31 dekabr xalqımızın tarixində yaddaqalan, unudulmaz, şərəf və qürur dolu günlərdən biridir. Özündə milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə ürəkdən bağlılıq hisslərini təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Belə bir günün bayram kimi qeyd edilməsi dünyanın müxtəlif diyarlarına səpələnmiş soydaşlarımızın doğma Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, hansı ölkədə yaşamalarından asılı olmayaraq, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Xalqımız minilliklər boyu özünün tarixi torpağı olan Azərbaycan ərazisində yaşamış və bəşər sivilizasiyasının inkişafına böyük töhfələr vermişdir. Mütəxəssislərin uzun illər apardığı araşdırma və təhlillər sübut edir ki, yer üzündə yaşayan bütün xalqların milli varlığını, tarixi keçmişini və kimliyini şərtləndirən başlıca amillərdən biri də onun sarsılmaz birliyi, mütəşəkkilliyi və həmrəyliyidir. 1991-ci ildən başlayaraq Azərbaycan xalqı dekabr ayının 31-ni birlik və həmrəylik günü kimi bayram edir. Böyük sevgi və coşqu ilə keçirilən bu bayram hər şeydən əvvəl ürəkləri, qəlbləri, könülləri bir-birinə yaxınlaşdıran azərbaycançılıq ideologiyasına söykənir, ondan güc alır. Son illər aydın şəkildə görünür və duyulur ki, bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə, birliyinə təkan verən güclü bir qüvvəyə çevrilib. Hər birimiz üçün müqəddəs və əziz olan azərbaycançılıq ideologiyası ətrafında birləşən bütün soydaşlarımız qoynunda dünyaya göz açdıqları Vətənin inkişafına, onun dünya birliyindəki layiqli yerinin daha da möhkəmlənməsinə, tanınmasına, daim tərəqqi etməsinə, mədəniyyətimizin təbliğinə, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verməyi özlərinə mənəvi borc bilirlər. Bu mənəvi borcu yurduna, el-obasına böyük sevgi və məhəbbətlə yerinə yetirirlər.
Tarixin bütün dövrlərində milli birliyi formalaşdırmaq, müqəddəs amallar uğrunda mübarizənin önündə getmək üçün nadir şəxsiyyətlərə, bacarıqlı liderlərə ehtiyac duyulub. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün milli iftixar mənbəyinə çevrilmişdir. Dünyadakı bütün azərbaycanlıların həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin sevimli xalqını öz ətrafında birləşdirməyə qadir olduğunu bir daha nümayiş etdirdi. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın böyük əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sabahlara hesablanmış bu addımı ilə müqəddəs missiyasını həyata keçirən Ulu Öndər çoxmilyonlu azərbaycanlıları birləşdirmək amalının bünövrəsini qoydu.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın doğma Vətəni Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda dərinməzmunlu nitq söyləyən Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında dəyərli fikirlərini bildirmişdir. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürür mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Ulu Öndərin bu qiymətli kəlamları hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən böyük sevgi ilə qarşılanır. Zaman keçdikcə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sarsılmaz birliyimizin, həmrəyliyimizin rəmzinə çevrilərək hamımıza Zəfər sevinci yaşadır.
Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə dünyanın ayrı-ayrı şəhərlərindəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Bu təşkilatın yaradılması dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini həm gücləndirdi, həm də sürətləndirdi.
Ulu Öndər Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasətini Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən uğurla davam etdirir. Dövlət başçımızın rəhbərliyi altında bu gün dünyada milli həmrəyliyin ən mükəmməl, ən müasir modeli yaradılıb. Heç bir qüvvənin bu sarsılmaz birliyi, həmrəyliyi pozmağa gücü çatmaz. Azərbaycan xalqının sarsılmaz birliyi, həmrəyliyi dünya durduqca yaşayacaq və suverenliyimiz, müstəqilliyimiz daha da möhkəmlənəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"