05 Avqust 2024 19:53
450
Qəbullar
A- A+

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğuladı.

Dövlətimizin başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğuladı. Dövlətimizin başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirdi. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğuladı.

Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi duyduğunu bildirdi.

Səfir dövlətimizin başçısının Pakistana dövlət səfəri zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video