Təqvimlərdə 27 sentyabrdır...
Hər kəs sükuta dalır. Hər yer ecazkar, ilahi bir səssizliyə bürünür. Əllərimiz ürəyimizin üstündə, gözlərimiz göylərə dikilmiş halda bir dəqiqəlik əbədiyyətə yol alırıq. Bu sükut adi bir səssizlik deyil. Bu, fədakarlıq qarşısında baş əymək, haray çəkən səssizliklə o uca qəhrəmanların şanlı həyat hekayələrini dinləməkdir. Qulaqlarımıza bir andaca top-tüfəng səsləri gəlir, amma o “dəmir yumruğun”un nərəsi, “Vətən, sənə canım fəda!” hayqırtıları bütün ağrı-acıları, dəhşətləri üstələyir. Sıldırım qayaları yalın əllə aşan, düşmənə aman verməyən o cəsur oğullar gözümüzün önündən keçir.
Onlar cavan, gənc yaşlarında Tanrıdan verilmiş ömür paylarını bir an belə tərəddüd etmədən bütöv Azərbaycanın xoşbəxtliyinə bağışladılar. Sinələrini sipər edib, torpağı qanları ilə suvararaq ona Vətən möhürü vurdular. Bu gün Şəhidlər xiyabanlarında fotolardan bizə baxan o gülümsər simalar sadəcə xatirə deyil - onlar əbədiyyət üfüqündə doğan və heç vaxt batmayan günəşlərimizdir.
Ey uca şəhidlərimiz!
Siz olmasaydınız, bu gün Qarabağda ucalan körpə səslərinin, oxunan azanın, məktəbə tələsən övladlarımızın sevinci olmazdı. Sizin polad iradəniz sayəsində Xocalı qurbanlarının, vətənin bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin qisası alındı, ruhları dinclik tapdı.
Uca bayrağımız zirvələrimizdə məğrur-məğrur dalğalandı...
Vətən bütöv oldu…
Sonsuz torpaq sevgisi
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına sadəcə növbəti bir tarix kimi deyil, otuz illik həsrətə son qoyan milli iradənin, mənəvi dirçəlişin və şanlı Zəfərin başlanğıc nöqtəsi kimi həkk olundu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri ilə haqq savaşına atılan, ölümün gözünə dik baxaraq Vətənə canını sipər edən igidlərimiz bizə başıucalıq və tarixi zəfər bəxş etdilər.
Müharibənin ilk saatlarından etibarən düşmənin otuz il boyunca keçilməz hesab etdiyi, mühəndis-istehkam baxımından möhkəmləndirdiyi “Ohanyan xətti”ni yarıb keçən mərd oğullarımızın hər biri döyüş meydanında həqiqi qəhrəmanlıq dastanları yazdılar. Yağışa, palçığa, qara və şaxtaya baxmadan, dərin dərələrdən keçib sıldırım qayaları aşan döyüşçülərimiz üçün yalnız bir hədəf var idi: nə olursa-olsun, düşməni ana torpağımızdan qovmaq!
Bu 44 gündə göstərilən şücaət sonsuz Vətən sevgisinin təzahürü idi. Döyüş meydanında minaya düşən, qəlpə və güllə yaraları alan igidlərimizin çoxu tibbi yardımdan, arxaya təxliyə olunmaqdan qətiyyətlə imtina edirdilər. Yaralı-yaralı od-alovun, güllə yağışının içindən keçərək önə atılır, yoldaşlarını darda qoymur, düşmənin üzərinə şığıyırdılar. Murovdağ zirvələrindən Cəbrayıla, Füzulidən Zəngilana, Qubadlıdan Hadruta qədər hər qarış torpağımız məhz bu fədakarlığın, bu sarsılmaz iradənin sayəsində addım-addım, kənd-kənd azad olundu.
Müharibənin dönüş nöqtəsi, hərb tarixinin möcüzəsi sayılan Şuşa əməliyyatı isə Azərbaycan döyüşçüsünün hansı gücə, hansı ruha sahib olduğunu bütün dünyaya göstərdi. Dünya hərb mütəxəssislərini heyran qoyan bu əməliyyatda igidlərimiz ağır hərbi texnikanın keçə bilmədiyi aşılmaz Şuşa qayalıqlarına dırmaşdılar, sıldırımları fəth etdilər. Silah-sursat tükənəndə belə, yalın əllə, sadəcə qəlblərindəki Vətən sevdası, qisas yanğısı ilə düşməni məhv edib bayrağımızı Qarabağın ürəyində - Şuşada dalğalandırdılar. Şuşanın azad edildiyi gün həm də milli qürurumuz göylərə ucaldı.
Bu şanlı zəfərin qazanılması, torpaqlarımızın azadlığı üçün qəhrəman oğullarımız canlarını belə qurban verməkdən çəkinmədilər. “Biz bir öləriksə, min dirilərik” deyərək uca şəhidlik məqamına yüksəldilər.
O azman oğulların döyüş meydanında yazdıqları qəhrəmanlıq salnaməsi xalqımızın əbədi fəxarət mənbəyinə çevrildi.
Prezident İlham Əliyev 2021-ci il sentyabrın 27-də Anım Günü ilə bağlı müraciətində vurğuladığı kimi: “Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Ölkəmizin rəhbəri qürurla vurğuladı ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Əbədi ehtiramın təcəssümü
Məhz bu əbədi ehtiramın təcəssümü olaraq, 2021-ci ildə - Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgini, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.
Dövlət başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı ilə, Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi.
Həmin tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində də iştirak etdilər.
Bütün bunlar xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgini, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdi.
Qəhrəman oğullarımız, biz sizin uca şəhadətiniz qarşısında bir ömür boyu minnətdarlıqla baş əyəcək, adınızı təqvimlərin bir gününə deyil, qəlbimizə həkk edəcəyik. Nə qədər ki bu millət var, nə qədər ki üçrəngli bayrağımız zirvələrdə dalğalanacaq, siz daim Vətənlə, Vətən də sizinlə qoşa anılacaq.
Qanınızla yazdığınız Zəfər salnaməsi gələcək nəsillərimizə qürur və şərəf mənbəyi olacaq.
Əbədi ehtiram sükutumuzu və dua dolu minnətdarlığımızı qəbul edin...
Ruhunuz şad, məkanınız cənnət olsun!
Yasəmən MUSAYEVA,
“Azərbaycan”