəfə artmış, məhsuldarlıq 1,5 dəfə yüksəlmişdir. Əlbəttə, məmnunluq
yaradan bu rəqəmlərin ərsəyə gəlməsi dövlət səviyyəsində göstərilən davamlı qayğı
və diqqətin, rayon rəhbərliyi tərəfindən uğurla reallaşdırılan səmərəli təşkilat-təsərrüfat
tədbirlərinin və torpağa qırılmaz tellərlə bağlanan Tərtər kəndlisinin halal zəhməti
sayəsində mümkün olmuşdur.
Cəbhə bölgəsi olan Tərtərin özünəməxsus problemləri
var. Sərsəng su anbarının Ermənistan silahlı qüvvələri tərəfindən uzun zamandan
bəri işğal altında saxlanılması rayonun təsərrüfatlarının suvarma suyuna olan tələbatının
ödənilməsində kifayət qədər ciddi problemlər yaradır. Ermənilər əkinlərin suya ciddi
ehtiyac duyulduğu yay aylarında Tərtər çayının yatağına su buraxmamaqla əslində
iqtisadi təxribat törədirlər. Amma Tərtər kəndlisini dövlət darda qoymur. Prezident
İlham Əliyevin sərəncamları ilə son 5 ildə rayon ərazisində 62 subartezian quyusu
qazılmışdır. Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev
söhbət zamanı dedi ki, Meliorasiya və Su Təsərrüfatı ASC hər zaman bizim rayona
isti münasibət göstərir: "Mövcud subartezian quyularının daim işlək vəziyyətdə saxlanılması
üçün tələb olunan mal-materiallarla, ehtiyat hissələri ilə təminat yüksək səviyyədədir.
Hər bir müraciətimizə operativ cavab verilir, ehtiyaclarımız təxirə salınmadan ödənilir”.
Tərtərdə artıq qabaqcıl təcrübə məktəbi formalaşmışdır.
Bəyimsarov kəndində Fazil Vəliyev və Habil İbrahimovun, Köçərli kəndində Cahangir
Məmmədovun, Sarov kəndində Tofiq Paşayevin rəhbərlik etdikləri fermer təsərrüfatlarında
keçən il orta məhsuldarlıq 50-57 sentner arasında olmuşdur. İndi zümrüd libaslı
pambıq tarlalarında yenə də işlərin qızğın çağıdır. Bu il 3427 hektar sahədə pambıq
əkilmişdir. Rayonun fermerləri qazandıqları mövqeyi qoruyub saxlamaq üçün inamla
çalışırlar. Tarlaların becərilməsi, suvarılması, xəstəlik və zərərvericilərə qarşı
kimyəvi mübarizə tədbirləri aqrotexniki qaydalar əsasında həyata keçirilir.
Tərtər pambıqçılarının əməyini yüksək qiymətləndirən
Prezident bölgəyə səfəri zamanı demişdir: "Əgər 2015-ci ildə təqribən 30 min ton
pambıq yığılmışdısa, artıq bu gün, - hələ ki yığım davam edir, ilin sonuna qədər
davam edəcəkdir, - 190 min tondan çox pambıq tədarük olunub. Planlarımız isə ondan
ibarətdir ki, biz istehsalı artıraq, xüsusilə məhsuldarlıq hesabına. Ona görə hesab
edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır.
Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə burada
görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə
gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin.
Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki,
Tərtər o dəfə artıqlaması ilə çatdı”.
Tərtər Rayon İcra Hakimiyyətinin başçsısı
Müstəqim Məmmədov:
- Dövlət başçısının ənənəvi kənd təsərrüfatı
sahəsi olan pambıqçılığı inkişaf etdirmək barədə tapşırıq və tövsiyələrinin icra
edilməsi bölgələrdə sosial-iqtisadi yüksəlişə əhəmiyyətli təsir göstərir. Strateji
məhsul olan pambığın bolluğu ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, taleyini
torpağa bağlayan kənd əhalisinin faydalı məşğulluğunu, firavan həyatını, xoş güzəranını
təmin edir. Diqqət yetirin, əgər 2015-ci ildə rayon üzrə pambıqçılıqda çalışanların
saylı 2200 nəfər idisə, cari ildə bu göstərici 13708 nəfərdir. Bu, konkret iş yeri
kimi bir o qədər adamın qazanc mənbəyidir. Əvvəllər adamları pambıqçılığa cəlb etmək
üçün əziyyət çəkir, müxtəlif tədbirlər görürdüksə, indi bu sahədən götürülən gəlir,
maddi maraq prinsipi həlledici amilə çevrilib.
Tərtərlilər Qarabağ savaşında olduğu kimi,
əmək meydanında da qəhrəmandırlar. Yəni hədəflərə çatmaq, pambıqçılıqda daha yüksək
zirvələr fəth etmək üçün rayonun əmək qabiliyyətli hər bir sakini öz qüvvə və bacarığını
əsirgəmir. Halallıq sevən torpaq isə heç zaman borclu qalmır.
Lazım QULİYEV,
"Azərbaycan”