Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənəyə çevrilib. Dövlətimizin başçısının müsahibələri təkcə ölkəmizdə deyil, bütövlükdə dünyada böyük maraq kəsb edir, siyasətçilər tərəfindən yüksək dəyərləndirilir. Çünki Prezident müsahibələrində təkcə ölkəmizi deyil, bütövlükdə region və beynəlxalq ictimaiyyəti maraqlandıran olduqca əhəmiyyətli məsələləri əhatə edir.
Prezident İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibəsi də həm xalqımız, həm də dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Dövlətimizin başçısı ona ünvanlanan suallara cavab verərkən ilk günlərini yaşadığımız yeni ilin, yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlamasını verdi, xalqımız üçün qarşıda dayanan başlıca vəzifələrdən ətraflı söz açdı. Azərbaycanın həm dünyada, həm də regionda tutduğu layiqli yerini və daim artan nüfuzunu aydın şəkildə beynəlxalq aləmə göstərdi.
Məlum olduğu kimi, Fransa başda olmaqla, müəyyən Qərb ölkələri müxtəlif bəhanələrlə Cənubi Qafqaz regionunda möhkəmlənmək üçün bölgədə vəziyyəti gərginləşdirməyə istiqamətlənən bir sıra pozucu addımlar atır. Fransa ilə yanaşı, ABŞ, Almaniya və Hindistan istehsalı olan silahlar da İrəvana çatdırılır.
Dövlətimizin başçısı yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanın ön sırada Fransa olmaqla Qərb ölkələri, Amerika və başqa ölkələr tərəfindən mütəmadi olaraq silahlandırılması məsələsinə toxunarkən demişdir ki, Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil. "Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək".
Daim işğalçılıq və qəsbkarlıq siyasəti yürüdən Ermənistanın Qərb ölkələri tərəfindən müxtəlif silahlarla təchiz edilməsi bölgədə sülh danışıqlarına böyük zərbə vurur. Rəsmi İrəvan Qərb ölkələrindən aldığı bu silahlardan, verilən yalançı və şirnikdirici vədlərdən sonra müxtəlif bəhanələr uyduraraq danışıqlar masasına oturmaqdan boyun qaçırır. İki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri qəbul etmək istəmir. Əgər Ermənistan Qərb ölkələri tərəfindən silahlandırılmasa, yalançı vədlərlə aldadılmasa tez bir zamanda irəli sürülmüş sülh şərtləri ilə razılaşar və regiondakı gərginlik sona çatar. Amma göründüyü kimi, Qərb ölkələri Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda sülhə əngəl törədirlər.
Dövlətimizin başçısı yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmiz üçün çox vacib olan bu məsələyə də toxunmuşdur. Prezident İlham Əliyev demişdir: "Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri".
Prezident İlham Əliyev müsahibə zamanı Ermənistana Azərbaycanın regionda söz sahibi olduğunu, həmçinin 10 noyabr Bəyanatının müddəalarını da bir daha xatırladaraq bildirdi ki, biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.
Dövlətimizin başçısının yerli televiziya kanallarına verdiyi müsahibə bir çox mühüm ictimai və siyasi məqamları ilə yaddaşlara yazıldı. Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycanın daxili və xarici siyasətinin başlıca istiqamətlərini aydın şəkildə bir daha ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentin müsahibəsi Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu barədə aydın təsəvvürlər yaratdı.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"