Məğlub ölkədə hakimiyyətdaxili dəyişikliklər gözlənilir
Tamamilə iflasa uğrayan Ermənistanda sosial problemlər dərinləşir. Hətta işsizliyin və səfalətin gətirdiyi çətinliklər səbəbindən intihar edənlərin sayı da artıb. Hər il ölkədə 200-dən çox insan ağır həyat şəraiti səbəbindən intihar edir. Bu, Hayastanın təxminən bir kəndinin əhalisi qədərdir. Erməni sosioloqlar ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı narahatlıq keçirirlər.
Bildirilir ki, ötən il ərzində onsuz da əhalisi az olan ölkədə 100-dən çox intihar hadisəsi baş verib. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. İntiharların kökündə dayanan yeganə səbəb isə yoxsulluq, sosial sahədə yaranan problemlərdir.
Ancaq hakimiyyəti sosial problemlər maraqlandırmır. Baş nazir Nikol Paşinyanı başqa məsələ təşvişləndirir. O, Ermənistanda öz yerinə rusiyayönlü qüvvə və ya fiqurun gələcəyindən ehtiyat edərək, hələ də Qərbdən dəstək almağa, hakimiyyətini saxlamağa çalışır. Hakim Vətəndaş Müqaviləsi Partiyasında isə baş nazir Nikol Paşinyanın anti-Rusiya siyasəti ilə bağlı dərin, lakin səssiz fikir ayrılığı var, bu da siyasi təşkilatda parçalanmaya yol açır.
"4rd.am" nəşri yazıb ki, partiyadaxili cəbhələşmə, bir-birinə qarşı kompromat toplama əməliyyatları getdikcə şiddətlənir. Nikol Paşinyan və onun aparat rəhbəri uzun müddətdir ki, bütün nazirliklərin işini diqqətlə izləyir və bir sıra yeni işdən çıxarılmalarla bağlı qərar qəbul edilib: "Mənbəmizin sözlərinə görə, hələlik nazir və vilayət rəislərinə "əl vurmamaq" qərara alınıb. Əvəzində indi bəzi nazir müavinləri və idarə rəisləri "diqqətdədir". Söhbət administrasiyaya çağırılan, Yeni il və Milad bayramlarından sonra tutduqları vəzifələrdən azad ediləcəkləri məlumatını alan ondan çox rəsmidən gedir. Yeri gəlmişkən, bir neçə halda cinayət işi açıla biləcəyi ilə bağlı xəbərlər də yayılıb. Mənbəmiz bildirir ki, bütün bunlarda hakim partiya üzvü olan nazirlərin özləri misilsiz rol oynayır, uğursuzluqlarını müavinlərinin üstünə atırlar. İlkin məlumata görə, dəyişikliklər xüsusilə Maliyyə, Ərazi İdarəetmə və İnfrastrukturlar, İqtisadiyyat, Əmək və Sosial Məsələlər nazirliklərinə şamil olunacaq".
Rusiya ilə yaranan siyasi problemlər fonunda sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda demoqrafiya problemi də artaraq daha gərgin mərhələsinə qədəm qoymaqdadır. Görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, imkan düşdükcə xaricə köçənlər durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Hayastanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.
Yerli media yazır ki, hakimiyyətin vədlərinə baxmayaraq, son illər Ermənistandan mühacirət nəinki dayanmır, hətta sürətlənir. Hələ də gedənlərin sayı qayıdanlardan onlarla, hətta minlərlə daha çoxdur. Geri qayıtmayanlar mühacir cərgəsinə qatılanlardır.
Bildirilib ki, rəsmi məlumatlara görə, son üç ildə ölkəni tərk edənlər qayıdanlardan 138 min çoxdur. Bu, cəmi 2,9 milyon nəfər olan Ermənistan əhalisi üçün böyük rəqəmdir. Üç il ərzində ölkədən çoxlu insan gedib və bir daha geri qayıtmayıb. Söhbət sırf Ermənistan vətəndaşlarından gedir. Başqa ölkələrin vətəndaşları bura daxil edilmir. Vurğulanır ki, Ermənistan ermənilərdən boşaldılır, yer xaricilərlə doldurulur.
Erməni sosioloq Manvel Karepetyan deyib ki, Ermənistan ərəblərin, assirilərin və başqa xalqların vətəninə çevrilə bilər. Hətta son iki ildə qeydə alınan yüksək iqtisadi artım templəri belə insanların ölkəni tərk etməsinə mane olmur. Ermənilər gedir, xaricilər gəlir. Qeyd edilib ki, ötən il Ermənistana daha çox başqa ölkələrin vətəndaşları gəlib, lakin onlar artıq Rusiya vətəndaşı deyillər. Ukrayna ilə münaqişədən sonra Ermənistana köçən ruslar da gedir.
Belə olan halda məğlub Ermənistan ordusu şəxsi heyət sarıdan ciddi korluq çəkir. Əhali çatışmır və bu, ilk növbədə, özünü silahlı qüvvələrə çağırışda göstərir. Əslində, son üç ildir sərhəd xəttində Ermənistan hakimiyyəti mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Amma artıq bu da kara gəlmir. Reallıq odur ki, bu gün Ermənistanda silah daşıyacaq əsgər və zabit çatışmır.
Bu, bir daha təsdiqləyir ki, Ermənistan tam iflasa uğramış ölkədir.
Elçin CƏFƏROV,
"Azərbaycan"