Xüsusi üsulla emal olunmuş Koreya jenşeninin ilkin mərhələdə olan hipertoniyadan əziyyət çəkən şəxslərdə arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malik olduğu məlum olub. Cənubi Koreya və Kanadadan olan alimlər bitki əsasında hazırlanan iki preparatın təsirini araşdırdıqdan sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Klinik sınaqlarda yüksək təzyiqdən əziyyət çəkən 90 yetkin şəxs iştirak edib. Onlar təsadüfi qaydada üç qrupa bölünüblər. Birinci qrup ağ jenşen, ikinci qrup qırmızı jenşen əsasında hazırlanan preparatı, üçüncü qrup isə plasebo qəbul edib. Eksperiment 12 həftə davam edib.
Hər iki preparatın tərkibində qan damarlarının tonusuna təsir etmək qabiliyyətinə malik təbii maddə olan ginsenozid Rg3-ün konsentrasiyası artırılıb. İştirakçılar hər gün bu birləşmədən təxminən 40 milliqram qəbul ediblər.
Məlum olub ki, ağ jenşen qəbul edənlərdə yuxarı, yəni sistolik təzyiq orta hesabla 7,27 mm civə sütunu, qırmızı jenşen alanlarda isə 9,86 mm civə sütunu aşağı düşüb. Plasebo qrupunda isə bu göstərici, əksinə, 5,03 mm civə sütunu artıb.
Aşağı, yəni diastolik təzyiq də azalıb. Ağ jenşen qrupunda 5,27 mm civə sütunu, qırmızı jenşen qrupunda isə 6,32 mm civə sütunu geriləmə qeydə alınıb. Hər iki preparat plasebo ilə müqayisədə statistik baxımdan əhəmiyyətli üstünlüklər nümayiş etdirib.
Mütəxəssislərin fikrincə, tərkibində Rg3 maddəsinin miqdarı artırılmış jenşen preparatları arterial təzyiqə nəzarət etmək üçün əlavə vasitəyə çevrilə bilər.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”