Cənubi Qafqazda lider dövlət olan və gündən-günə daha da güclənən Azərbaycan yalnız regionda deyil, bütün dünyada sülhü, sübitliyi dəstəkləyir. 2020-ci ildə Ermənistanın növbəti təxribatı nəticəsində başlanan və 44 gün çəkən İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını qəsbkarlardan azad etdi. Qarabağ və Şərqi Zəngəzur ərazilərində Ermənistanın otuz ilə yaxın davam etdirdiyi işğala son qoydu.
Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə Qarabağı müharibə başa çatdıqdan sonra da tərk etməmiş, təxribatlar törətməkdə davam edən Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar məğlub oldu. Beləliklə, Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın niyyətini bir daha açıqladı: "Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər".
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistanın məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Bu gün də Fransa və digər ölkələr Ermənistanı açıq-aşkar silahlandırmaqla, müharibə əhvali-ruhiyyəsi yaratmağa cəhd göstərməklə Azərbaycanla sülh danışıqlarına zərbə vurmağa çalışırlar. Ancaq unudurlar ki, dünya ictimaiyyəti artıq həqiqəti daha yaxşı bilir. Əsl müstəmləkəçini, işğalçını tanıyırlar.
Heç zaman heç bir ölkənin daxili işlərinə qarışmayan, yalnız haqqı, ədaləti dəstəkləyən Azərbaycana qarşı rəsmi Parisin qərəzi, hiddəti də məlumdur. Elə bu il Fransa prezidenti Emmanuel Makron səfirlərlə görüşündə ölkəmizə qarşı növbəti dəfə əsassız iddialar, real faktları təhrif edən təxribat dolu açıqlamalar səsləndirdi. "Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb", - Emmanuel Makron dedi. Fransa prezidentinin çıxışı bütünlüklə cəfəng, yalan və böhtanlarla dolu idi. O, Azərbaycanın Fransanın daxili işlərinə qarışdığını iddia etməklə özünü daha da gülünc və aciz vəziyyətə saldı.
Fransa prezidentinin sözügedən çıxışına toxunan dövlətimizin başçısı İlham Əliyev Emmanuel Makronun Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürdüyünü vurğuladı: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb".
Prezident İlham Əliyev təəssüflə bildirdi ki, bu ölkədə təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Dövlət başçısı qeyd etdi ki, hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir: "Axı onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var". Prezident İlham Əliyev nəzərə çatdırdı ki, islamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir: "Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur. Üstəlik, erməni təsiri, erməni lobbisi və hər kəs erməni icmaları qarşısında fərqlənməyə və həm indi, həm də gələcəkdə hansısa dividendlər əldə etməyə çalışır, onlar başa düşürlər ki, hakimiyyətdə qısa müddətdə qalacaqlar, bəzilərində isə bu, ani xarakter daşıyır. Yəni gələcək üçün dəstək almaq və "mən sizdənəm" demək yəqin ki, həmin amillərdən biridir".
Müsahibə zamanı Azərbaycan-Fransa münasibətlərinin tarixinin qədim olduğu da vurğulandı. Dövlət başçısı bildirdi: "Mənə cənab Makrona qədər Fransanın üç prezidenti ilə işləmək və ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib. Əgər Avropa İttifaqına üzv ölkələri götürsək, yəqin ki, həmin dövrdə - indiki hakimiyyətə qədər onlar ən fəal münasibətlər olub, həm siyasi, həm qarşılıqlı səfərlər, həm iqtisadi, həm də mədəni sahələrdə. Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik".
Əslində, bu gün də qərəzli mövqe tutan, ölkəmizin uğurlarından narahat olan, maneələr yaratmaq üçün müxtəlif vasitələrə əla atan Fransa hökumətidir. Bunu ötən il dünyanın ən böyük və mötəbər tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibi seçilməsinə münasibətində də göstərdi. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ozamankı problemlərə toxundu. Qeyd etdi ki, daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi: "Hesab edirəm ki, bu tədbirə evsahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"