12 May 2026 15:27
4828
Tədbirlər
A- A+
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdilər.

Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.

İki hektar sahəni əhatə edən zonada isə “Media mərkəzi” ilə yanaşı, “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşir. “Media mərkəzi”ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. “Media mərkəzi”nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.

Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.

Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.

“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.

Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.

Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.

Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.

Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib  

13:16
27 Sentyabr

Əbədi ehtiram günü  

13:13
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

12:57
27 Sentyabr

Vətənlə qoşa anılan qəhrəmanlar  

12:48
27 Sentyabr

Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  

12:09
27 Sentyabr

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

11:56
27 Sentyabr

“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  

11:33
27 Sentyabr

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

10:51
27 Sentyabr

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

10:47
27 Sentyabr

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

10:45
27 Sentyabr

Anım Günü həm də vətən uğrunda fədakarlığın rəmzidir

10:25
27 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

10:19
27 Sentyabr

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

10:14
27 Sentyabr

Zəfərə aparan yol: milli iradə, dövlət gücü və tarixi yaddaş

09:43
27 Sentyabr

Bir dəqiqəlik sükut, əbədi ehtiram..

09:40
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

09:00
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:00
27 Sentyabr

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

23:52
26 Sentyabr

Hava şəraiti dəyişir: Dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

19:12
26 Sentyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB

18:13
26 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

18:06
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!