"Prezident İlham Əliyevin sözləridir: "Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi və başlıcası onun xoşbəxtliyi dayanır". Cənab Prezident vurğulayır ki, Azərbaycan sosial dövlətdir və biz bunu sözdə yox, əməlimizlə həyata keçiririk".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elman Nəsirov deyib. O bildirib ki, ötən 20 ildə dövlət büdcəsindən illik sosial müdafiə və təminatın həcmi 20 dəfədən çox artıb. Təkcə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra edilib.
Deputat qeyd edib ki, 4 milyondan çox vətəndaşı əhatə edən yeni sosial paketə 7 milyard manat vəsait ayrılıb. İslahatlar nəticəsində ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb. "2018-2023-cü illərdə Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 60 mindən 390 minə gəlib çatıb. Aylıq sosial müavinət alanların sayı isə 385 mindən 432 minə yüksəlib. Bunlar bir daha təsdiqləyir ki, cənab Prezidentin siyasətində əsas hədəf Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsidir. Eyni məqsədlə ölkə rəhbərinin bu il dekabrın 23-də əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı imzaladığı növbəti sərəncamla minimum əməkhaqqı 345 manatdan 400 manata yüksəlib, minimum pensiyanın məbləği isə 280 manatdan 320 manata qalxıb. Əməkhaqları ilə bağlı qərar yanvarın 1-dən, pensiya ilə bağlı qərar isə fevralın 1-dən qüvvəyə minəcək", - deyə o əlavə edib.
Siyasətçi bildirib ki, həmçinin müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Üç ay müddətində təkliflər Prezidentə təqdim olunacaq. Sərəncamda eyni zamanda dövlət tərəfindən maliyyələşən sahələrdə çalışan vətəndaşların aylıq vəzifə maaşlarının da artırılması nəzərdə tutulur ki, bu da minimum əməkhaqqının artırılmasına uyğunlaşdırılacaq. Bütün bunlar göstərir ki, dövlətimiz hər zaman vətəndaşların sosial rifahını, sosial məsələlərini ön planda saxlayır. Bu sərəncam da eyni məntiqdən qaynaqlanır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"