27 Sentyabr 2026 10:14
336
SİYASƏT
A- A+
27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün


27 Sentyabr Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüznün, həm qürurun, həm də milli iradənin rəmzi kimi yaşayır. Bu tarix xalqımızın 200 ildən artıq bir dövr ərzində yaşadığı işğalların, deportasiyaların, soyqırımların, məcburi köçkünlüklərin və ədalətsizliklərin fonunda başlayan 44 günlük Qəhrəmanlıq dastanının ilk səhifəsidir. 27 Sentyabr 2020-ci il həm də Azərbaycan xalqının taleyinin dönüş nöqtələrindən biri oldu. Həmin gün xalqımız bir daha göstərdi ki, torpaqlarının işğalı ilə barışmayacaq, öz tarixi torpaqlarını və ərazi bütövlüyünü bərpa etmək əzmindən geri çəkilməyəcək.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycan xalqının son iki əsrlik tarixi ağır sınaqlarla zəngindir. Bu dövrdə xalqımız torpaqlarının bir hissəsini itirib, deportasiyalara məruz qalıb, soyqırımları və kütləvi qırğınlarla üzləşib. 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızın qətlə yetirilməsi xalqımızın yaddaşında sağalmaz izlər buraxıb. 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər isə tariximizin ən faciəli səhifələrindən biri kimi yadda qalıb. “Çar Rusiyasının Cənubi Qafqazda apardığı siyasət regionda etnik qarşıdurmaların dərinləşməsinə və gələcək faciələr üçün zəmin yaranmasına səbəb oldu. Sonrakı dövrlərdə sovet hakimiyyətinin həyata keçirdiyi deportasiya siyasəti də xalqımızın faciələrini daha da ağırlaşdırdı. 1948-1953-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlının öz doğma yurdlarından deportasiya edilməsi xalqımıza qarşı həyata keçirilmiş növbəti böyük haqsızlıq idi. İnsanlar ata-baba torpaqlarından zorla çıxarılaraq Azərbaycanın müxtəlif bölgələrinə köçürüldülər. Uzun illər ərzində həmin torpaqlarda yaşamış insanlar bir gecədə öz ev-eşiklərindən, bağlarından, məzarlarından və doğma yurdlarından məhrum edildilər. 1980-ci illərin sonlarında isə növbəti deportasiya dalğası başladı. Ermənistandan yüz minlərlə azərbaycanlı didərgin salındı. Onlar illərlə qurduqları evlərini, təsərrüfatlarını, xatirələrini və doğma torpaqlarını geridə qoyaraq məcburi köç yoluna çıxdılar. Nəticədə Ermənistanın monoetnik dövlətə çevrilməsi prosesi başa çatdı”, - deyə deputat bildirib. 

1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələyə keçdiyini diqqətə çatdıran deputat deyib ki, xarici qüvvələrin dəstəyi ilə separatizm və silahlı qarşıdurma genişləndi. Azərbaycan xalqı öz doğma torpaqlarında ağır faciələrlə üzləşdi. Başlıbel, Bağanıs Ayrım, Ağdaban, Xocavənd və digər yaşayış məntəqələrində törədilən cinayətlər, dinc əhalinin qətlə yetirilməsi, insanların öz doğma yurdlarından qovulması yaddaşımızdan heç vaxt silinməyəcək. 

Bütün bu faciələrin içərisində Xocalı soyqırımının xüsusi yer tutduğunu vurğulayan A.Badamov əlavə edib ki, 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilən kütləvi qətliam Azərbaycan xalqının yaddaşında ən ağır faciələrdən biri kimi yaşayır: “Uşaqların, qadınların və yaşlıların da aralarında olduğu yüzlərlə dinc insanın qətlə yetirilməsi, insanların əsir götürülməsi və yaralanması insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. Bütün bunlar baş verərkən dünya ictimaiyyətinin reaksiyası isə Azərbaycan xalqını qane etmirdi. İşğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün illərlə aparılan danışıqlar nəticəsiz qalırdı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar təxminən üç onillik ərzində münaqişənin həllinə gətirib çıxarmadı. Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi ki, status-kvonun saxlanılması qəbuledilməzdir və işğalın davam etdirilməsi ilə barışmayacaq. Amma Mink qrupu Azərbaycanı işğalla barışdırmaq siyasətindən əl çəkmədi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin uzun illər icra olunmaması Azərbaycan cəmiyyətində haqlı narazılıq doğururdu. Dünya ictimaiyyətinin işğal faktına münasibətdə nümayiş etdirdiyi passivlik Azərbaycan xalqında beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğu barədə ciddi qənaət formalaşdırmışdı. Azərbaycan isə bütün bunlara baxmayaraq, müharibə arzusunda deyildi. Ölkəmiz uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistan işğal etdiyi əraziləri azad etməkdən imtina etdikcə, münaqişənin sülh yolu ilə həlli perspektivi də getdikcə uzaqlaşırdı”.

Deputat 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyul hadisələrini xatırladaraq,  Azərbaycan Ordusunun bu döyüşlərdə gücünü nümayiş etdirdiyini bildirdi. Buna baxmayaraq, Ermənistan bu mesajlardan nəticə çıxarmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumları 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Həmin gün Azərbaycan xalqının qarşısında tarixi bir sınaq dayanmışdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Xalq isə ordunun arxasında dayandı. “Azərbaycanın hər yerində səfərbərlik ruhu hökm sürürdü. Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlıqların qarşısında növbəyə düzülürdü. Arxa cəbhədə qalan insanlar da öz imkanları daxilində əsgərə, orduya və dövlətə dəstək verirdilər. Azərbaycan xalqı siyasi baxışından, sosial statusundan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bir yumruq kimi birləşdi. Dəmir yumruq məhz həmin milli birlik və iradənin simvoluna çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilər bir-birinin ardınca işğaldan azad edildi. Lakin xalqın gözündə bütün qələbələrin zirvəsi Şuşa idi. 8 noyabr 2020-ci ildə Azərbaycan Bayrağının Şuşada dalğalanması 30 ilə yaxın davam edən işğala vurulan ən böyük zərbələrdən biri oldu. Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi və siyasi müqaviməti faktiki olaraq qırıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, 44 gün ərzində Azərbaycan xalqı öz tarixinin ən parlaq səhifələrindən birini yazdı. Bu qələbənin qazanılması uğrunda şəhidlər də verdik, hərbçilərimiz arasında itkin düşənlər oldu, minlərlə insan yaralandı və qaziyə çevrildi. Hər bir şəhid ailəsinin, hər bir qazinin taleyi Azərbaycanın taleyinin ayrılmaz hissəsinə çevrildi. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən sosial dəstək genişləndirildi. Qazilərin müalicəsi və reabilitasiyası həyata keçirildi, yüksək texnologiyalı protezlər təmin edildi. YAŞAT Fondu vasitəsilə şəhid ailələrinin və yaralı hərbçilərin müxtəlif ehtiyaclarının qarşılanması istiqamətində mühüm işlər görüldü. Çünki şəhidlərin haqqı yalnız onların adını xatırlamaqla bitmir. Onların ailəsinə sahib çıxmaq, qazilərimizin yanında olmaq və onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur”, - deyə o bildirib.

A.Badamov vurğuladı ki, 27 sentyabrın Anım Günü elan edilməsi də məhz bu yaddaşın qorunmasına xidmət edir: “Hər il sentyabrın 27-də Azərbaycan xalqı şəhidlərini ehtiramla yad edir. İnsanlar şəhidlərin xatirəsi qarşısında baş əyirlər.Çünki 44 günlük müharibədə qazanılan Zəfər yalnız hərbi qələbə deyildi. Bu, həm də Azərbaycan xalqının milli iradəsinin, birlik və həmrəyliyinin nümayişi idi. Bu gün Qarabağda dalğalanan Azərbaycan Bayrağı həmin mübarizənin, həmin qələbənin və minlərlə şəhidimizin qanı bahasına əldə edilən Zəfərin rəmzidir.

Biz şəhidlərimizi unutmayacağıq. Onların adı Azərbaycanın tarixində əbədi yaşayacaq. Onların yazdığı qəhrəmanlıq dastanı gələcək nəsillərə ötürüləcək. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların doğmalarına səbir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. 27 Sentyabr – Anım Günü müqəddəs xatirə günümüzdür. Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq.Azərbaycan xalqı qalib xalqdır! Qarabağ Azərbaycandır!”


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

12:57
27 Sentyabr

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

11:56
27 Sentyabr

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

10:51
27 Sentyabr

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

10:47
27 Sentyabr

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

10:45
27 Sentyabr

Anım Günü həm də vətən uğrunda fədakarlığın rəmzidir

10:25
27 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

10:19
27 Sentyabr

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

10:14
27 Sentyabr

Zəfərə aparan yol: milli iradə, dövlət gücü və tarixi yaddaş

09:43
27 Sentyabr

Bir dəqiqəlik sükut, əbədi ehtiram..

09:40
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

09:00
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:00
27 Sentyabr

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

23:52
26 Sentyabr

Hava şəraiti dəyişir: Dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

19:12
26 Sentyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB

18:13
26 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

18:06
26 Sentyabr

Azərbaycanda investisiya baxımından maraq doğuran sahələr barədə fikir mübadiləsi aparılıb

17:32
26 Sentyabr

 Anım Günü xalqımızın milli birliyini və şəhidlərimizin əbədi qəhrəmanlığını yaşadan müqəddəs tarixdir

17:29
26 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb

17:18
26 Sentyabr

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib YENİLƏNİB

17:14
26 Sentyabr

Corc Rassell: İnanılmaz həftəsonu oldu

17:03
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!