27 Sentyabr 2026 13:13
91
SİYASƏT
A- A+
Əbədi ehtiram günü  

Əbədi ehtiram günü  


27 Sentyabr Azərbaycan tarixində həm böyük Zəfərə aparan yolun başlanğıcı, həm də Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdiyi gündür. Altı il əvvəl məhz bu tarixdə başlayan hadisələr xalqımızın taleyində yeni səhifə açdı. Otuz ilə yaxın işğal altında qalan torpaqların azadlığı uğrunda mübarizə 44 gün ərzində Azərbaycanın hərbi-siyasi tarixini dəyişən böyük Qələbə ilə nəticələndi. Bu gün sentyabrın 27-si ölkəmizdə təkcə müharibənin başladığı tarix kimi deyil, Vətənin ərazi bütövlüyü naminə həyatını fəda edən şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi Anım Günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü təsis edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını azad edilmiş torpaqlarda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən əsgər və zabitlərimizin xatirəsinə dərin ehtiram ifadə olunur.

2020-ci ilin sentyabrına aparan yol isə uzun və mürəkkəb idi. Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi təxminən 30 il işğal altında qalmış, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. Şəhər və kəndlər dağıdılmış, tarixi, mədəni və dini abidələrə ciddi ziyan vurulmuşdu. Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində uzun illər aparılan proses isə gözlənilən nəticəni vermirdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu tələblər illərlə icra edilmədi. Azərbaycan bütün bu müddətdə ərazi bütövlüyünün beynəlxalq hüququn prinsipləri əsasında bərpasını tələb edir, məsələnin sülh yolu ilə həllinə çalışırdı. Lakin danışıqlar prosesində irəliləyişin əldə edilməməsi, təmas xəttində və dövlət sərhədində davam edən hərbi təxribatlar vəziyyəti getdikcə daha da gərginləşdirirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini ağır silahlardan atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Həmin gün ölkədə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edildi. Beləcə, tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük mübarizə başladı.

Müharibənin ilk günündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti qarşıdakı mübarizənin əsas siyasi və mənəvi mesajını ifadə etdi. Dövlət başçısı çıxışını sonradan Zəfərin rəmzlərindən birinə çevriləcək sözlərlə tamamladı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Bu müraciət 44 günlük müharibə ərzində Prezidentin xalqa etdiyi müraciətlərin başlanğıcı oldu. Döyüşlər davam etdikcə azad edilən şəhər və kəndlər barədə xəbərlər ölkədə böyük ruh yüksəkliyi yaradır, cəbhədən gələn hər yeni qələbə xəbəri xalqın ordusuna inamını daha da artırırdı. Ön cəbhədə Azərbaycan əsgəri döyüşür, arxa cəbhədə isə milyonlarla insan eyni amal ətrafında birləşirdi.

Vətən müharibəsində qazanılan Qələbənin təməlində uzun illər ərzində aparılan dövlət və ordu quruculuğu dayanırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, nizami və güclü ordunun yaradılması əsas prioritetlərdən biri oldu. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət davam etdirildi, Silahlı Qüvvələrin maddi-texniki bazası yeniləndi, müasir silah və texnologiyaların tətbiqi genişləndirildi, hərbi qulluqçuların peşəkarlığının artırılmasına xüsusi diqqət göstərildi.

2020-ci ilin payızında illərlə görülən hazırlığın nəticəsi döyüş meydanında özünü göstərdi. Azərbaycan Ordusu mürəkkəb relyef və möhkəmləndirilmiş müdafiə xətlərinə baxmayaraq, bir sıra istiqamətlərdə irəlilədi. Döyüşlərin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri, Hadrut qəsəbəsi, yüzlərlə yaşayış məntəqəsi və strateji yüksəkliklər azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonar Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı, 44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu.

Qələbəyə aparan yol yalnız döyüş meydanından keçmirdi. 44 gün ərzində Azərbaycan cəmiyyəti böyük həmrəylik nümayiş etdirdi. İnsanlar orduya dəstək göstərir, könüllülər müxtəlif təşəbbüslərə qoşulur, həkimlər yaralıların həyatını xilas etmək üçün gecə-gündüz çalışırdılar. Müəllimdən həkimə, gəncdən yaşlıya qədər cəmiyyətin müxtəlif təbəqələri bir məqsəd ətrafında birləşmişdi. Dövlət, xalq və ordu birliyi həmin günlərdə sadəcə şüar deyil, real ictimai qüvvə kimi özünü göstərdi. Bu birliyin ən böyük mənəvi dayağı isə döyüş meydanında misilsiz şücaət göstərən Azərbaycan əsgəri idi. Hər azad olunan kənd, hər geri qaytarılan yüksəklik ağır döyüşlərin, böyük fədakarlığın nəticəsi idi.

Şəhidlər Vətənin ərazi bütövlüyü naminə həyatlarını fəda etdilər. Qazilərimiz sağlamlıqlarını itirmək bahasına döyüşərək xalqımızın qəhrəmanlıq salnaməsinə öz adlarını yazdılar. Məhz buna görə 27 Sentyabrın mənası yalnız bir hərbi əməliyyatın başlanğıcı ilə məhdudlaşmır. Anım Günü Zəfərin hansı qiymətə qazanıldığını hər il yenidən xatırladır. Bu tarix Azərbaycan ailələrinin Vətən qarşısında göstərdiyi fədakarlığın, şəhid analarının, atalarının, övladlarının və doğmalarının daşıdığı böyük mənəvi yükün ümumxalq yaddaşında yaşadılmasıdır.

44 günün hər biri Azərbaycan Ordusunun döyüş salnaməsinə yeni səhifə əlavə etdi.

Müharibə başa çatdıqdan sonra Prezident İlham Əliyev həmin günlərin tarixi əhəmiyyətini belə ifadə etmişdi: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi.

Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Vətən müharibəsinin nəticələri Azərbaycanın sonrakı inkişaf mərhələsini də müəyyənləşdirdi. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni avtomobil və dəmir yolları çəkildi, beynəlxalq hava limanları istifadəyə verildi, enerji, su və digər infrastruktur sistemləri quruldu, şəhər və kəndlərin yenidən salınması istiqamətində layihələr həyata keçirildi. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı başladı. Bu gün azad edilmiş ərazilərdə yüksələn yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər yalnız quruculuq prosesinin göstəricisi deyil. Onlar illərlə doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsinin ifadəsidir.Bir vaxtlar döyüşlərin getdiyi torpaqlarda həyat yenidən qurulur, dağıdılmış şəhər və kəndlər dirçəldilir. 

Altı il əvvəl başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında milli həmrəyliyin ən güclü nümunələrindən biri kimi yaşayır. Həmin günlərdə bütün ölkəni bir amal - torpaqların azadlığı birləşdirdi. Ön cəbhədə döyüşən əsgərin arxasında bütöv bir xalqın dayandığını göstərən bu birlik Zəfərin əsas mənəvi dayaqlarından oldu.

Bu gün 27 Sentyabrı anarkən həmin tarixin iki böyük mənası bir-birini tamamlayır. Bir tərəfdən, bu, Azərbaycanın Zəfərə doğru başladığı yolun ilk günüdür. Digər tərəfdən isə həmin Zəfəri mümkün edən insanların - Vətən uğrunda həyatını fəda edən şəhidlərin xatirəsinin qarşısında ehtiramla baş əydiyimiz gündür.

Şəhidlərin ömrü yarımçıq qalsa da, uğrunda döyüşdükləri Vətən bütövləşdi. Onların azad görmək istədikləri torpaqlarda bu gün Azərbaycan Bayrağı dalğalanır, insanlar öz doğma yurdlarına qayıdır, yeni həyat qurulur. İllər keçəcək, yeni nəsillər yetişəcək, Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər qurulacaq. Lakin 2020-ci ilin 27 sentyabrında başlayan yol və bu yolda canından keçənlərin xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Çünki Zəfərin tarixini yalnız azad edilmiş torpaqlar deyil, həmin torpaqlar uğrunda döyüşənlərin iradəsi, qəhrəmanlığı və Vətən sevgisi yazdı.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib  

13:16
27 Sentyabr

Əbədi ehtiram günü  

13:13
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

12:57
27 Sentyabr

Vətənlə qoşa anılan qəhrəmanlar  

12:48
27 Sentyabr

Azərbaycanın strateji məqsədinə nail olduğunu göstərən milli yaddaş günü  

12:09
27 Sentyabr

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub

11:56
27 Sentyabr

“Dəmir yumruğ”un Zəfər yürüşünün başlandığı tarix  

11:33
27 Sentyabr

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

10:51
27 Sentyabr

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

10:47
27 Sentyabr

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

10:45
27 Sentyabr

Anım Günü həm də vətən uğrunda fədakarlığın rəmzidir

10:25
27 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

10:19
27 Sentyabr

27 Sentyabr - Qəhrəmanlıq dastanının başladığı gün

10:14
27 Sentyabr

Zəfərə aparan yol: milli iradə, dövlət gücü və tarixi yaddaş

09:43
27 Sentyabr

Bir dəqiqəlik sükut, əbədi ehtiram..

09:40
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

09:00
27 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

08:00
27 Sentyabr

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

23:52
26 Sentyabr

Hava şəraiti dəyişir: Dolu düşəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ

19:12
26 Sentyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar YENİLƏNİB

18:13
26 Sentyabr

Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

18:06
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!